Əsas Səhifə > Cəmiyyət, Manşet > "Nə icra nümayəndəsi baxır, nə Qazax İcra Hakimiyyətindən gəlib maraqlanan var..."

"Nə icra nümayəndəsi baxır, nə Qazax İcra Hakimiyyətindən gəlib maraqlanan var..."


27-07-2016, 11:12
"Nə icra nümayəndəsi baxır, nə Qazax İcra Hakimiyyətindən gəlib maraqlanan var..."
Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Quşçu Ayrım kəndində su problemi yaşanır. Bu barədə Sputnik-ə kənd sakini Nuru Hacıyev məlumat verib.

Onun sözlərinə görə, insanların ən böyük problemi içməli və suvarma suyudur. Dəfələrlə əlaqədar təşkilatlara şikayət və təkliflərini bildirsələr də, məsələ hələ də öz həlli yolunu tapmayıb.

"Nə icra nümayəndəsi baxır, nə Qazax Rayon İcra Hakimiyyətindən gəlib maraqlanan var. Nümayəndəmiz arvad-uşağını da götürüb şəhər mərkəzində qalır, nə gəlir, nə gedir. Taleyin ümidinə qalmışıq, o da başımızdan güllə yağdırır", — Nuru Hacıyev deyib.

Kənd sakini daha sonra bildirib: "Yolumuz güllənin ağzındadır, evdən şəhər mərkəzinə sarı yol çıxanda arvad-uşaqla sağollaşır, nəzir-niyaz deyirik ki, bəlkə geri qayıda bilmədik. Yolumuzun, sənəd üzərində də olsa, yarısını düzəldiblər, ancaq su problemimiz həll olunmayıb".

"Bulaqlar, arxlar ağzı günə yatır. Əkin-tikin eləyə bilmirik, qapıdakı torpağımız boş qalıb. Yuxarıda da dediyim kimi, icra nümayəndəmiz şəhər mərkəzində yaşayır, necə dolandığımızı, nə təhər yaşadığımızı bilən yoxdur. Beş-on ailəyik bu kənddə — yetim qalmışıq", — o əlavə edib.

Nuru dayı onu da qeyd edib ki, qabaqlar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərlə bərabər onlara da çörək pulu verirmiş, sonralar kəsilib: "Çörəkpulunu bizə Qazax Rayon İcra Hakimiyyətinin işçiləri çatdırırdılar. Bilmirəm niyə, 2006-cı ildən sonra çörəkpulumuzu da kəsdilər. Nə düzəldi, nə dəyişdi ki, belə elədilər? Axı, heç bizim əkin sahəmiz belə yoxdur. Olsa belə, suyumuz, elə şəraitimiz yoxdur ki, nəsə əkib-becərəsən".

"Güllə altında kim işləyəcək?! Hər gün atırlar, hər gün… Evlərin damında tutar qalmayıb, yamamaqdan ölmüşük", — deyib N.Hacıyev.

Geri qayıt