Əsas Səhifə > Cəmiyyət, Manşet > Əbülfəs Qarayev bu işçisini cəzalandırır...

Əbülfəs Qarayev bu işçisini cəzalandırır...


1-10-2016, 11:13
Əbülfəs Qarayev bu işçisini cəzalandırır...
Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vüsal Nəsirli kobud nöqsanlara, qanun pozuntularına yol verib. Bu barədə Serhed.info-ya rayondakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, mədəniyyət və turizm şöbəsinin müdiri rəhbərlik etdiyi sahənin imkanları hesabına özünə əməlli-başlı şərait qurmağa müvəffəq olub. Mənbə iddia edir ki, bir müddət əvvəl Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsində aidiyyəti qurumlar tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyəti yoxlanılarkən müəyyən olunmuş normadan artıq ştat vahidlərinin saxlanıldığı, işçilərin əmək haqlarının aylıq ödəniş dərəcələrinin düzgün müəyyənləşdirilmədiyi, istifadə olunmamış məzuniyyətə görə hesablanmış kompensasiyaların işçilərə tam verilmədiyi halda onun tam ödənilməsinin sənədləşdirildiyi, həmçinin aparılan inventarlaşmalar zamanı çatışmazlıqların olduğu aşkar edilib. Bu isə bir daha təsdiqləyir ki, hazırda Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsində qanunsuzluq və özbaşınalıqlar mövcuddur. Lakin nədənsə müvafiq dövlət orqanları mədəniyyət şöbəsində baş verənlərlə bağlı heç bir tədbir görmürlər.

Serhed.info-ya verilən məlumata görə, mədəniyyət şöbəsində hərdən işçilərə deyilir ki, bəs yuxarıdan «ixtisar» gəlib. Odur ki, «ixtisar»a düşənlər məcburiyyət qarşısında qalıb problemi yoluna qoymaqdan ötrü tələb olunan «şərt»lərə əməl etməli olurlar. Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsində yaşanan digər bir problem isə şöbənin nəzarətində olan təşkilatlarda çalışan işçilərin tez-tez attestasiyadan keçirilməsidir. Hər dəfə attestasiya keçirilməsi məsələsi ortalığa atılanda işçilərin əksəriyyəti başının ağrımaması, əlavə problemlərlə üzləşməməsi üçün rəhbərliklə «danışıq»lara getməli olur. Yalnız bundan sonra onlar təhlükəni özlərindən uzaqlaşdırmağa müvəffəq olurlar. Artıq lənkəranlıların demək olar ki, hamısına bəllidir ki, turizmin inkişafı üçün ayrılan dövlət vəsaitləri heç də təyinatı üzrə xərclənmir. Bununla bağlı dəfələrlə Mədəniyyət və Turizm Nazirliyinə şikayət edilsə də, hələ ki, Vüsal Nəsirlinin əməllərinə lazımi səviyyədə qiymət verilməyib.

Məlumatlı şəxs həmçinin, yaxın vaxtlarda Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsində ciddi kadr islahatlarının aparılacağını da qeyd edir. Vurğulanır ki, Hesablama Palatası bu yaxınlarda Lənkəran Şəhər Mədəniyyət və Turizm Şöbəsində genişmiqyaslı audit yoxlamasına başlayacaq. Əgər yoxlamaların nəticəsində kobud nöqsanlar, qanun pozuntuları aşkarlanarsa, o zaman Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Vüsal Nəsirlinin rəhbərlik etdiyi şöbədə köklü kadr islahatları aparılacaq. Bu isə Vüsal Nəsirlinin hazırda tutduğu postu ilə vidalaşmasına səbəb ola bilər.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt