Əsas Səhifə > Partiya, Güney Press > Partiya qurmaqdan imtina edən Zahid Oruc:

Partiya qurmaqdan imtina edən Zahid Oruc:


6-02-2016, 10:25
Partiya qurmaqdan imtina edən Zahid Oruc:
“Bitərəflik qeyri-siyasi mənsubiyyətlilik demək olsa da, hansısa bir platformanı, dövləti kursunu müdafiədən bizi kənarlaşdırmır. Partiyasız halda belə? bu gün millət vəkili statusu ilə ölkənin ictimai-siyasi hadisələri ilə bağlı mövqelərimizi ortaya qoya bilirik. Hər hansı ideoloji bir savaşda iştirak edir, beynəlxalq münasibətlərə dair münasibətlərimizi açıqlayırıq”.

Bu sözləri deputat Zahid Ourc modern.az saytına verdiyi açıqlamasında bildirib. Zahid Oruc Ana Vətən Partiyasından ayrıldıqdan sonra hansısa siyasi partiyaya qatılmaq, yaxud özünün partiya yaratmağı barədə də danışıb.

“ Keçmişdə mənə müəyyən siyasi partiyalara qatılmaq təkliflər ilə müraciətlər ediblər. Amma onların hər birinə ayrı-ayrılıqda hörmətimiz var. Yenə də çox sadə şəkildə mövqeyimizi izah etməyə çalışmışıq.

Partiya quruculuğunun özünəməxsus çətinlikləri və öhdəlikləri var. 1990-cı illərdən sonra əksər siyasi partiyalar müəyyən şəxslərin siyasi ambisiya və iddialarına görə yarandı. Ancaq onların böyük bir qismi siyasi tarixin gedişində assimilyasiyaya uğrayıb sıradan çıxdılar. Başqaları isə bu gün nominal bir ölçüdə mövcuddurlar. Onlar da siyasi politoloji ədəbiyyatlarda “qovluq partiyaları” kimi tanınır”.

Zahid Oruc hesab edir ki, əgər siyasi arenada mübarizə apara bilməyəcəksənsə, heç əvvəlcədən də partiya qurmaq işinə başlamağa dəyməz :

“Möhtəşəm binaları seçib orada hansısa izdihamlı giriş nitqləri edib, insanlara təqdimat keçirib, nizamnamə və məramnamələri qəbul etdikdən sonra siyasi arenada mübarizə apara bilmirsənsə, partiyanı yaratmağa da dəyməz.

İlk növbədə ölkədə hakim partiyadan kənarda 2-ci və 3-cü hakim partiya yaratmaq mümkün deyil. Hətta bizdə bu sarıdan Rusiya modeli belə, işlənmir.

Səbəblər odur ki, əksər insanlar artıq öz yollarını, mövqelərini seçiblər. Digər tərəfdən də hakimiyyətin kursunu müdafiə edən digər iqtidaryönlü partiyaların üzvləri də çoxminli deyil. Belə partiyalara əsasən karyera pilləkənlərində qalxa bilməyən müəyyən şəxslər üz tuturlar. Əgər sənin yürütdüyün siyasət hakimiyyətin yürütdüyü siyasətlə bağlıdırsa, daha bundan ötrü niyə də fəaliyyət hakim partiyada olmasın?

Bu gün ölkədə respublika miqyaslı xalq partiyası qurmaq üçün kifayət qədər böyük maliyyə vəsaiti lazımdır. Bölgələr üzrə dayaq dəstəli yaratmaq, inzibatçılıq və ştat heyətlərini qurmaq elə də asan bir iş deyil. Bunlar büdcədən siyasi partiyalara verilən vəsaitlə həyata keçirilə bilməz”.

Deputat bildirib ki, bu gün heç bir siyasi istiqamətlərdə demokratik idarəçilik forması qorunub saxlanıla bilmir: “Demokratik idarəçilik modeli bu gün nə müxalifət, nə də başqa siyasi partiyaların daxilində qorunub saxlanıla bilir. Rəhbər belə istəyir , başqandan sonra filankəs başqan olmalıdır.

Əli Kərimli 22 ildir bir partiyanın rəhbərliyində olmalıdır. Bununla yanaşı, kimlərisə də qeyri-demokratiklikdə ittiham etməlidir. Əslində Əli Kərimli fərqinə varmır ki, elə ən böyük avtoritarlardan birinə çevrilib.

Artıq o , əsgərsiz komandir vəziyyətinə düşüb. Zahid Oruc olaraq bütün bunları nəzərə alıb, indiki statusda siyasi fəaliyyət göstərməyi daha üstün tutdum. Parlament üzvü də özünəməxsus bir mövqedir. Burada da ictimai fəaliyyət üçün geniş bir cəbhə var. Ona görə də nə partiya quruculuğunu istədim, nə də özümə olan dəvətləri qəbul etdim. Lakin təbii ki, gələcək dövrdə hər şey ola bilər”.

Geri qayıt