Əsas Səhifə > Cəmiyyət, Manşet > “Yeni Bakı” yaşayış kompleksi uğrunda SAVAŞ

“Yeni Bakı” yaşayış kompleksi uğrunda SAVAŞ


7-12-2016, 10:57
“Yeni Bakı” yaşayış kompleksi uğrunda SAVAŞ
365info.az xəbər verir ki,Masazırdakı “Yeni Bakı” yaşayış kompleksinin idarəetməsini həyata keçirən “İlin Dörd Fəsli” MMC Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsini məhkəməyə verib. Şirkət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində irəli sürdüyü məhkəmə iddiasında “Yeni Bakı” sakinləri tərəfindən yaradılmış “Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) qeydiyyatının ləğv olunmasını tələb edib.

Hakim Elçin Məmmədovun 11 oktyabr 2016-cı il tarixli qərardadı ilə, üçüncü tərəf kimi, məhkəməyə “Abşeron-1” MMMC də cəlb olunub və növbəti məhkəmə iclası dekabrın 2-də baş tutacaq. “Abşeron-1” MMMC-nin nümayəndəsi Rüfət Sadıqovun sözlərinə görə, şirkət iddia edir ki, Ədliyyə Nazirliyi sözügedən cəmiyyəti qanunsuz olaraq qeydiyyata alıb. “Qarşı tərəfin iddiasına görə, MMMC-nin təsisçilərinin, yəni “Yeni Bakı” sakinlərinin göstərdiyi ünvandakı mənzilin DƏDRX-dən çıxarışı yoxdur.

Halbuki, sakinlər şirkətdən bu və digər mənzili müqavilə əsasında alıblar, orda yaşayırlar. Həmin mənzillərə çbez-nazvaniyaıxarış verilməsi isə birbaşa olaraq “İlin Dörd Fəsli” MMC-nin öz öhdəliklərini yetirmədiyinə görə baş tutmayıb. Yəni, şirkət özünün məsuliyyətsizliyinin günahını başqalarının üzərinə atır.

Digər tərəfdən, “Yeni Bakı” yaşayış kompleksini qanunsuz üsullarla, vergidən yayınma ilə nəzarətdə saxlayan və müxtəlif qanunsuz pul yığımları həyata keçirən “İlin Dörd Fəsli” MMC öz qazanc mənbəyini itirməkdən qorxur. Buna görə də, onların iddiası qanunsuz və əsassızdır”, – deyə R.Sadıqov 365info.az-a bildirib.

İqtisadiyyat Nazirliyi Mənzil-kommunal siyasəti şöbəsinin sektor müdiri Arif Nəzərov da hesab edir ki, “İlin Dörd Fəsli” MMC-nin iddiası əsassızdır. “Mən tam olaraq məhkəmə iddiası ilə tanış deyiləm, lakin deyə bilərəm ki, sözügedən cəmiyyətin bütün sənədləri qaydasındadır. Biz davamlı olaraq bu və digər kondominiumlarla əlaqədə oluruq, onlara tövsiyələrimizi veririk. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlər yaratması dövlət tərəfindən də təşviq olunur. MTK-lar tərəfindən bu cəmiyyətlərin sıxışdırılması pislənilir”, – deyə A.Nəzərov vurğulayıb.

O qeyd edib ki, əgər vətəndaşlar “İlin Dörd Fəsli” MMC ilə müqavilə bağlayaraq mənzil alıblarsa, deməli, artıq mülkiyyətçi sayıla bilərlər. “Bu cəmiyyətin yaradılması Mənzil Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilib”, – deyə A.Nəzərov əlavə edib. Ədliyyə Nazirliyinin Hüquqi Şəxslər və Vətəndaşların Vəziyyəti İdarəsinin rəisi Rahim Rəhimov məsələdən məlumatlı olduğunu desə də, bu barədə geniş danışmaq istəmədiyini bildirdi. “Biz sözügedən cəmiyyətin nümayəndələri ilə görüşmüşük, məsələ ilə maraqlanmışıq. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinə yazılı sorğu göndərin, sizə ətraflı cavab veriləcək”, – deyə R.Rəhimov əlavə edib. “İlin Dörd Fəsli” MMC-nin də münasibətini öyrənmək istədik, lakin şirkətin xanım əməkdaşı bizə rəhbərliyin ofisdə olmadığını, əlaqə nömrəmizi alaraq məlumat verəcəyini bildirdi. Gün ərzində şirkətdən heç bir zəng daxil olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt