Əsas Səhifə > Partiya, Güney Press > Bulanıq suda balıq tutmaq istəyənlər...
Bulanıq suda balıq tutmaq istəyənlər...18-01-2016, 09:12 |
Ötən ilin əvvəlindən başlayaraq dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması neft ixrac edən ölkələrin gəlirlərini azaldıb. Bu isə həmin ölkələrin iqtisadiyyatına təsirsiz ötüşməyib. Bu dövlətlərin milli valyutaları dollar qarşısında nisbətən ucuzlaşıb, devalvasiya, qiymət artımı baş verib. Geosiyasi səbəblərdən qara qızılın qiymətinin təxminən 4 dəfə ucuzlaşması digər neft ixrac edən ölkə kimi Azərbaycan iqtisadiyyatında da özünü büruzə verib. Manat devalvasiyaya uğrayıb, dollar bahalaşıb və təbii olaraq xaricdən ölkəmizə idxal olunan bəzi məhsullarda qiymət artımı müşahidə olunub. Əfsuslar olsun ki, radikal müxalifət təmsilçiləri üzləşdiyimiz bu durumdan sui-istifadə etməyə, insanlarda təşviş yaratmağa, 1990-cı illərin əvvəlindəki xaos və anarxiyanı xalqa yenidən yaşatmağa çalışırlar. Azərbaycanda bu günə qədər keçirilən bütün seçkiləri uduzan, xalqın etimadını və səsini qazana bilməyən Azərbaycan Xalq Cəbhəsi (AXCP) və Müsavat (MP) partiyalarının rəhbərliyi müvəqqəti iqtisadi çətinlikdən divident qazanmaq, hansısa narazı insanı öz tərəfinə çəkmək, bununla dağılan sosial bazalarını qurmağa çalışmaq, siyasi ambisiyalarını, şəxsi maraqlarını reallaşdırmaq istəyirlər. Misal üçün son günlər Lənkəran, Füzuli, Ağcabədi, Ağsu və Siyəzən rayonlarında baş verən hadisələri göstərmək olar. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumata görə, təkcə Siyəzən rayonunda ictimai qaydanı kobud surətdə pozan aksiya iştirakçıları hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmayaraq nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına səbəb olan qanunazidd hərəkətlər törədiblər. Həyata keçirilən ilkin prosessual araşdırmalarla məlum olub ki, Siyəzən, Lənkəran, Füzuli, Ağcabədi, Ağsu şəhər və rayonlarında törədilmiş, ölkədə ictimai asayişin pozulmasına hesablanmış qanunazidd əməllər AXC və Müsavat partiyalarının fəalları, həmçinin bir sıra radikal və dini ekstremist qüvvələr tərəfindən təşkil edilib. Bu fakt onu göstərir ki, radikal müxalifət bulanıq suda balıq tutmaq həvəsindən hələ də əl çəkməyib. Onu da əlavə edək ki, yanvarın 13-də elə bu məsələlərlə əlaqədar, MP-nın başqanı Arif Hacılı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. BMCMİ-nin rəisi, polis generalı Seyfulla Əzimov A.Hacılı ilə görüşərək, son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən etiraz aksiyalarının təşkilində MP-nın rolu barədə məlumatlar olduğunu diqqətinə çatdırıb, bununla əlaqədar partiya sədrinə xəbərdarlıq edib. Elə həmin gün AXCP Lənkəran rayon şöbəsinin sədri Nazim Həsənli və MP Lənkəran rayon təşkilatının sədri İmanverdi Əliyev barəsində inzibati həbs qərarının verilməsi də radikal müxalifətin baş verən hadisələrdə qızışdırıcı rolunun olduğunu sübut edir. Radikal müxalifətin bu davranışı ilə bağlı mövqeyini “Kaspi”yə bildirən Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı baş verənləri antimilli hərəkət kimi qiymətləndirib. Deyib ki, radikal müxalifətin bu davranışı dövlətin zəiflədilməsinə yönələn aksiyadır. O, bir neçə gün bundan öncə partiyasının Siyəzəndən aldığı dəqiq məlumatları diqqətə çatdıraraq deyib ki, bu rayondakı aksiya Müsavat Partiyası tərəfindən təşkil olunub: “Düzdür, həmin vaxt Müsavat başqanı Arif Hacılı bunu təkzib etdi. Lakin həm bizim o zaman aldığımız dəqiq məlumatlar, həm də sonradan hüquq-mühafizə orqanlarının yaydığı xəbərlər göstərdi ki, Arif Hacılı tamamilə yalan danışır. Bunlar riyakarlıq edirlər. Əgər sənin sosial bazan, siyasi gücün varsa, aksiya keçirirsənsə, niyyətin təmizdirsə, bunu niyə inkar edirsən? Sənin məqsədin Azərbaycanda demokratiyaya, insanların həyat tərzinə hər hansı formada töhfə verməkdirsə, dürüst şəkildə bəyan et ki, aksiyanı mən təşkil etmişəm. Amma biz bunun əksini görürük, onlar gizlənirlər. AXCP və Müsavat partiyaları, həmçinin müxtəlif təşkilatlarda toplaşan dini-siyasi ekstremistlər Azərbaycandakı siyasi sabitliyi pozmağa çalışırlar. Bu, birmənalıdır. Belə insanlar Azərbaycanda antimilli qüvvə kimi fəaliyyət göstərir, antiAzərbaycan şəbəkənin içində yer alır, vahid mərkəzdən idarə olunurlar. Onlar Azərbaycanı Suriya, Yəmən, İraq, Liviyanın gününə salmaq istəyirlər. Bu səbəbdən də hüquq-mühafizə orqanları kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan qanunları çərçivəsində çox sərt tədbirlər həyata keçirməlidirlər. Heç kimə güzəşt edilə bilməz. İmkan verməli deyilik ki, Azərbaycan fəlakət, münaqişə və müharibə meydanına çevrilsin. Bütün hallarda bu kimi aksiyaların qarşısı alınmalıdır”. Millət vəkili radikal müxalifətin, ekstremist qüvvələrin qanunsuz hərəkətlərinin, anti Azərbaycan fəaliyyətinin qarşısının alınması ilə paralel olaraq, süni qiymət artımını həyata keçirən möhtəkirlərin də cəzalandırılmasını vacib sayıb. Deyib ki, şərəfini, ləyaqətini, vicdanını pula satan insanlar süni qiymət artımı yaratmaqla insanlar arasında narazılıq yaradır, radikal ekstremistlərin də bundan yararlanaraq aksiyalar təşkil etməsinə zəmin yaradırlar: “Belələrinin yaratmış olduğu süni bahalaşma insanlarda narazılıq doğurur, onları radikal müxalifətin siyasi məqsədləri üçün vasitəyə çevirir, aksiyalara təhrik edir. Paralel şəkildə buna rəvac verən, süni bahalaşma yaradanlarla da mübarizə aparılmalıdır ki, xaricdən Azərbaycana qarşı yönəldilən planlar həyata keçməsin. Hüquq-mühafizə orqanları bu istiqamətdə də lazımi tədbirlər görməlidirlər”.\\kaspi.az\\ Geri qayıt |