Əsas Səhifə > Cəmiyyət, Manşet > Mikayıl Cabbarov üçün əsas kriteriya nədir?

Mikayıl Cabbarov üçün əsas kriteriya nədir?


3-10-2016, 10:36
Mikayıl Cabbarov üçün əsas kriteriya nədir?
Dünən redaksiyamıza Bakının Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseyin direktor əvəzi Umud Babaşov barədə yeni məlumat daxil olub. İlk növbədə məlumatda qeyd olunur ki, bizim hələ də liseyin direktor əvəzi kimi təqdim etdiyimiz Umud Babaşovun bu vəzifəyə təsdiq olunması məsələsi artıq öz həllini tapıb. Hərçənd, nazirlikdən bu təyinatı təsdiqləyən əmr hələ də məktəbə daxil olmayıb. Bununla belə mənbə bildirir ki, şifahi təlimatlar Umud Babaşovun artıq direktor vəzifəsinə təyin olunduğunu təsdiqləyir. Ötən həftə isə, yeni “direktor” liseyin pedaqoji şurasının iclasını da keçirmişdir. Aldığımız açıqlamaya görə, bu yığıncaq bir neçə məqamla bağlı “yaddaqalan” olmuşdur. İlk növbədə Umud Babaşov müəllimləri xəbərdar etmişdir ki, o, bu yaxınlarda müəllimlərin öz vəzifələrinə uyğunluq dərəcələrini yoxlamaq üçün xüsusi test imtahanı keçirəcək. Buna cavab olaraq, liseyin müəllimələrindən biri onların artıq Təhsil Nazirliyinin müvafiq imtahanlarından keçdiklərini və direktorun qanunla belə bir sınaq keçirməyə səlahiyyətinin olmadığını bildirmişdir. Həmçinin Umud Babaşova onun özünün son keçdiyi sınaq testində əldə etdiyi nəticələri xatırlamaq tövsiyyə edilmişdir. Bunun cavabında isə, Umud Babaşov müəllimləri təhqir etməklə hirsini soyutmağa çalışmışdır.

Yeri gəlmişkən, bir müddət əvvəl bizimdovr.az-a təqdim olunmuş sənəddə Umud Babaşovun, namizədlərin direktor vəzifəsinə uyğunluqlarının müəyyən edilməsi məqsədilə keçirilən diaqnostik qiymətləndirmə testindən əldə etdiyi nəticələr əks olunub. Həmin sənədin fotosurəti ilə yanaşı, orada əks olunmuş məlumatları da olduğu (artıq ikinci dəfə) kimi təqdim edirik:

İD: 8341

İş nömrəsi: 21 459

Rayon kodu: 010

Məktəb kodu: 540

Məktəb: Heydər Əliyev adına lisey.

Metodiki sual: 20

Doğru cavab: 6

Fənni sual: 40

Doğru cavab: 37

Ümumi bal: 43 (zəif)

Göründüyü kimi, Umud Babaşovun metodikadan olan anlayışı minimal səviyyədədir. Verilən 20 sualdan cəmi altısına doğru cavab yazmaqla, lisey direktoru vəzifəsinə iddialı olmağın özü gülünc deyilmi? Lakin, TN-də bu nəticələr nədənsə nəzərə alınmadı. Görünür bu liseydə nurçuluq ideyalarının bərqərar olunmasında, həmçinin Ulu Öndərimizin adını daşıyan liseyin adının dəyişdirilməsində son dərəcə maraqlı olan qüvvələr vardır. Və həmin qüvvələr də bu çirkin işləri həyata keçirməyi məhz Umud Babaşova həvalə ediblər. Artıq dəfələrlə qeyd olunduğu kimi, Umud Babaşov əvvəllər Mingəçevirdə fəaliyyət göstərən “Çağ Öyrətim” liseyində çalışıb. Nurçuluq təriqətilə sıx bağlılığı olan bu liseylər şəbəkəsi bağlandıqdan sonra isə, Umud Babaşov da Bakıya gəlib. Amma Umud müəllim indinin özündə də bu təriqətin banisi olan Fətullah Gülənin ideyalarına sadiqliyində qalmaqdadır. Buna görə də, hal-hazırda Heydər Əliyev adına liseydə yaranmış vəziyyət eyni zamanda həm milli-mənəvi, həm də siyasi çalarları ilə ciddi narahatlıq doğurur.

İkinci məsələyə gəlincə isə, Umud Babaşov hələ ötən tədris ilinin sonlarında Heydər Əliyev adına liseyin adının dəyişdirilməsi ilə bağlı “ideyasını” məktəbin kollektivinə açıqlamışdı. Lakin həmin vaxt hələ vəzifədə təsdiq olunmadığından, liseyin müəllimləri onun bu xəyanətkar fitnəsinə qarşı çıxa bilmişdilər. Yeni aldığımız məlumatda isə göstərilir ki, Umud Babaşov ötən həftə keçirdiyi pedaqoji şuranın iclasında artıq bu məsələnin də “həll olunduğunu” fərəh hissi ilə bəyan edib. Belə ki, yeni “direktor” Heydər Əliyev adına liseyi “olimpiada mərkəzi”nə çevirməkdə qərarlı olduğunu bir daha nümayiş etdirib.

Əlbəttə, Fətullah Gülən ideyalarının daşıyıcısı olan bir şəxsdən bu kimi təxribatlar gözləniləndir. Lakin anlamaq olmur ki, Təhsil Nazirliyinin rəhbərliyi bu kimi halların yaşanmasına yol verməklə, hansı məqsədə nail olmaq istəyir?

Geri qayıt