Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağcabədidə ata və oğulun milyonluq məcarası

Ağcabədidə ata və oğulun milyonluq məcarası


20-06-2016, 11:26
Ağcabədidə ata və oğulun milyonluq məcarası
Ağcabədi rayonunda baş verən qanunsuzluqlar artıq hədd və hüdud tanımır. JAM.AZ xəbər verir ki, əksər idarə və müəssisə rəhbərlərinin büdcə vəsaitlərini talan etməsi isə adi hala çevrilib. Elə bu səbəbdəndir ki, rayonda ata və oğulun birgə əməliyyatlarından xəbərdar olmayan yoxdur.
Bildirək ki, Ağcabədi Subartezian Quyularının Təmiri İdarəsinin rəisi Əli Əliyev, Şəhər İcra Nümayəndəliyinin rəhbəri işləyən oğlu Aqil Əliyevlə birlikdə təkcə iki il ərzində büdcə vəsaitlərinə divan tutublar. JAM.AZ xəbər verir ki, 2014-2015-ci illərdə ata və oğulun müxtəlif adlar altında aldıqları pulların məbləği kifayət qədər böyükdür. Məsələn, Ağcabədi Şəhər İcra Nümayəndəliyinin rəhbəri olan Aqil Əliyev təkcə 2014-cü ildə abadlıq işləri adı altında 61200 manat pulu «Monolit-Tikinti» MMC-nin əliylə «abadlaşdırıb». Ardından isə yolların təmiri üçün ayrılmış 715220 manat pulu «FƏRİD» MMC-nin əliylə «təmizə» çıxararaq, istifadə edib.
Qeyd edək ki, Aqil Əliyevin «əməliyyat»ları bununla bitməyib və 2015-ci ildə də davam edib. JAM.AZ-ın araşdırmaları zamanı bəlli olub ki, icra nümayəndəsi abadlıq işləri adı altında «TAC-2014» MMC-yə 481625,32 manat pul ayrılmasına nail olub. Ağcabədi 33 saylı Yol İstismar İdarəsinə isə daxili yolların təmiri adı altında 714968 manat pul ayrılsa da, idarə müdiriylə icra nümayəndəsi şərikli şəkildə hərəkət edib.
Maraqlı məqamlardan biri odur ki, Aqil Əliyev təkcə abadlaşdırma və ya yolların çəkilməsindən deyil, elə daşdan da, ərzaqdan da pul çıxarmağı bacaran oğuldur. Elə bu səbəbdəndir ki, Ağcabədi İcra Nümayəndəliyinə ərzaq məhsullarının alınması üçün ayrılmış 83405 manat vəsait fiziki şəxs Müşfiq Əhmədovun ayağına yazılsa da, onu nə görən olub, nə də bilən. Beləliklə, onu bildirək ki, oğul Əliyev təkcə iki il ərzində ayrılmış 2056418 manat vəsaitlə necə «məzələnib»sə, bu gün də onun səsi çıxmaqdadır.
JAM.AZ xəbər verir ki, Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev də oğlu Aqil Əliyevdən geri qalmayan şəxsdir. Daha doğrusu, ata-bala baş-başa verib, rayonda bildiklərini etməklə məşğul olurlar. Əli Əliyev də 2014-2015-ci illərdə bir sıra şirkətlərin əliylə «nağdlaşdırma» prosesini həyata keçirməyə nail olub. Məsələn, iki il əvvəl «ESR İNŞAAT» MMC-nin əliylə ata Əliyev təmir adıyla 12 min manat, avadanlıqların alınması adı altında isə 9600 manatı özünə «cibxərcliyi» edib.
Amma Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinin rəisi başqa bir şirkətlə də anlaşaraq, onların əliylə də bir xeyli vəsaiti «silməyə» nail olub. JAM.AZ xəbər verir ki, Əli Əliyevin əməkdaşlıq etdiyi «Mexaniki Təmir Servis Quraşdırma Müəssisəsi» MMC qısa müddətdə təmir işləri üçün ayrılmış bir dəfə 17992 manatı, bir dəfə də 6688 manatı «yuyucu tozdan» keçirib. Ardından da avadanlıqların alınması adı altında 40654 manatı, cari təmir işləri adı altında isə 40290 manatı «sterlizə» edib.
Rayon sakinləri bildirirlər ki, son iki ildə ata və oğul Əliyevlər büdcənin 2183642 manatını necə «təmizləyiblər»sə, «parıltısı» bu gün də «göz çıxarır». Onların qənaətinə görə, qeyd olunan işlərə toplam 500 min manat pul xərclənməyib. Yerdə qalan hissənin isə Ağcabədinin icra başçısı Şahin Məmmədov, onun sağ əli və şəriki kimi tanınan Əliyevlər tərəfindən «çirkə» çıxarılıb.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt