Əsas Səhifə > Cəmiyyət, Manşet > Ayaqyolu açılışı ilə gündəmə gələn icra başçısı haqda yeni ittihamlar
Ayaqyolu açılışı ilə gündəmə gələn icra başçısı haqda yeni ittihamlar6-05-2016, 10:37 |
Son günlərin «qəhrəmanı»na çevrilən Beyləqanın icra başçısı Vaqif Abdullayev artıq camaat tərəfindən bir sıra adlara layiq görülüb. Bu barədə JAM.AZ-a rayondan məlumat veriblər. Qeyd edək ki, Yaponiya səfiri ilə tualet açılışı təşkil etdiyinə görə, günün «qəhrəmanı»na çevrilən icra başçısı, məsələyə hələ də aydınlıq gətirməyib. Üstəlik, həmin açılış mərasimi ilə bağlı məlumatlar İcra Hakimiyyətinin rəsmi saytında da yayımlanıb. JAM.AZ xəbər verir ki, Beyləqan camaatı ayaqyolu açılışı təşkil edən icra başçısından yolları düzəltməsini də istəyirlər. Onlar deyirlər ki, uzunmüddətdir rayonun mərkəzi də daxil olmaqla, yollar bərbad gündədir və onların asfatlanması üçün zəruri olan bütün addımlar atılıb. Lakin büdcədən vəsait ayrılmasına rəğmən, hələ də toz-torpaq içində boğulmaqda olan beyləqanlılar sonradan biliblər ki, məsələ heç də onların düşündükləri kimi deyilmiş. Bildirək ki, Beyləqan rayonunun mərkəzi sözün həqiqi mənasında müharibə zonasını xatırladır. Çünki hər addımda qazılmış «səngər»lər, quyular insanları yolun bu üzündən o biri üzünə keçməsinə əngəl olur. Qışda palçıq dizə çıxır, yaydasa toz əlindən nəfəs almaq ayrı bir müsibətə çevrilir. Rayondan JAM.AZ-a verilən məlumatda deyilir ki, Vaqif Abdullayev yolların bu vəziyyətdə qalmasından məmnundur, hətta bu, onun maraqlarına cavab verir. Çünki icra başçısı yol məsələsini özünün əsas qazanc yerinə çevirib. Hazırda rayonun mərkəzindəki bəzi küçələrin asfaltlanması prosesi həyata keçirilir. Di gəl, bu asfalt döşənməsi prosesi heç bir standratla uyğun gəlmir. Məsələn, döşənmiş asfaltın eni heç bir maşının normal şəkildə hərəkət etməsi üçün yetərli deyil. Yəni, yolun eni böyük olsa da, döşənən asfalt yalnız bir maşın üçün nəzərdə tutulub. Vaqif Abdullayevin bu işlərdən necə qazanc etdiyinə gəldikdə isə qeyd edək ki, burada əsas məsələ sənədləşdirmədən ibarətdir. Belə ki, Beyləqanda yollara döşənən asfaltın qalınlığı sənədlər üzərində 8 sm göstərilsə də, reallıqda qalınlıq 3-4 sm-dən o yana keçmir. Bu isə o deməkdir ki, ayrılmış pulların yarısı elə bu yolla da «özünküləşdirilir». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri qayıt |