Əsas Səhifə > Partiya, Güney Press > İqtidaryönlü deputatın söylədiyi bir cümlə geniş müzakirəyə səbəb olub;

İqtidaryönlü deputatın söylədiyi bir cümlə geniş müzakirəyə səbəb olub;


25-12-2015, 09:09
İqtidaryönlü deputatın söylədiyi bir cümlə geniş müzakirəyə səbəb olub;
İqtidaryönlü deputat Zahir Orucun parlamentin ilk iclasından sonra səsləndirdiyi bəzi fikirlər hələ də geniş müzakirə olunur. O qeyd edib ki, Milli Məclisdə daim etimadı doğrultmayan şəxslər olub.
Z.Orucun bu fikirləri bir aydır ki, ölkə cəmiyyəti və mətbuatında gündəm olub. İqtidaryönlü deputat etimadı doğrultmayan şəxslər dedikdə kimləri nəzərdə tutub? Hər kəsin cavabını axtardığı sual məhz budur. Müxtəlif cür fərziyyələr var. Çoxları hesab edir ki, Z.Oruc bu fikirləri qocaman deputatlar barədə səsləndirib, bir növ onların 4 və ya 5-ci dəfə mandat qazanmalarına bu formada etiraz edib. Bu fikirlərin Milli Məclisin yeni deputatları barədə səsləndirildiyini də düşünənlər az deyil. Deputat parlamentin iclaslarına qatılmayan, iclasların tez bitməsini istəyən üzvlərin də bostanına daş atıb.

Bütün bu suallara cavab tapmaq üçün iqtidaryönlü deputatın özü ilə əlaqə saxladıq. Z.Oruc geniş müzakirə doğuran bir cümlənin tarixçəsinə belə aydınlıq gətirdi: “Həmkarınız məndən deputatların əmək haqlarının qaldırılıb-qaldırılmayacağına münasibət soruşub. Orada söyləmişdim ki, Milli Məclisin və digər strukturların əsas vəzifəsi manatın dollar qarşısındakı devalvasiyasının nəticələrini aradan qaldırmaqdır. Bildirmişdim ki, belə bir vəziyyətdə deputatların maaşlarının qaldırılması cəmiyyətdə etirazlar və ittihamlarla qarşılanar. Qeyd etmişdim ki, parlamentin işinə töhfə verməyən, iclaslara qatılmayan, seçiciləri qarşısında öhdəliklərini yerinə yetirməyən deputatların maaşlarını kəsmək daha məqbul olardı. Nəinki əksinə addımlar atmaq. Bır sıra hallarda etiraf etmək lazımdır ki, bizneslə bağlantısı olan bəzi şəxslər həmkarımızdır. Bu fonda onların son devalvasiyadan qazandığına da şübhə yoxdur. O fikirlərə də aydınlıq gətirmişdik ki, kiminsə var- dövlətini saymaq fikrimiz yoxdur. Sadəcə, bildirmişdim ki, bu boşluqları doldurmaq üçün sürətli addımlar atmaq lazımdır. Niyyətimiz kimlərəsə qarşı olmaq, onların aldıqları maaşların əsaslı olub-olmamasını qabartmaq deyildi. Əsas ağırlıq yükünü ehtiyaclı insanlara yönəlik tədbirlər üzərində qurmuşdum. Bu mövqeyimdə yenə də qalıram”.

Z.Oruc fikirlərindən doğan müzakirələrə də aydınlıq gətirdi: “Hər bir fikrə hörmətlə yanaşıram. Fikirlərimə qarşı kimsə mövqe göstərəcəksə, normal qarşılayacam. Parlamentdə çoxfikirlilik tərəfdarıyam. İclasların debat, diskussiyalar şəklində keçməsini istəmişik. Bundan heç bir narahatçılığımız yoxdur. Niyyət deputatlar arasında qarşıdurma yaratmaq, qanunvericilik baxımından kimlərinsə məvaciblərinə qarışmaq deyil. Təəssüf ki, bu belədir. Kiminsə seçicisi yerinə özümüzü qoyub, onların fəaliyyətlərini dəyərləndirmək fikrindən də uzağıq. Bir daha bildirirəm ki, fikirlərimə əks fikir söyləyənlərin şəxsiyyətləri üzərindən hansı gəzişmələr etmirik. Niyyətimiz başlıca olaraq, bəzən parlamentdə kürəyimizin arxasından üzərimizə ciddi bir basqı ilə gələn və iclasları tez bitirməyə çalışan, siyasi diskussiyalara, debatlara girməyən, o cümlədən kiçik bir rolu olmayan insanlara mövqeyimizi göstərmək idi. Şükürlər olsun ki, parlamentin ümumi əmək haqqı fondunu, onun üzərindəki sərəncam vermə hüquqlarını daşımırıq. Amma orada da söyləmişdim ki, mandatı qazanmaqla iş bitmir. Cəmiyyətin rəğbətini qazanaraq, ona layiq olmaq gərəkdir. Formal bir Milli Məclisin heyətinə düşüb, orada hansısa bir əmək haqqına düşmək məsələnin rəsmi tərəfidir. Mənəvi tərəfi isə fəaliyyətlə bağlıdır”.

İqtidaryönlü deputat parlamentin iclaslarına qatılmayan üzvlər barədə də danışdı: “Gəlməyənlər var. Amma iclaslarda iştirak etmək məsələni həll etmir. Ən önəmli məsələ Milli Məclisin işində, ictimai-siyasi problemləri tribunlara daşımaqda, ölkənin beynəlxalq əlaqələrində rol oynamaqda, ölkə rəhbərinin yürütdüyü siyasəti cəmiyyətə çatdırmaqda, onu təqdim etməkdə rol oynamaqdır. Parlament üzvlüyü bunu özündə ehtiva edir”.

Geri qayıt