Əsas Səhifə > Partiya, Güney Press > AXCP adı uğrunda məhkəmə çəkişməsi uzun sürəcək
AXCP adı uğrunda məhkəmə çəkişməsi uzun sürəcək8-01-2016, 09:27 |
Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyatı məsələsi müəmmalı olaraq qalmaqdadır. Ötən il sentyabrın 27-də Əli Kərimli qanadı, oktyabrın 18-də isə Razı Nurullayev qanadı qurultay keçirərək, Ədliyyə Nazirliyinə müraciət etsələr də, rəsmi qurum tərəflərin heç birini qeydiyyata almadı və məhkəməyə müraciət etmələrini tövsiyə etdi. Nazirliyin qərarından narazı qalan Nurullayev qanadı rəsmi qurumu məhkəməyə versə də, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin etməyib. Nurullayev qanadı indi də Apelyasiya Məhkəməsinə müraciət edib. Bu barədə müsavat.com-a R.Nurullayevin özü məlumat verib: “Biz sənədləri 1 saylı İnzibati-İqtisad Məhkəməsindən götürüb, Apelyasiya Məhkəməsinə təqdim etmişik. Amma hələ məhkəmənin vaxtı ilə bağlı bizə məlumat verilməyib. Xatırladım ki, Ədliyyə Nazirliyini qeydiyyata alınmamağımızla bağlı məhkəməyə vermişdik. Amma 1 saylı İnzibati-İqtisadi Məhkəməsi müraciətimizi icraata götürmədi və Apelyasiya Məhkəməsinə müraciət edə biləcəyimizi söylədi. Biz də buna uyğun hərəkət etdik”. Yeni AXCP-nin sədri qeydiyyat məsələsinin uzanmasına da aydınlıq gətirdi: “Bunu Ədliyyə Nazirliyi, hökumət qurumları daha yaxşı bilər. Amma hazırda məhkəmə çəkişməsidir. Bu uzun sürəcək. Yaxın aylar ərzində məhkəmə çəkişmələri davam edəcək. Apelyasiya Məhkəməsinin cavabından sonra daha aydın fikir söyləyə bilərik. Hüquqi qeydiyyatın nə zaman olacağını bilmirəm. İstənilən halda məhkəmə çəkişməsidir və bu çəkişmədə sona qədər varıq. İndiyə qədər hələ heç bir məhkəmə prosesi olmayıb. Qarşı tərəfin, yəni keçmiş AXCP-nin məhkəməyə müraciət edib-etməməsi ilə bağlı məlumatsızam. Hesab edirəm ki, Əli Kərimli qanadı bununla bağlı heç bir iş aparmır. Ümumiyyətlə, onların mövcudluğunu görə bilmirəm. Qeyri-müəyyən vəziyyətə qalmaqda davam edirlər. Hüquqi təmsilçilikləri yoxdur. Artıq deyə bilərik ki, eyni statusdayıq. Onların fəaliyyətləri yalnız sosial şəbəkələrdə paylaşdıqları statuslarda görünür. Get-gedə daha da zəifləyəcəklər. Bir qurumun arxasında sosial baza yoxdursa, sonu belə olmalı idi. 2016-cı il bir çox siyasətçilərin, o cümlədən Əli Kərimlinin siyasətinin iflası ilidir”. Nurullayev məhkəmə müstəvisində qeydiyyata alına biləcəkləri ehtimallarından da danışdı: “Düşünürəm ki, məhkəmə bununla bağlı qərar qəbul edə bilər. Xeyrimizə qərar qəbul ediləcəyinə inanıram. Nə zaman qərar veriləcək, dəqiq bilmirəm”. Qeyd edək ki, Nurullayevin tərəfdarlarından Mikayıl Quliyev şikayəti əsasında həbs edilən Əli Kərimlinin müşaviri Məmməd İbrahimin məhkəməsində şikayətini geri götürüb. Bundan sonra sosial şəbəkələrdə belə iddialar ortaya atılıb ki, şikayətin geri götürülməsinə R.Nurullayev səbəb olub. Bunu gələcək baxımından tərəflər arasında barışıq mühitinin yaradılacağı kimi qələmə verənlər də var. Müsahibimiz bu iddialara da cavab verdi: “Mikayıl bəyin ərizəsini geri götürməsindən xəbərdar oldum və bunun üçün ona təşəkkür də etdim. Gözəl addım atdı. Məmməd İbrahimin həbsdə qalmasının tərəfdarı deyiləm. O, azadlığa qovuşmalıdır. Onun azadlığa çıxması üçün biz tərəfdən ziddiyyətli məqam ola bilməz. Əgər Mikayıl bəyin bu addımı işə müsbət istiqamətdə təsir edəcəksə, sadəcə, çox sevinərik”. Geri qayıt |