Əsas Səhifə > Cəmiyyət, Manşet > "Əyriçay"da düzəlməyən işlər...
"Əyriçay"da düzəlməyən işlər...13-10-2016, 10:35 |
Artıq bir neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Əyriçay Su Anbarı İstismarı İdarəsinin fəaliyyətində yer almış ciddi nöqsanlardan, eləcə də idarənin rəhbərliyi, şəxsən rəis Məmməd Qasımov tərəfindən yol verilən çeşidli özbaşınalıqlardan bəhs olunur. Qəzetimizin ötən saylarında bu məlumatlar əsasında hazırlanmış bir neçə məqalə dərc etsək də, bizə təqdim olunan açıqlamalarda idarə rəhbərliyi tərəfindən işdə hansısa dönüş yaradılmasına heç bir cəhd olunmadığı vurğulanır. Artıq qeyd olunduğu kimi, Əyriçay Su Anbarı İstismarı İdarəsi Şəki və Qax rayonlarının torpaq sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə 1987-ci ildə istismara verilmişdir. Həmçinin dağ çaylarının, sel-sularının zərərli təsirinin qarşısını almaq və ərazidə yerləşən təsərrüfatların və əhalinin təhlükəsizliyini təmin etmək üçün mühafizə tədbirlərinin həyata keçirməsi də yerli suvarma idarələri ilə yanaşı həm də Əyriçay Su Anbarı İstismarı İdarəsinin vəzifələrinə aiddir. Əhalinin şəxsi təsərrüfatlarını, əkinaltı torpaqları sel və daşqın sularından qorumaq üçün daşqın təhlükəsi olan ərazilərin müəyyən edilərək qabaqlayıcı tədbirlər görülməsi mühüm əhəmiyyətə malikdir. Eyni zamanda da Şəki və Qax rayonlarının iqtisadiyyatının inkişafı üçün bu idarənin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. İdarənin əsas işi su anbarının doldurulması və vegetasiya dövründə limit əsasında verilməsini həyata keçirməkdir. Həmçinin müəssisə bəndlərin və su paylayıcı qurğuların istismarı, təmiri və bərpası ilə məşğul olur. Lakin əldə etdiyimiz məlumatlara görə, idarə öz funksiyalarını lazım olan səviyyədə həyata keçirə bilmir. Mənbələrin iddiasına görə, idarədə hökm sürən özbaşınalıq istehlakçıların suvarma və kommunal-texniki suya olan tələbatının tam ödənməsinə imkan vermir. Mövcud su mənbələrindən səmərəli şəkildə istifadə edilmir. Sel sularının hidrotexniki qurğulardan maneəsiz ötürülməsi üçün zəruri tədbirlər həyata keçirilmir. Açıqlamalarda məhz idarənin rəisi Məmməd Qasımovun səhlənkarlığı və öz işində yol verdiyi bir çox qanun pozuntuları səbəbindən bütün bu işlərin icrasında kifayət qədər ciddi nöqsanların müşahidə olunduğu bildirilir. Vurğulanır ki, idarəyə dövlət büdcəsindən ayrılan vəsaitlərin hara, hansı işlərə sərf olunması da dəqiq bilinmir. İddialara görə, idarədə daha çox yeni texnika və avadanlıqların alınması xüsusunda külli-miqdarda mənimsəmələrə yol verilir. Maddi-texniki bazanın möhkəmləndirilməsi, işin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə ayrılan dövlət vəsaitləri də mütəmadi olaraq mənimsənilir. Güc transformatorlarının, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsi hesabdan çıxarılaraq xərclənsə də, əslində bu avadanlıqlara texniki xidmət də çox aşağı səviyyədədir. Texnikanın nasaz vəziyyətdə saxlanması səbəbindən daşqın və selə qarşı mübarizə məqsədilə çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işlərində onların köməyinə də bel bağlamaq olmur. Həmçinin Məmməd Qasımovun rəhbərlik etdiyi idarənin əsas funksiyasının icrası da çeşidli qüsur və nöqsanlarla müşahidə olunmaqdadır. Bu xüsusda daxil olan məlumatlarda xüsusi olaraq vurğulanır ki, mütəmadi olaraq idarənin əməkdaşları tərəfindən bir çox vacib suvarma tədbirləri vaxtında həyata keçirilmir, görülən işlər isə keyfiyyətsiz və az effektli olur. Suvarma kanallarında, kollektor-drenaj şəbəkəsində lildən təmizləmə işləri də yarımçıq görülür. Fermerlər, şəxsi təsərrüfat sahibləri iddia edirlər ki, idarənin bəzi əməkdaşları yerlərdə verilən suyun qənaətlə işlədilməsi və bərabər qaydada paylanmasına nəzarət adı altında özbaşnalıqlara yol verir, nəticədə isə ayrı-ayrı əkin sahələrinin və təsərrüfatların susuz qalmasına səbəb olurlar. Bütün bu nöqsanlar Şəki və Qax rayonlarının kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sakinləri, yerli fermerləri ciddi problemlərlə üz-üzə qoyur. Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik. Geri qayıt |