Əsas Səhifə > Cəmiyyət, Manşet > Biləsuvar gömrüyündən narazılıq var...

Biləsuvar gömrüyündən narazılıq var...


2-09-2016, 09:56
Biləsuvar gömrüyündən narazılıq var...
DİA.AZ: - Biləsuvar gömrüyündə biabırçılıqlar baş alıb gedir. Əslində bütün gömrük sistemi eyni qaydada promlemlər yaşamaqdadır. DİA.AZ şikayət məktubu ilə müraciət edən bir qrup Cəlilabad rayon sakini gömrük orqanlarında yaşadıqları müsibətləri anladırlar. Biz də onların adından redaksiyamıza ünvanlanmış məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Yazıb sizə bildiririk ki, arada evimizə ərzaq gətirmək üçün Biləsuvar gömrüyündən keçərək yaxınlıqda Xiyaban deyilən yerdəki dükanlardan alış-veriş edirik. Normadan artıq heç nə gətirmirik. İran gömrüyündən sərbəst keçirik, normada keçirilən mala orda bir söz demirlər. Lakin Azərbaycan gömrükçüləri mallarımızı əlimizdən tutub alır, soyğunçuluqla məşğul olurlar. Axırıncı dəfə mən 2 sumka ərzağımı əlimdən aldılar. Mübahisə etdik, dedim ki niyə əlimdən alırsınız, yüküm çoxdursa rüsumumu ödəyim. Sözlərimə məhəl qoymadan, heç bir kağız sənədləşdirmədən 2 sumka malımı alıb özlərinə götürdülər. Prezidentə şikayət edəcəyimi bildirdim, dedilər ki get kimə deyirsən de, heç kimdən qorxmuruq, buranın ağası bizik. Hamısı sərxoş idi. Belə özbaşınalıq olarmı? Tək mən deyiləm, yüzlərlə vətəndaşımızın başına bu oyunu gətirirlər.

Biz xahiş edirik ki, Biləsuvar gömrüyündə baş alıb gedən və günü-gündən açıq-aşkar şəkil alan rüşvətxorluq və soyğunçuluq hallarına son qoyasınız. Xalqı incidirlər, erməni etməyən zülmü edirlər. İran gömrüyü ilə müqayisədə bizim gömrük biabırçı vəziyyətdədir. Gömrüyün rəisi açıq-aşkar çıxıb camaat içində qışqırır ki, pulunuzu verin keçin, daha bundan artıq biabırçılıq olarmı? Nə gətirirsən, deyirlər bu olmaz! Alma olmaz, banan olmaz, düyü olmaz, ayna olmaz, kişmiş olmaz – daha nə gətirmək olar, qalmışıq məəttəl! Açıq-aşkar bildirirlər ki, hər malın öz yiyəsi var, monopoliyadadır, həmin malı ancaq o kommersant sərhəddən keçirə bilər! Amma deyirdilər ki, monopoliya ləğv olunub. Gömrük işçiləri niyə həmin monopolistlərlə əlbirdirlər, baş açmaq olmur. Biləsuvar gömrükçüləri kimdən rüşvət alırlar, onun malını buraxırlar. Biz alver etmirik, güclü pulumuz da yoxdur, ayda 4-5 dəfə gedib ailəmizə ərzaq gətiririk. Evinə 70 manatlıq ərzaq bazarlıq eləyirsən, dirəşirlər ki 60 manat rüsum ödə! Bu harada görünüb?"

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt