Əsas Səhifə > Cəmiyyət, Manşet > Maliyyə şöbəsinin bulaşdığı maxinasiya...

Maliyyə şöbəsinin bulaşdığı maxinasiya...


16-08-2016, 11:12
Maliyyə şöbəsinin bulaşdığı maxinasiya...
Məlum olduğu kimi, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin suvarma sistemləri və mexaniki suvarma idarələri magistral kanallardan, eləcə də digər su mənbələrindən qəbul edilən suyun Sudan İstifadəedənlər Birliklərinə verilməsini həyata keçirir. Respublikada mövcud 1319 min hektar suvarılan sahədə yerləşən suvarma sistemlərini, onların üzərindəki qurğuların və nasos stansiyalarının, dağ çaylarında sel və daşqınlara qarşı yaradılmış mühafizə bəndlərinin istismarı, təmiri-təmizlənməsi ilə məşğul olur. Hazırda ölkənin 50 rayonunda 53 suvarma sistemləri və mexaniki suvarma idarələri fəaliyyət göstərir. Lakin redaksiyamıza daxil olan məlumatlardan bu qənaətə gəlmək olur ki, bu idarələrin bir çoxunun fəaliyyəti heç də qənaətbəxş deyildir. O cümlədən aldığımız açıqlamalara görə, Sabirabad rayon Mexaniki Suvarma İdarəsində mövcud olan problemlər əkin sahələrinin istənilən səviyyədə suvarma suyu ilə təmin olunmasına imkan vermir. Qeyd etmək lazımdır ki, Sabirabad rayonu aran zonasında yerləşir. Bu səbəbdən də rayonun özünəməxsus iqlim şəraiti var. Qışı bir o qədər keçməsə də, yayı olduqca isti və hətta quraq keçir. Məhz buna görə də, əkinaltı torpaqların su ilə təmin edilməsi baxımından Sabirabad Mexaniki Suvarma İdarəsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Lakin bizimdovr.az-a daxil olan məlumatlarda yerli fermerlər bu fəaliyyətdə çoxsaylı nöqsanların olduğundan, idarənin rəisi Mirəlif Əzizov tərəfindən ciddi qanun pozuntularına yol verildiyindən şikayətlənirlər. Mövzuya dair dərc etdiyimiz son materiallardan birində biz artıq bu qisim şikayətlərdən bəzilərindən bəhs etmişdik. Biz göstərmişdik ki, aldığımız açıqlamalara görə, 500-ə yaxın işçisi olan Sabirabad Mexaniki Suvarma İdarəsi üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir. Mütəmadi olaraq melioratorlar tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin işçiləri yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Quraq keçən illərdə işlər daha çox problemli olur. Çayların suyunun azaldığı dövrdə isə, su ehtiyatının yaradılması üçün operativ tədbirlər həyata keçirilmir. İdarənin xidmət etdiyi 36712 hektar ərazidə vəziyyət olduqca acınacaqlıdır. Mətbuata açıqlama verən daha bir narazı fermer isə, birbaşa Mirəlif Əzizovu ona külli-miqdarda maddi ziyan vurmaqda ittiham edir: “Mirəlif Əzizov mənim 100 hektardan artıq pambıq və taxıl sahəmi yandırıb. Onun özbaşınalığı səbəbindən hektarlarla əkin sahəsi sıradan çıxıb. Buna görə isə heç kim məsuliyyət daşımır. Əksinə rəis heç kəsi saymayaraq bildirir ki, gedin dərdinizi hara deyirsinizsə, deyin. Mən lazım olan yerlərin pulunu-payını çatdırıram. Qanuna əsasən kəndli və fermer təsərrüfatları istifadə etdikləri suyun ancaq üçdə bir hissəsini əvvəlcədən verməli, üçdə iki hissəsini isə, məhsul toplandıqdan sonra, yəni payızda banka köçürməlidirlər. Amma Tarif Şurasının vəzifələrini öz üzərinə alaraq, suyun qiymətini bir neçə dəfə artıran idarə rəhbəri üstəlik bank işlərini də öz üzərinə götürüb...”
Maraqlıdır ki, mətbuata verilən açıqlamalarda Mirəlif Əzizovun həm də Sabirabad rayon Maliyyə İdarəsinin müdiri Hüseynağa Gülüşovun bacanağıdır. Mənbə iddia edir ki, Mirəlif Əzizov rəhbərlik etdiyi Sabirabad rayon Mexaniki Suvarma İdarəsində bir çox maliyyə maxinasiyalarını da məhz öz qohumunun köməkliyi ilə həyata keçirir.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.

Geri qayıt