Əsas Səhifə > Partiya, Güney Press > Hökumətin anti-böhran planı:

Hökumətin anti-böhran planı:


12-01-2016, 09:09
Hökumətin anti-böhran planı:
Dünənki müşavirə ötən ilə daha realist qiymət verməklə hökumətin fəaliyyətini anti-böhran tədbirləri istiqamətində səfərbər edə biləcək.

Bunu Axar.az-a Prezidenti İlham Əliyevin nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqini şərh edən millət vəkili Zahid Oruc deyib. Deputat 2015-ci ilin sonlarına doğru başladılmış mühüm xəttin daha kəskin bir şəkildə davam etdiriləcəyini açıqlayıb:

“Prezident qarşıya konkret vəzifələr qoyub. Dünyanın əksər ölkələrində 2015-ci ilin sonu, 2016-cı ilin əvvəli çox ciddi qayğı və tələblərlə başlayıb. Çin kimi daimi iqtisadi inkişaf tempi olan bir ölkədə ciddi problemlər yaşanırsa, ABŞ-da düz 100 il əvvəlki birjalarda katirovkalar təkrarlanırsa, bu o deməkdir ki, iqtisadiyyatı inteqrasiya edən ölkələrdə proses oxşar gedir. Bu mənada dünənki müşavirə çevik mexanizmlərin yaradılması, mümkün fəsadların azaldılması istiqamətində tədbirlərin sürətləndirilməsi kimi başa düşülməlidir. Prezident kifayət qədər açıq mesajlar verib. Yəni struktur islahatları bu işin önündə gedir. Ayrı-ayrı qurumlar bəzən iqtisadi proseslərə müsbət təsir əvəzinə, müxtəlif maraqlar üzündən ziyan vururlar. Bu, özlüyündə ticarət mühitinə təsir edir, qiymət qalxmaları doğurur, inhisarçılıq törədir, vətəndaşları müxtəlif təşəbbüslərindən məhrum edir. Dünənki müşavirə məhz ötən ilə daha realist qiymət verməklə hökumətin fəaliyyətini anti-böhran tədbirləri istiqamətində səfərbər edə biləcək”.

Z.Oruc bildirib ki, manatın kursunun sabitliyinin qorunub saxlanılması üçün tədbirlərin həyata keçirilməsi ən önəmli prioritetlərdən biridir:

“Bu, bir neçə istiqamətdə aparılacaq. Süni qiymət artımları yönündə cəhdlər ortadadır. Spekulyantlar öz maraqları naminə bundan faydalanmağa çalışacaqlar. Ona görə də neft amilindən Azərbaycan milli valyutasının asılılığını azaltmaq, iqtisadiyyatın şaxələnməsini təmin etmək üçün mühüm tədbirlər qaçılmazdır.

Daxili istehsalın qaldırılması, tədbirlərin aqrar sfera üzərində daha güclü şəkildə yönləndirilməsi, o cümlədən, idxal və ixracın şəffaflaşdırlması ön plandadır. Dolların bahalaşması istənilən məhsulun maya dəyərinə təsir göstərir. Bu amildən sığortalanmaq üçün vətəndaşlar ağırlığı öz çiyinlərinə götürməyə hazırdırlar, yetər ki, onlara maneə törədilməsin”.

Millət vəkilinin sözlərinə görə, hökumətin fəaliyyət planında aparılan dəyişikliklər öz nəticəsini verəcək və bir sıra yeni qərarlar alınacaq:

“Maaş və əmək haqlarının artırılması imkan yaradacaq ki, əhalinin devalvasiyadan zərər çəkən təbəqəsinin problemlərini qapatmaq mümkün olsun. Paralel şəkildə, təkcə inzibati mexanizmlər, prokurorluq orqanları və İqtisadi İnkişaf Nazirliyinin xətti ilə deyil, prosesə hüquqi mexanizmlərlə təsir göstərməklə ölkənin iqtisadi həyatında ahəngdarlığı yenidən təmin etmək mümkün olacaq. Prezidentin əzmi, kifayət qədər inamlı mesajları 2015-ci ilin sonlarına doğru başladılmış mühüm xətti daha kəskin şəkildə həyat keçirməyə imkan verəcək. Bir sözlə, Azərbaycanda yeni bir inkişaf mərhələsinin başlanğıcı qoyulacaq”.

Qeyd edək ki, yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Geri qayıt