Əsas Səhifə > Cəmiyyət, Manşet > Dövlət Komitəsi şirkətin fəaliyyətinə nədən əngəl törədir?

Dövlət Komitəsi şirkətin fəaliyyətinə nədən əngəl törədir?


18-08-2016, 10:49
Dövlət Komitəsi şirkətin fəaliyyətinə nədən əngəl törədir?
Sahibkarlığın inkişafı dövlət siyasətimizin başlıca istiqamətlərindəndir. Məhz elə bu səbəbdən də dövlət səviyyəsində iş adamlarına, əsasən də yerli sahibkarlara xüsusi diqqət və qayğı ilə yanaşılır. Belə ki, ölkə başçısı dəfələrlə bəyan edib ki, yerli sahibkarların fəaliyyətinə mane olan, onlara qarşı bürokratik əngəllər yaradan, əsassız yoxlamalar təşkil edən şəxs və qurumlar ən ağır formada cəzalandırılacaqlar. Nəzərinizə çatdıraq ki, dövlət başçısının haqlı iradlarından sonra əksər dövlət qurumları sahibkarlara qarşı münasibətlərdə əsaslı dönüş yaratsalar da, hələ də bəzi strukturlar var ki, yol verdikləri nöqsanlarla özəl sektorun inkişafına əngəl törədirlər. Misal kimi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən «NKM Company» MMC şirkətinə qarşı atılan qərəzli addımı göstərmək olar. Adıçəkilən şirkətin üzləşdiyi problemə keçməzdən öncə MMC haqda qısa da olsa məlumat vermək istərdik. Beləliklə, Gundelik-Baku.com-un əldə etdiyi bilgilərə görə, 2002-ci ildə təsis edilən «NKM Company» MMC dünya standartlarına uyğun geniş çeşiddə və müxtəlif ölçüdə 450/750V PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 300/500V PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 0,6/1kv izolə olunmuş alçaq gərginlikli kabellərin istehsalına başlayıb. Şirkət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin AZS Milli Sertifikatlaşdırma sistemi ilə «Uyğunluq Sertifikatı»na və TSE sertifikatına layiq görülüb. Zavod Almaniya, Türkiyə və İranda istehsal olunan müasir avadanlıqlarla təchiz edilib. Əmtəə bazarına daha keyfiyyətli məhsullar təqdim edən «NKM Company» MMC xammalları Almaniya, İran, Rusiya, Hindistan və Türkiyədən alır. Uyğun qiymətlərlə alıcılara təqdim olunan kabellər tez bir zamanda quraşdırılmasına və təhlükəsizliyinə zəmanət verilir. Onu da qeyd edək ki, yüksək keyfiyyəti özünə prinsip seçən «NKM Company» MMC istehsal etdiyi malları daxili əmtəə bazarından başqa qonşu Gürcüstana da ixrac edir. Şirkət öz məhsullarının keyfiyyətinə zəmanət verir və nəzərə çatdırır ki, istehsaldan çıxmış hər bir kabel ayrı-ayrılıqda laboratoriya testi keçir və beynəlxalq standartlara uyğundur. Belə ki, fəaliyyət göstərdiyi dövr ərzində, təkcə 2010-cu ildən bu günədək ölkənin müxtəlif müəssisə və təşkilatlarına, habelə bazarlara 3836216 AZN dəyərində kabel və elektrik naqilləri şəklində hazır məhsul istehsal edilib satılıb. İstehsalatda müxtəlif dövrlər ərzində orta hesabla 80 nəfər yerli işçi cəlb edilib, onlara əmək şəraiti yaradılıb və sosial ödənişlərin həyata keçirilməsi üçün tədbirlər görülüb. Lakin bütün bunlara baxmayaraq, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən «NKM Company» MMC-nin işinə maneçilik törədilir. Belə ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası adıçəkilən qurumun özü tərəfindən MMC-yə verilmiş əmtəə nişanını ləğv etməyə çalışır. Nəzərinizə çatdıraq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin baş direktoru Ramiz Həsənovun və qurumun patent şöbəsinin müdiri M.M.Seyidovun, həmçinin dövlət reyestri sektorunun müdiri E.O.Məmmədovanın imzası ilə 2008-ci ilin 7 oktyabr tarixində əvvəlki adı «BİRLİK» Məhdud Məsuliyyətli Cəmiyyət olan «NKM Company» MMC-yə müvafiq əmtəə nişanı verilib. Həmin sənədə əsasən 10 il müddətinə, yəni 2018-ci ilin 7 oktyabr tarixinə qədər olan dövr üçün «Ünal Kablo» əmtəə nişanı alınıb. Yəni əmtəə nişanı 09-cu sinif – kabel, 35-ci sinif – reklam, biznes sahəsində menecment (malların satışı üzrə xidmətlər), 39-cu sinif – malların qablaşdırılması və anbarda saxlanılması xidmətləri üçün qeydiyyata alınıb. Həmçinin N2008 1397 nömrəli sözügedən sənəddə qeyd olunur ki, əmtəə nişanında «Kablo» sözü müstəqil hüquqi mühafizə obyekti deyil. Ancaq buna baxmayaraq, Ortaköy Sanayi Bulvarı, 7. Sokak No:1, Ortaköy, Silivri İstanbul (Türkiyə) ünvanında qeydiyyatda olan «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkəti 13 aprel 2016-cı il tarixdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının sədrinə ünvanladığı iddia ərizəsində adıçəkilən qurum tərəfindən əvvəlki adı «BİRLİK» Məhdud Məsuliyyətli Cəmiyyət olan, lakin 15 aprel 2013-cü il tarixdə adı «NKM Company» MMC-yə verilən N2008 1397 nömrəli sənədin, yəni Azərbaycanda «BİRLİK» MMC-nin adına qeydiyyata alınmış «Ünal Kablo» əmtəə nişanının qeydiyyatına vaxtından əvvəl xitam verilməsini xahiş edib. Halbuki Gundelik-Baku.com-un əldə etdiyi bilgilərə görə, bu, tamamilə qanunaziddir. Çünki Azərbaycan bazarında qanunlara riayət edən bir müəssisə kimi tanınan «NKM Company» MMC-yə əmtəə nişanını Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilib və bir qədər öncə də qeyd etdiyimiz kimi həmin şəhadətnaməni adıçəkilən komitənin sədri Ramiz Həsənov özü imzalayıb. İndi belə çıxır ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurası «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkətinin xeyrinə, «NKM Company» MMC-nin isə ziyanına qərar çıxarmaqla əslində birbaşa Ramiz Həsənovun, eyni zamanda həmin sənədə imza atan digər məsul vəzifəli şəxslərin kobud səhvə, hətta bir qədər də sərt desək, qanun pozuntusuna yol verdiyini bəyan etmiş olacaq. Maraqlıdır, görəsən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya Şurasının sədri bu cür kobud və bağışlanılmaz səhvə yol verə bilərmi?.. Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, «NKM Company» MMC-yə müvafiq əmtəə nişanı verildiyi tarixdən, yəni 2008-ci ildən başlayaraq bu günə kimi «Ünal Kablo» adı altında istehsal edilmiş məhsulların Azərbaycan ərazisində tanıdılması məhz adıçəkilən MMC-nin nailiyyətidir. Eyni zamanda, bu məhsulların bazarlara da tanıdılması bu şirkətin zəhmətinin nəticəsində baş verib. Bir sözlə, «NKM Company» MMC sözügedən malın Azərbaycan ərazisində istehsalçısıdır. İddia ərizəsində «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkətinin törəmə şirkəti kimi qeyd olunan «Ünal Kablo» DIŞ.TİC.LTD şirkəti isə satışla məşğul olur. Məlumat üçün bildirək ki, iddia ərizəsində səlahiyyətli nümayəndə kimi Azərbaycan vətəndaşı olan Ağaəli Səfərəliyev göstərilir və eyni zamanda, «Afka Elektrik» MMC-nin direktoru kimi qeyd olunur. Məlum olur ki, Türkiyənin «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkətindən Azərbaycana gələn (ixrac edilən) kabel məhsullarının satışı ilə məşğuldur. İddiaçının – «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkətinin 2005-2015-ci illər ərzində Azərbaycandan kabel məhsulları idxal edilib və ya Azərbaycana ixrac edilib məsələsi sual altında qalır. İxrac edilib və ya idxal olunub? Bu başqa-başqa terminlərdir. Beləliklə, məlum olur ki, Azərbaycanda istehsala malik olmayan bir xarici şirkət (yəni burada «Ünal Kablo» adı altında istehsal üçün əmtəə nişanı olmayan) bu marka (nişan) altında istehsalçı olan «NKM Company» MMC-nin şəhadətnaməsinin vaxtından əvvəl ləğv edilməsini istəyir. Məsələnin maraqlı tərəfi ondadır ki, «Ünal Kablo Sanayi ve Ticaret Limited» şirkəti iddia edir ki, guya «NKM Company» MMC əmtəə nişanını dolayı yolla öz adına qeyri-qanuni olaraq qeydiyyata aldırıb. Həmin şəhadətnaməyə məhz Ramiz Həsənovun imza atdığını nəzərə alsaq, o zaman bu, birbaşa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədrini qeyri-qanuni əməldə ittiham etməkdən başqa bir şey deyil. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Dövlət Komitəsi şirkətin fəaliyyətinə nədən əngəl törədir?
Dövlət Komitəsi şirkətin fəaliyyətinə nədən əngəl törədir?
Dövlət Komitəsi şirkətin fəaliyyətinə nədən əngəl törədir?

Geri qayıt