Əsas Səhifə > Partiya, Güney Press > Sərdar Cəlaloğlu ilə Hacı Əbdül arasında qalmaqal

Sərdar Cəlaloğlu ilə Hacı Əbdül arasında qalmaqal


29-12-2015, 09:16
Sərdar Cəlaloğlu ilə Hacı Əbdül arasında qalmaqal
“Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov modern.az saytına müsahibəsində ADP sədri Sərdar Cəlaloğlunu vəhhabi adlandırıb. Hacı Əbdül Sərdar Cəlaloğlunun mətbuatdakı dinlə bağlı çıxışlarına münasibət bildirərkən deyib ki, Sərdar Cəlaloğlu maskalanmış vəhhabidir:

“Sərdar Cəlaloğlu çox gözəl şəkildə maskalanmış vəhhabidir. Onun bütün ideyaları, danışıqları bunu deməyə əsas verir. Amma o, hərdənbir İslam barəsində xoşməramlı ifadələr səsləndirir ki, vəhhabiliyini gizlətsin. Halbuki Sərdar Cəlaloğlu sırf vəhhabidir.

Məni bu qənaətə gətirən səbəb budur ki, onun dedikləri, fikri, ideyaları vəhhabi ideyalarıdır. Vəhhabilər də deyir ki, nə peyğəmbər, o da bir insan olub, ölüb gedib...

Sərdar Cəlaloğlu deyir ki, müqəddəs bir şey yoxdur. O bildirir ki, bir dənə müqəddəs var, o da Allahdır. Qalanları isə hamısı günahkar bəndələrdir. Sərdar Cəlaloğlu bunu peyğəmbərlərə də, imamlara da aid edir. O vurğulayır ki, müqəddəs yoxdur. Sərdar Cəlaloğlu qeyd edir ki, bəndələr hamısı günahkardır. Hətta misal da çəkir ki, Adəm peyğəmbər günah işlətdiyinə görə cənnətdən qovulub. O, bu ştrixlərlə göstərir ki, vəhhabidir. Ancaq özünü gizlətmək cəhdləri də çoxdur. Bu adam vəhhabilərdən də təhlükəlidir. Vəhhabilər heç olmasa, açıq şəkildə öz əqidələrini bildirirlər. Bu isə özünü maskalayıb. Görün nə deyir. Deyir ki, mənim qabağımda filan alimin cildlərlə kitabları var və kitablarda nə qədər nöqsanlar var. Bu özünü elə aparır ki, guya din alimlərinin hamısından üstündür. Demək istəyir ki, İslam alimlərinin dünyada heç bir rolu yoxdur.

Mən Sərdar Cəlaloğlunun əqidəsindən danışdım. Sərdar Cəlaloğlu tövbə etsə, onu şallaqlamarıq.

Şallağı sonraya saxlayarıq. Sərdar Cəlaloğlu tövbəsini pozsa, onu şallaqlayarıq".
ADP sədrinin Hacı Əbdülə cavabı gecikməyib. Sərdar Cəlaloğlu bildirdi ki, Hacı Əbdül nə din xadimi, nə siyasi xadim, nə də ictimai xadimdir. Ona görə də bu adamın hansısa fikrini ciddiyə almağa ehtiyac yoxdur: “Hacı Əbdülün elmi, dini savadı mənim müsahibələrimdə, yazılarımdakı fikirləri qavramağa yetmədiyindən nə gəldi danışır. O, deyəsən, heç başa düşməyib ki, mən həmin fikirlərlə nəyi izah etmişəm. Mən demişəm ki, şiəlik səhvdir, sünnilik düzdür?! Desəydim ki, şiəlik səhvdir, sünnilik düzdü, o zaman məni vəhhabi adlandırmağı doğru olardı. Hərə bir təriqət yaradıb gedib yapışıb Quranın bir ayəsindən, özünə sərf edən şəkildə məna çıxarır, deyir, mən düz yoldayam. Bunların hamısı yanlışdır. Qurandan başqa yol yoxdur. Allahdan başqa alim yoxdur. Mən demişəm ki, şiəlik, sünnilik, vəhhabilik bir sözlə, bütün təriqətlər Allahın düz yolunun əyilməsidir. Hacı Əbdülün vəhhabilik təriqəti haqqında cəsarət edib demədiklərini demişəm. Vəhhabiliyin nə qədər yanlış olduğunu, İblisin yolunu tutduqlarını söyləmişəm.

Mənim dinlə bağlı dediyim fikirlər dünya alimləri tərəfindən təsdiqini tapmış fikirlərdir. Hacı Əbdül kimi yarımçıq dindar bunları çətin ki, dərk edə bilsin. Hacı Əbdülün insanları şallaqlaması əslində Allahın buyurduğuna qarşı çıxmaqdır. Cism Allahın insana əmanətidir və Allah buyurur ki, insanın cismini incitmək, zədələmək olmaz. Hacı Əbdül isə insanları yerə uzadıb şallaqla döyür.

İki gün öncə İranda bütün İslam dövlətlərinin liderləri İran prezidenti Həsən Ruhaninin başçılığı altında bir yerə toplaşaraq, məqaləmdə dediyim “Peyğəmbər aramızda olan kimi bütün məzhəblərdən imtina edək, İslamı birləşdirək” fikirlərini müzakirə ediblər. Ruhani də başda olmaqla, ora toplaşan bütün dünyanın din xadimləri Hacı Əbdül dediyi adamlardır. Dediyim fikirlər bir aydan sonra İranda işə başlayan İslam ölkələrinin dini rəhbərlərinin konfransında müzakirə olunub. Konkret olaraq məsələ belə qoyulub. “Gəlin təriqət və məzhəb fərqlərindən imtina edək, vahid İslamın dəyərlərini müdafiə edək.

İslam dünyasında qan tökülməsinin qarşısını alaq. Hacı Əbdül həddindən artıq dünyanın inkişafından geridə qalıb. Hacı Əbdülü tərəzinin bir gözünə, İrandakı həmin konfransda iştirak edən dünya alimlərini də digər gözünə qoyanda, baxın görün, kimin fikirləri doğrudur?! İndi bu Hacı Əbdül nə demək istəyir?! İslamı parçalayaq, insanları qarşı-qarşıya qoyaq?! Suriyadakı, İraqdakı kimi təriqət müharibəsi getsin?!”

Geri qayıt