Əsas Səhifə > Cəmiyyət, Manşet > Beynəlxalq Bankın filialında dələduzluq
Beynəlxalq Bankın filialında dələduzluq3-09-2016, 11:25 |
Hələ bir il bundan əvvələ qədər Azərbaycan Beynəlxalq Bankının (ABB) əksər filiallarının fəaliyyətinə dair ölkə mətbuatında tənqid xarakterli materialların dərc olunması az qala bir normaya çevrilmişdi. Vətəndaşların bu xüsusda mətbuata verdikləri açıqlamalarda ABB filiallarında yer almış bir sıra qanun pozuntularına dair kəskin ittihamlar yer almaqda idi. Bu kimi məlumatlarda fiziki şəxslərə kreditlərin ən azı 10-15%-i həcmində “şapka” alınmaqla verilməsi, bəzi filial müdirlərinin göstərişi ilə müəyyən şəxslərə sənədləşdirmə aparılmadan “faizə” pul verilməsi, həmçinin mütəmadi olaraq həyata keçirilən qeyri-leqal pul köçürmələri barədə faktlar təqdim olunurdu. Həmçinin əksər filiallarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrinin işi ilə bağlı ciddi iradlar da var idi. Məsələn bildirilirdi ki, bir çox məntəqələrin vətəndaşlara göstərdiyi xidmətin sənədləşdirilməsi düzgün aparılmır və sairə... Lakin ötən ilin yay aylarından bu kimi məlumatların axını birdən-birə dayandı. Səbəb isə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədovun təyinatı oldu. Məlum olduğu kimi, Elmar Məmmədov ABB səhmdarlarının 22 iyul 2015-ci il tarixində keçirilmiş yığıncağının qərarı ilə bankın İdarə Heyətinin sədri təyin edilib. Qeyd edək ki, Elmar Məmmədovun yüksək iş qabiliyyəti, prinsipiallığı və peşəkarlığı onun hələ “Kapitalbank”a rəhbərlik etdiyi vaxtdan məlumdur. Məhz buna görə də, son bir ildə ABB-nın fəaliyyətində müşahidə olunan pozitiv dəyişikliklərə də heç kim təəccüblənmir. Əksinə, bu gün artıq Beynəlxalq Bankın hər hansı bir filialından müştərinin şikayət etməsi daha çox təəccüb doğura bilər. Etiraf edək ki, elə biz özümüz də dünən redaksiyamıza müraciət etmiş vətəndaş Məmmədov Kamil Dövlət oğlunun imzaladığı şikayət ərizəsinin mətni ilə tanış olduqdan sonra bir qədər təəccübləndik. Əslində, Kamil Məmmədovun başına gələnlər tamamilə absurd, mümkünsüz bir hal kimi qiymətləndirilə bilər. Belə ki, iddiaya görə, Beynəlxalq Bankın Səbail filialının rəhbərliyi, öz əməkdaşının yol verdiyi dələduzluq əməlinə görə, həmin əməkdaşı deyil, öz müştərisini “cəzalandırmaq” qərarına gəlib. Amma yaxşı olar ki, bütün baş verənlər barədə ərizədə yazılanlarla tanış olaq. Beləliklə, Kamil Məmmədov öz ərizəsində yazır: “Yazıb sizə bildirmək istəyirəm ki, 2011-ci ilin mart ayında VAZ-2107 markalı dövlət qeydiyyat nişanı 90 KT 171 olan avtomobili almaq məqsədi ilə Azərbaycan Beynəlxalq Bankına müraciət etdim. Nəticədə avtomobil almaq üçün sözügedən bankdan mənə avtomobil almaq məqsədilə 5700 (beş min yeddi yüz) manat məbləğində kredit vəsaiti ayrıldı. Krediti götürdüyüm gündən etibarən hər ay 212(iki yüz on iki) manat, kredit ödənişi cədvəli üzrə gecikdirmədən ödəyirdim. Lakin maliyyə vəziyyətimin pişləşməsi səbəbindən kredit borcumu ödəməkdə çətinlik çəkdiyim üçün məcburən avtomobili banka təhvil vermək qərarına gəldim və nəticədə bankın Səbail filialına yaxınlaşdım. Bu barədə bankın kredit şöbəsinin işçisi Abbasov Rəşad Ələsgər oğluna yaxınlaşaraq, onunla məsələni müzakirə etdim. Bankın işçisi, yuxarıda qeyd etdiyim şəxs məni aldadaraq, avtomobili banka təhvil ver və narahat olma, gələcəkdə heç bir zaman bank tərəfindən bir də narahat olunmayacaqsan deyərək, məni aldatdı. Mən də inanaraq, avtomobili Abbasov Rəşad Ələsgər oğluna 19.09.2012-ci il tarixində, mülki etibarnamə ilə təhvil verdim. Lakin bir neçə ay keçməmiş bankdan mənə zəng gəldi və məni banka yenidən dəvət etdilər. Bu dəfə isə, məlum oldu ki, bankın işçisi Abbasov Rəşad Ələsgər oğlu ona verdiyim etibarnamədən sui-istifadə edərək, avtomobili kimliyi banka məlum olmayan şəxsə, bankdan kənarda, müəyyən miqdarda pul müqabilində satmışdır. O, gündən etibarən avtomobil Abbasov Rəşad Ələsgər oğlunun satdığı 3-cü şəxs tərəfindən naməlum şəraitdə itirilmişdir və hal-hazırda axtarışdadır. Buna baxmayaraq mən dəfələrlə banka dəvət olunmuşam. Hər səfərdə bu məsələni bankın rəhbərliyinə desəm də, sübut olaraq bankın işçisinə etibarnamə verərək qarşılıqlı razılaşma ilə avtomobili banka təhvil verdiyimi söyləsəm də cavabında onlar məndən avtomobili tapmağımı və yaxud da borcunu banka ödədiyimi tələb edirlər. Yuxarıda qeyd etdiklərimi və bank tərəfindən mənə vurulmuş ziyanın araşdırılmasını, məsələyə ədalətli mövqe bildirilməsini aidiyyatı olan qurumlardan xahiş edirəm”. Biz isə ümid edirik ki, bu məsələ ilk növbədə Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi tərəfindən operativ və obyektiv şəkildə araşdırılacaq və müştərinin hüquqlarının pozulmasına qətiyyən yol verilməyəcək. Qarşı tərəfin də məsələyə münasibətini işıqlandıra bilərik. Geri qayıt |