Əsas Səhifə > Cəmiyyət, Manşet > Dəmir Yollarında böyük maxinasiya:
Dəmir Yollarında böyük maxinasiya:19-10-2016, 11:22 |
Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin olunmasından sonra bu sahədə ciddi irəliləyişlər müşahidə olunmağa başladı. Qısa müddətdə Azərbaycanın tranzit layihələrinə qoşulması işləri sürətləndirildi. Bu sahədə Prezident İlham Əliyevin etimadını layiqincə doğruldan Cavid Qurbanovun şəxsi təşəbbüslərinin nəticəsində Azərbaycanın şimal-cənub, şərq-qərb istiqamətlərində dəmir yollarının birləşdirməsi məsələsi artıq həllini tapmaq üzrədir. İşlədiyi 18 ay ərzində yeni sədr dəmir yolları sistemində əvvəlki rəhbərliyin yol verdiyi nöqsanları da çəkinmədən ictimailəşdirməklə “Azərbaycan Dəmir Yolları” QSC-ni şəffaf bir quruma çevirmək istəyini ortaya qoyubdur. Cavid Qurbanov ona qədər dəmir yollarındakı vəziyyəti qısaca belə təsvir etmişdi: “Mən əvvəllər də “Azərbaycan Dəmir Yolları” QSC-də çalışmışam. Sonradan Nəqliyyat Nazirliyinə təyinat aldım. İş elə gətirdi ki, mən yenidən “Azərbaycan Dəmir Yolları” QSC-yə qayıtmalı oldum. Mən bura qayıtdıqdan sonra ciddi problemlərin şahidi oldum. "Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin olunan zaman burada lokomotiv parkı yox dərəcəsində idi. 10-12 yaşında elektrovoz və teplovozlar alınaraq Azərbaycana gətirilmişdi. Rusiyada 20-30 il istismar olunmuş, sonradan təmir olunmuş lokomotivlər alınırdı. Başladıq vaqon parkında araşdırma aparmağa. Daşınma xidmətlərinin rəisini çağırdım yanıma və birgə parka baxdıq. Gördük ki, 2023-cü ilədək belə davam etsə, parkımızda 123 vaqon qalacaq, qalanları sıradan çıxacaq. Yol infrastrukturunda rabitə sistemi yox dərəcəsində idi. Vəziyyət o həddə idi ki, maşinistlər bir-biri ilə mobil telefonla əlaqə saxlayırdı. İşlərin əksəriyyətində geriləmə var idi. Yol təsərrüfatında olan ağac tirlərinin 70 faizi yararsız vəziyyətdə olub. Təhlükəsizlik sıfır dərəcəsində, depo və binalarımız yox vəziyyətdə idi. Başqa sözlə, hara ayaq qoyurduqsa, orada bir dərd var idi. Öz-özümə düşünürdüm ki, mən bu qədər problemlərin öhdəsindən necə gələcəyəm. Amma özümdə güc tapdım, həmkarlarımı başıma topladım və başladım işləməyə. İşimdə dəmiryolçuların təcrübəsinə arxalandım”. Bütün bunların fonunda “Azərbaycan Dəmir Yolları” QSC-də hələ də əvvəlki təfəkkürlə işləyən rəhbər vəzifəli şəxslər var ki, görülən işlərə gölgə salmaqla məşğuldurlar. AzToday.az-a daxil olan məlumatlara görə, “Azərbaycan Dəmir Yolları” QSC-də stansiya rəisi işləyən şəxslərdən birinin ali təhsili belə olmadığı iddia edilir. Məlumatda bildirilir ki, Daşburun stansiyasının rəisi Mehdiyev Tural İlham oğlu ali təhsil almadığı halda rəis işləməkdə davam edir. Daşburun stansiyasının müsahibi Həsənov İlqar Böyükkişi oğlunun da Tural Mehdiyevin yaxın qohumu olduğu məlumatda əksini tapıb. Maraqlıdır ki, yaxın qohumların bir yerdə işləməsinə qanun icazə vermədiyi halda diplomu olmayan Tural Mehdiyev illərdir bu cür fəaliyyət göstərməkdədir. Səbəb kimi o göstərilir ki, stansiya rəisi etdiyi maxinasiyaları özünün etibarlı adamı İlqar Həsənovun əliylə görür. İki qohumun baş-başa verib, Daşburun stansiyasında dövlətə və sahibkarlara fırıldaq gəldikləri iddia olunur. Belə ki, məlumatda yüklərini daşımaq istəyən iş adamlarına Daşburun stansiyasından verilən çeklərdə qiymət 5 dəfə artıq göstərildiyi bildirilir. “Azərbaycan Dəmir Yolları” QSC-yə göndərilən maliyyə sənədlərində isə həmin məbləğ iş adamlarına verilən çeklərdə göstərilən rəqəmin 20 faizi həcmində əksini tapır. Heç bir sahibkarın onlara Daşburun stansiyasında verilən çeklərdəki məbləği “Azərbaycan Dəmir Yolları” QSC-yə göndərilən çekin "kopya"sı ilə üzlaşdırmağa həvəs göstərməməsi Tural Mehdiyev və İlqar Həsənov cütlüyünün işinə yarayır. Dövlətdən böyük həcmdə maxinasiya edən cütlüyün qiymətlərdən narazı qalan iş adamlarını müxtəlif üsullarla "yola" gətirdikləri bildirilir. Bu isə o deməkdir, hər bir sahibkarın Daşburun stansiyasında şərti olaraq verdiyi 100 manatın 70-80 manatının İlham Mehdiyev və İlqar Həsənova çatdığının fərqində olmur. Mənbə qeyd edir ki, Daşburun stansiyasında böyük həcmdə vəsaitlər dövlətdən gizli olaraq mənimsənilməkdədir. Mənbənin sözlərinə görə, Daşburun stansiyasının təkcə bir illik fəaliyyəti araşdırılsa böyük maliyyə maxinasıyalarının üstü açılacaq. Mənbə Daşburun stansiyasında baş verənlərdən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun xəbəri olmadığını, əks təqdirdə tədbirlər görəcəyini də sözlərinə əlavə edir. Daşburun stansiyasında baş verən maliyyə maxinasiyaları ilə bağlı məlumatları araşdırmaqdayıq. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |