Əsas Səhifə > Partiya, Güney Press > “Mütəllibovun Qərbi Azərbaycanlıları Bakıdan çıxarmaq qərarı düşünülməmiş addım idi”
“Mütəllibovun Qərbi Azərbaycanlıları Bakıdan çıxarmaq qərarı düşünülməmiş addım idi”17-12-2015, 11:23 |
Telman Orucov bir gecədə Şuşa şəhərindən minlərlə ermənistanlı qaçqının çıxarılmasına şəxsən rəhbərlik etmişdi Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Modern.az saytının suallarını cavablandırıb. - 1988-ci ildə azərbaycanlılar Ermənistandan deportasiya ediləndə belə fikirlər var idi ki, onlara qarşı ayrı-seçkilik, ikili standartlar tətbiq edilir. Məlumdur ki, həmin dövrdə Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov idi. Bu haqda siz nə düşünürsünüz? - 1988-ci il tariximizə təkcə ermənilərin Qarabağı tələb etməsi ilə düşmədi. Həmin il biz Azərbaycan türkləri tarixi torpaqlarımızın böyük bir parçasını - Qərbi Azərbaycan adlandırdığımız, zaman-zaman itirə-itirə gəldiyimiz 29,8 min kv. km-lik bir Ərazini, Vətəni, Torpağı, Yurdu itirdik... Hələ 20 Yanvar, Xocalı faciələri baş verməmişdi. Hələ Dağlıq və Aran Qarabağ Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunmamışdı. Hələ bir milyon nəfərə yaxın qaçqınımız, məcburi köçkünümüz yox idi. Hələ torpaqlarımızın 20 faizi işğal altında deyildi. Amma Qərbi Azərbaycanda – Ermənistan ərazisində, öz dədə-baba torpaqlarında azərbaycanlıların soyqırımı start götürmüşdü. Hər gün əlbəyaxa toqquşmalar, lokal münaqişələr, həbslər, təzyiqlər bir-birini əvəz edir, baş alıb gedirdi. Biz o vaxt bunu nəinki dünyaya, heç Azərbaycanın o vaxtki rəhbərlərinə, məmurlarına, dövlət və partiya işçilərinə, hətta bəzi sıravi vətəndaşlarına da başa sala bilmirdik. Ermənilərin tələbləri var idi. - Nə tələb edirdi ermənilər? - Ermənilər Azərbaycandan Qarabağı tələb edirdi. Qərbi Azərbaycanlılar isə Ermənistanda ermənilərə qarşı Qarabağ uğrunda mübarizəyə qalxmışdılar. Lakin o çətin vaxtlarda qərbi azərbaycanlılara nə Moskvadan, nə də Bakıdan heç kəs kömək etmədi, daha doğrusu, yuxarılar kömək etmək istəmədi, aşağılar isə kömək edə bilmədi. O vaxt Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov, Nazirlər Sovetinin sədri isə Ayaz Mütəllibov idi. Məhz o vaxtkı Azərbaycan rəhbərliyinin moskvapərəst və ermənipərəst mövqeyi üzündən Ermənistanda yaşayan soydaşlarımız köməksiz vəziyyətdə qaldı, onlara heç bir mənəvi dəstək göstərilmədi, Azərbaycandan göndərilən nümayəndə heyətləri erməni həmkarları ilə görüşüb, yeyib-içib geri döndülər, əksəriyyəti azərbaycanlı əhali ilə heç görüşmədi. Çünki onlara Bakıdan belə tapşırıq verilmişdi. Bundan ürəklənən ermənilər isə azərbaycanlıların üstünə ayaq açdılar, yavaş-yavaş hamısını ata-baba yurdlarından qovub çıxardılar. İndi bizimkilər durub 1988-ci il Qərbi Azərbaycan hadisələrinə deportasiya deyirlər. - Əgər deportasiya deyildisə, bəs nə idi? - Nə deportasiya? Dini və etnik mənsubiyyətinə görə, yüzlərlə insan ermənilər tərəfindən qətlə yetirilibsə, diri-diri yandırılıbsa, kəndlər hücumlara məruz qalıbsa, insanların evi-əmlakı zorla əlindən alınıbsa, yaxud od vurulub yandırılıbsa, bəzi yerlərdə mühasirədə qalan insanları erməni qətliamından ancaq ordunun və hərbi texnikanın köməkliyi ilə xilas etmək mümkün olubsa, bunun nəyi deportasiyadır, bu açıq-aşkar soyqırımıdır. O vaxtkı Azərbaycan hakimiyyəti nəinki bu prosesin qarşısını almadı, almaq istəmədi, üstəlik Azərbaycana pənah gətirən insanları Dağlıq Qarabağa, bəzi rayonlardakı erməni kəndlərinə buraxmadı belə. Bu barədə yüzlərlə fakt var, şahidlərin çoxu hələ də sağdır. Məsələn, o vaxt Mərkəzi Komitənin katibi Telman Orucov bir gecədə Şuşa şəhərindən minlərlə ermənistanlı qaçqının çıxarılmasına şəxsən rəhbərlik etmişdi. Ona görə də həmin hadisələrə görə tək Vəzirov, Mütəllibov yox, o vaxt Azərbaycan rəhbərliyində olan bütün məsul şəxslər də məsuliyyət daşıyırlar. Qərbi Azərbaycan qaçqınlarına qarşı ögey münasibət, ikili standartlar Vəzirovdan sonra 1990-cı ilin yanvarında hakimiyyətə gələn Mütəllibov dövründə də davam etdi. Xüsusilə Mütəllibovun qərbi azərbaycanlıları Bakı şəhərindən zorla çıxarmaq qərarı düşünülməmiş addım idi. - Sizin fikrinizcə, Vəzirov və Mütəllibov Qərbi Azərbaycanlılara qarşı ayrı-seçkilik siyasəti nədən qaynaqlanırdı? - Açıq etiraf etmək lazımdır ki, hər iki rejim qaçqınları respublikadakı çoxsaylı Qərbi Azərbaycanlıların sosial bazası, Qərbi azərbaycanlıları isə Ulu Öndər Heydər Əliyevin sosial bazası hesab edirdi. Qərbi Azərbaycan qaçqınlarını sıxışdırmaqla hakimiyyət Heydər Əliyevin sosial bazasını zəiflədəcəyini və onun siyasətə və hakimiyyətə qayıtmasını əngəlləyəcəyini düşünürdü. Məsələ bu qədər net və aydın idi. Haqsız da deyildilər. Mən vaxtilə bir müsahibəmdə də demişəm ki, biz Qərbi Azərbaycanlılar Ermənistanda hər gün ermənilərlə Azərbaycan və Heydər Əliyev uğrunda dalaşa-dalaşa, vuruşa-vuruşa böyümüşük. Düşmən içində böyüyən o insanlarda milli ruh çox güclü idi və biz gəlib burada ermənilərə qarşı isti münasibət göstərən, milli ruhdan uzaq bir hakimiyyəti qəbul edə bilmirdik və istər-istəməz siyasi proseslərin iştirakçısına çevrilir, Azərbaycanda demokratik hakimiyyət, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qoşulurduq. Cəsarətlə deyə bilərəm ki, Azərbaycanın elə müharibə bölgəsi yoxdur ki, oranın hər cığırında, səngərində Qərbi Azərbaycan qaçqınları şəhid verməsin. Biz bununla heç kəsə minnət qoymuruq. Bu, bizim vətən qarşısında övladlıq borcumuz idi. Amma biz-Qərbi Azərbaycan qaçqınları bu gün respublikada adına Qərbi Azərbaycan dediyimiz tarixi torpaqlarımız olan İrəvan, Göyçə, Zəngəzur və başqa mahallarımız uğrundakı mübarizəni qətiyyən yetərli hesab etmirik. Cənab Prezident İlham Əliyev “İndiki Ermənistan ərazisi bizim tarixi torpaqlarımızdır və biz mütləq o torpaqlara qayıdacağıq, bu, bizim strateji hədəfimizdir” – deyir. Amma müvafiq icra strukturlarının bu istiqamətdə fəaliyyəti görünmür. Xüsusilə qaçqınların qaçqınlıq statusunun məhdudlaşdırılması bizim həmin strateji hədəfə doğru addımlamağımızı əngəlləyir, yavaşıdır. Azərbaycanda Qərbi Azərbaycan qaçqınları ilə Qarabağ məcburi köçkünləri arasındakı status fərqini mütləq aradan qaldırmaq lazımdır. Arxasınca da başqa kompleks tədbirlər həyata keçirilməlidir. Bunu müstəqil Azərbaycan dövlətinin siyasi maraqları tələb edir, Qarabağ uğrunda mübarizənin perspektivi tələb edir. Geri qayıt |