Əsas Səhifə > Cəmiyyət, Manşet > 7 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı iddialar...
7 saylı Cəzaçəkmə Müəssisəsi ilə bağlı iddialar...24-09-2016, 10:53 |
Qəzetimizin 07.09.2016-cı il tarixli sayında “7 saylı Cəzaçəkmə Müəssisəsində “məhbuscell” tarifləri” sərlövhəli tənqidi yazı dərc olunmuşdu. Həmin yazıda, redaksiyamıza daxil olan məlumatlara əsaslanaraq, biz göstərmişdik ki, son illər ölkənin Ədliyyə Nazirliyi tərəfindən aparılan əsaslı islahatlara, eləcə də Penitensiar Xidmətin rəhbərliyi tərəfindən göstərilən səylərə baxmayaraq, paytaxtın Xətai rayonundakı 3-cü qəsəbə ərazisində yerləşən, rəis Xaləddin Əsədovun rəhbərlik etdiyi 7 saylı Cəzaçəkmə Müəssisəsində hələ də rüşvətxorluq və digər korrupsiya əməllərinin qarşısını almaq faktiki olaraq mümkün olmur. Artıq qeyd olunduğu kimi, hazırda bu müəssisədə 500 nəfərdən çox məhkum öz cəza müddətini çəkməkdədir. Məhbusların iddialarına görə, müəssisədə qanunsuzluq, özbaşınalıq, müxtəlif korrupsiya halları baş alıb gedir. Məhbusların hüquqları mütəmadi olaraq kobud şəkildə pozulur. Təqdim olunan açıqlamada məhbusların karantin müddətinin qısaldılmasından tutmuş, onların yatacaq yerlə təmin olunmalarına, telefonla danışığı imkanı əldə etmələrinə qədər bütün ehtiyaclarının təmin olunması üçün pul ödəməyə məcbur edildikləri vurğulanır. Müəssisə daxilindən mətbuata məlumat ötürən mənbələr bildirirlər ki, burada cəza çəkən məhbuslar karantin dövründə məcburi əməyə cəlb edilir. İşləmək istəməyənlər isə, 300 manat rüşvət verməli olurlar. Ən pisi də budur ki, pulu olmayan və bu qanunsuzluğa etiraz edən məhkumlara ağır, dözülməz işgəncələr verilir. Məhbusun 14 günədək tək qalması nəzərdə tutulan karantindən vaxtından əvvəl çıxıb “barak”a yerləşdirilməsinin də öz “qiyməti” var. Belə ki, bunun üçün 400-500 manat ödəmək tələb olunur. Bundan başqa, məhbuslar yaşayış “barak”ında aşağı yarusdakı çarpayıda yatmaq üçün 300 manat, yaxınları ilə telefon əlaqəsi yaratmaq üçün qısa zəngə 10-15 manat, danışmaq üçün hər dəqiqəyə görə 2 manat ödəməli olurlar. Həmçinin daxil olan məlumatlarda məhbuslar 7 7 saylı Cəzaçəkmə Müəssisəsində ərzaq təminatı ilə də bağlı ciddi problemlərin yaşandığını, habelə dustaqların asudə vaxt və məşğuliyyət məsələlərinin də müüəssisə rəhbərliyi tərəfindən əsil gəlir mənbəyinə çevirildiyini xüsusi olaraq qeyd edirlər. Bu barədə məhbuslar tərəfindən mətbuata ünvanlanan müraciətdə deyilir: “Burada məhbuslara verilən yeməklər də çox pis, keyfiyyətsizdir. Buna görə də, məhbusların qohumları görüşə gələndə 40-50 kq ərzaq gətirirlər ki, heç olmasa dustaqlar özləri nəsə hazırlayıb yesinlər. Buranın yeməyini yeməsinlər, yoxsa xəstəlik taparlar. Bunula belə, hər görüşə gələn vətəndaşdan da müəssisənin əməkdaşları çəkinmədən 100-150 manat pul alırlar. Bizə inanmayanlar gəlib 7 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısında bu faktları gözləri ilə görə bilərlər. Bundan başqa, müəssisədə kompyuter oyunu, camaşırxana, hamam, kafe, çayxana, idman zalında məşq etmək, saç saxlamaq, vaxtından əvvəl uzunmüddətli görüş, həvəsləndirmə tədbiri, tibb hissəsində qalmaq, ayaqqabı təmiri, dərzi – hamısı pulludur...” Lakin bütün bu deyilənlər heç də o anlama gəlməməlidir ki, 7 saylı müəssisədə cəza müddətlərini çəkən məhbusların yeganə qayğıları yalnız maliyyə vəsaiti tapmaqdan ibarətdir. Bu günlərdə redaksiyamıza yeni daxil olmuş növbəti məlumatda, bu müəssisədə məhbusların məruz qoyulduqları işgəncələr barədə də konkret fakt təqdim olunur. Açıqlamada bu günlərdə baş vermiş bir insident barədə xəbər verilir. Mənbə bildirir ki, məhbus Əliyev Ramin Mehdi oğlu hansısa səbəbdən yaşayış “barakında” yatmadığına görə, müəssisənin rəis müavini Mehman Əliyev tərəfindən döydürülmüş və bundan sonra da həmin məhbus bir müddət karserə yerləşdirilmişdir. Mənbə bunu da qeyd edir ki, müəssisə rəhbərliyinin məhbuslara təzyiq göstərilməsi və onların cəzalandırılması (döyülmələri) məqsədilə xüsusi adamları da vardır. Yazının sonunda isə, bir daha, ötən materialda əks olunmuş bir fikri təkrarlamaq istəyirik. Bu fikir müəssisədə yaşanan özbaşınalıqlardan dolayı şikayət edən dustaqların cəzalandırılması barədə irəli sürülən ittihamlarla bağlıdır. Mənbələr iddia edirlər ki, şikayət edən məhbuslara 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Xaləddin Əsədov tərəfindən ağır işgəncələr verilir. Müəssisə rəhbərliyinin də mövqeyini dərc edə bilərik. Geri qayıt |