Əsas Səhifə > Cəmiyyət, Manşet > Ağstafada səhiyyədə özəl qaydalar...

Ağstafada səhiyyədə özəl qaydalar...


14-07-2016, 11:13
Ağstafada səhiyyədə özəl qaydalar...
Qəzetimizin ötən saylarında Ağstafa rayon səhiyyə sisteminin son vaxtlar olduqca ağır duruma düşməsinin bəzi səbəblərinə dair tənqidi materiallar dərc olunmuşdu. Bu xüsusda aldığımız məlumatlarda mənbələr bir çox problemlərin Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) keçmiş baş həkimi Elşad Məmmədovdan miras qaldığını bildirirlər. Digər tərəfdən də RMX-nın indiki baş həkimi İlham Mustafayevin fəaliyyəti də yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmir. Qeyd etmək lazımdır ki, rayondan aldığımız məlumatlarda Ağstafa səhiyyə sisteminin ən zəif nöqtələrindən birinin də RMX-nın doğum şöbəsi olduğu vurğulanır. Bildirilir ki, əslində bu şöbə artıq bir neçə müdətdir ki, Ziba Məmmədovanın ailəsi tərəfindən faktiki olaraq “özəlləşdirilmişdir” və indinin özündə də ailə podratı prinsipi ilə idarə olunmaqdadır.

Məlum olduğu kimi, şöbənin keçmiş baş həkimi Ziba Məmmədova hələ iki il əvvəl şöbədə baş vermiş ölüm hadisəsindən sonra işdən azad olunmuşdu. Qeyd edək ki, həmin vaxt bu hadisə barədə ölkə mətbuatında dərc olunmuş məlumatlarda ətraflı açıqlamalar da təqdim edilmişdi: “Doğum şöbəsinin həkimləri baş həkimin “planı”nı doldurmaq üçün xəstələrə normal xidmətdən yayınmağa başlamışlar. Bu isə ağır fəsadlara yol açıb. Martın 2-də Ağstafa Rayon Mərkəzi Xəstəxanasında 1988-ci il təvəllüdlü Təranə Əhmədova qeyseriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Martın 3-də isə, ana dünyasını dəyişib. Bundan sonra Səhiyyə Nazirliyi işə müdaxilə edib. Baş vermiş ölüm hadisəsi təhlil edildi. Ciddi nöqsanlar üzə çıxdı. Nazirliyin Doğumayardım komissiyası iclas keçirdi və qərar qəbul etdi. Doğum şöbəsinin müdiri Ziba Məmmədova tutduğu vəzifəsindən azad edildi. Digər bir neçə həkimlərə xəbərdarlıq olundu, töhmət verildi...” Qeyd edək ki, əldə etdiyimiz məlumatlarda Təranə Əhmədovanın Poylu bələdiyyəsi sədrinin gəlini olduğu bildirilir (bir daha Allah rəhmət eləsin!).

Lakin bununla məsələ bitmədi. Bir müddət sonra, bir başa Səhiyyə nazirinin əmri ilə işdən çıxarılmış Ziba Məmmədovanın yerinə, nazir müavini Nigar Əliyevanın səyləri nəticəsində, Ziba xanımın doğma bacısı Aidə xanım təyinat aldı. Buna qədər isə, Ziba xanım həmin şöbədə həkim-ginekoloq kimi çalışırdı. İndi isə, bacılar sadəcə olaraq yerlərini dəyişiblər. Yəni Ziba Məmmədova artıq həkim-ginekoloq, Aidə xanım isə, baş həkim vəzifəsini daşıyırlar. Lakin mənbələrin bizimdovr.az-a verdiyi məlumatda deyilir ki, şöbənin faktiki olaraq idarə olunması, indinin özündə də Ziba Məmmədova tərəfindən həyata keçirilir. Bu xüsusda mənbələr iddia edirlər ki, bacılar doğuşların qəbulunda əsil monopoliya yaradıblar. Belə ki, burada doğuş üçün konkret qiymətlər müəyyənləşdirilib və ana olmaq istəyənlərdən həmin pul alınmadan pasient şöbəyə buraxılmır. Qiymətlər isə belədir ki, qeysər üsulu ilə doğuş həyata keçirmək istəyən analar bunun üçün 500-600 manat pul ödəməlidirlər. Təbii doğuş isə 400-500 manata başa gəlir. Üstəlik, bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu, şirinlik adı ilə əlavə hörmət də etmək lazımdır.
İndi isə, Ağstafa Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinin “tarixi” barədə ən maraqlı bir faktı diqqətinizə çatdırmağn əsil vaxtıdır. Sizcə, Ziba Məmmədovadan əvvəl bu şöbəyə rəhbərlik edən şəxs kim olub? Bəlkə də, daha diqqətli oxucularımız yazının əvvəlində işlətdiyimiz “əslində bu şöbə artıq bir neçə müdətdir ki, Məmmədovlar ailəsi tərəfindən faktiki olaraq özəlləşdirilmişdir” ifadəsini nəzərə alaraq, bu sualın cavabını artıq təxmin ediblər. Əlbəttə ki, başqa variant ola da bilməz. Ziba Məmmədovadan əvvəl bu şöbəyə rəhbərlik edən şəxs onun doğmaca anası olub. Göründüyü kimi, redaksiyamıza açıqlama verən mənbələrin şöbənin “özəlləşdirilməsi” barədə səsləndirdikləri fikirlər heç də əsassız deyil...

Qarşı tərəfin də mövqeini işıqlandırmağa hazırıq.

Geri qayıt