Əsas Səhifə > Cəmiyyət, Manşet > Eldar Mahmudovun xaraba qalan obyektləri

Eldar Mahmudovun xaraba qalan obyektləri


7-09-2016, 09:33
Eldar Mahmudovun xaraba qalan obyektləri
MTN rəhbərliyindən kənarlaşdırılandan sonra sabiq nazir Eldar Mahmudovun özünün və oğlunun Bakıdakı biznes strukturları da çökdü. Sabiq MTN şefinin paytaxtın məşhur avtomobil salonlarından tutmuş, şərab evlərinə qədər bütün biznes məkanları boş qalıb. Gununsesi.info-nun əməkdaşı paytaxtın bir neçə yerində vaxtilə əsas ticarət məkanları sayılan həmin obyektlərə baş çəkib. Əməkdaşımızın müşahidəsi zamanı Mahmudovlara məxsus obyektlərin artıq boş qaldığı və qapılarından qıfıl asıldığı bəlli olub. Paytaxtın “Badamdar” qəsəbəsindəki avtomobil salonunun ətrafındakı digər sahibkarlar bu obyektlərin Mahmudovun “vurulmasından” bir neçə gün sonra bağlandığını deyib.
Ətrafdakı digər mağaza sahiblərinin sözlərinə görə, bir müddət sonra həmin obyektlərin artıq Eldar Mahmudovdan alınması barədə də xəbərlər eşidblər. Ancaq hələlik, obyektlərin yeni sahibləri ortaya çıxmadığından bağlı qalıb.

Eldar Mahmudovun xaraba qalan obyektləri
Eldar Mahmudovun xaraba qalan obyektləri

Ailənin ölkədəki biznesi

Xatırladaq ki, Eldar Mahmudovun 3 uşağı var. Nazirin qızı Xuraman Mahmudova İsveçrədə maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb. Bununla yanaşı Xuraman xanım 2015-ci ildə uşaqlar üçün nəzərdə tutulan “Sehrli Səyahət” adlı hekayəsini vəzifəli şəxslərin iştirakı ilə İçərişəhərdə təqdimatını keçirib.
Mahmudovun kiçik qızı Nərgiz Mahmudova 2015-ci ilin sentyabrında sabiq prezident Heydər Əliyevin qardaşı nəvəsi Rasim Əliyevlə ailə həyatı qurub. Eldar Mahmudovun oğlu Anar Mahmudov Azərbaycanda, Türkiyədə, İspaniyada, Lüksemburqda şirkət sahibidir. Onun yaratdığı şirkətlər atasının nazir təyin olunduğu vaxtdan sonraya təsadüf edir. Anar Bakıda “Caspian Crystal” Holdinqinin İdarə Heyətinin sədridir. Şirkətə “Beluga”, “Salvador Dali”, “Lord”, “VİP” və “Velluto” kimi dəbdəbəli restoranlar şəbəkəsi daxildir. Şirkət ərzaq bazarına da daxil olub. Onlar 2007-ci ildən başlayaraq “Gastronomy-1”, “Gastronomy-2” və “Gastronomy-3” mağazalarını açıblar. Eyni zamanda şirkət Azərbaycanda dünyanın hər yerindən gətirilmiş şərablar və alkoqollu içkilər təklif edən ilk butikin yaradıcısıdır. “Wine City” adlı 18000 şüşənin saxlanıldığı şərab anbarı da şirkətə daxildir. Şirkət şərab butikinin layihəsi və dizaynını fransızlarla birgə hazırlayıb. Bu şərablar elit müəssisələrə təqdim edilib və VİP müştərilər üçün nəzərdə tutulub. Şirkət “müştəri tələbatının artmasını” nəzərə alaraq 2012-ci ildə “Wine City-2” mağazasını açdığını bildirir.
Holdinqə “Range Rover”, “Jaguar”, “Maseratı”, “Ducati” kimi avtomobilləri Azərbaycana gətirən “Crystal Motors” da daxildir. Anar Mahmudov deyir ki, “Bizim missiyamız qida, içki, restoran və keyterinq biznesində ən yaxşı və yüksək keyfiyyətli xidmətləri Azərbaycan bazarında tanıtmaqdır”. Amma bu xidmətləri göstərmək üçün xərclənən pullar şəffafdırmı?
Anar Mahmudov Azərbaycanda “Diqlas-1” MMC-nin təsisçisi, həm də qanuni nümayəndəsidir, “Kristal İnşaat” MMC-nin isə təsisçisidir. “Kristal İnşaat” 2008-ci ildə, “Diqlas-1” MMC isə 2010-cu ildə yaradılıb. Tender siyahısında şirkətlərin adına rast gəlmədik.
Xarici ölkələrdə biznes

Mahmudovun ailə üzvlərinin xarici ölkələrdə də biznesi var. Eldar Mahmudov 2004-cü ildən nazir vəzifəsində çalışırdı. Nazir işlədiyi dönəmdə – 3 avqust 2012-ci ildə o, “Royals” Turizm İnşaat Sanayi Ticaret Anonim Şirkətinin İdarə Heyətinin üzvü olub. Türkiyə bazarlarında şirkətin 100.000 TL-lik sərmayəsi olduğu göstərilir. Şirkət Türkiyədə və xarici ölkələrdə turistlərin gəzintisini və turları təşkil edib. Şirkətin digər sərmayədarı və nümayəndəsi Ağamikayıl İsmayılovdur.
Anar Mahmudov isə Türkiyədə “Deha Gömlek Üretim Sanayi ve Ticaret Limited” şirkətinin şəriklərindən biridir. Oğul Mahmudov həmçinin “Sınalco Gayrimenkul ve Danışmanlık Hizmetleri Anonim” şirkətinin İdarə Heyətinin sədridir.
Gəlin, İspaniyadakı şirkətlərə göz ataq. Anar Mahmudovun İspaniyada 4 şirkəti var. “22 Vaquer De Bendinat S.L.” və “Son Sana Portals S.L.” adlı şirkətlər tikinti, inşaatla məşğul olur. 22 Vaquer De Bendinat S.L. şirkətinin kapitalı 4 milyon 403 min 085 avrodur. Şirkət 31 mart 2015 -ci ildə yaradılıb. “Son Sana Portals S.L.” şirkəti 3 min 100 avro kapitala sahibdir.
İspaniyada digər şirkəti “Macent Invest Group SL” şirkətidir ki, kapitalı 19 milyon 563 min 600 avrodur. Dördüncü şirkəti olan Majorca Capas Group İnvestment SL” isə 11 milyon 859 min 111 avro kapitalı var. Majorca tikinti, alqı-satqı, daşınmaz əmlak sahəsində işləyir. Şirkət 2006-cı ilin 15 mayında yaradılıb. Şirkətin ödədiyi vergi 2 milyondan bir az azdır .
Oğul Mahmudovun Lüksemburqda da şirkətləri var. Onun direktoru olduğu “Utılıcom” və “Konoco .M” şirkətləri 2015-ci ildə yaradılıb.
Sənədlərdə bildirilir ki, Anar Mahmudov gəlirləri haqqında deklarasiya təqdim etməyib.

Eldar Mahmudovun xaraba qalan obyektləri

Araşdırmalarımzda Eldar Mahmudovun ölkədəki biznes imperiyasının çökdüyü üzə çıxıb. Bununla belə oğlu Anar Mahmudovun hazırda Böyük Britaniyada və İsveçrədə biznes strukturlarının hələ də fəaliyyətdə olduğunu öyrəndik.

Geri qayıt