Əsas Səhifə > Cəmiyyət, Manşet > Heydər Əsədov baytarlıq sistemini "təmir edə" bilmədi...

Heydər Əsədov baytarlıq sistemini "təmir edə" bilmədi...


28-12-2016, 10:11
Heydər Əsədov baytarlıq sistemini "təmir edə" bilmədi...
Kənd Təsərrüfatı Nazirliyində (KTN) struktur islahatları gerçəkləşə bilər

Bildirilir ki, Dövlət Baytarlıq Xidməti ilə Fitosanitar Nəzarəti Xidməti birləşdirilə bilər. Buna səbəb qənaət rejiminə keçid və xərclərin azaldılmasıdır.

Hər iki qurumun yerli idarələrinin ləğv olunacağını da xəbər vermişdik. Gələn son məlumata görə, yerli şöbələrin ləğvindən əlavə bu iki qurumun birləşdirilməsi müzakirə olunur.

Mənbə qeyd edir ki, KTN-də izafir xərclərin minimuma endirilməsi və gələn ildən daha qənaətlə fəaliyyət göstərilməsi hesablanıb. Hər iki qurumun bir mərkəzdə birləşməsi isə müəyyən ixtisarlara, artıq ştatların azaldılmasına gətirib çıxaracaq.

Digər tərəfdən qeyd etmək lazımdır ki, sahibkarlar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindəki rüşvətxorluq və özbaşınalıqdan əziyyət çəkirlər. Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov əlavə ödənişlər tələb edirlər.

İdxala icazə üçün iş adamlarından açıq şəkildə rüşvət istənilir. Onlara bildirilir ki, şikayət etməyin mənası yoxdur.Sahibkarlar qeyd edirlər ki, tikinti materiallarının fitosanitar karantin baxışı alver predmetinə çevrilib.

Bir ay ərzində 4 dəfə məhsul idxal edən bu özbaşınalığa görə azı 640 manat verməlidir. Kənd təsərrüfatı naziri Heydər Əsədova çoxsaylı şikayətlər ünvanlanır. Amma heç bir tədbir görülmür.

Tarif Şurasının qərarı ilə idxal edilən materiallara fitosanitar karantin baxışının keçirilməsi üçün 1 kub metr meşə materialları üçün 0,01 manat, bitkiçilik məhsullarının idxalına fitosanitar sertifikatlarının verilməsinə görə isə 3 manat məbləğində rüsum müəyyən edilib.

İş adamlarının başının bəlasına çevrilən ikinci qurum isə Baytarlıq Xidmətidir. Dövlət xidməti rəhbərliyi sahibkarlardan sertifikatın verilməsinə görə bundan dəfələrlə artıq miqdarda qeyri-qanuni pul tələb edir.

Redaksiyamıza bildirilib ki, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev və həmin xidmətin şöbə müdiri Mehman Məmmədov 1 vaqon meşə materiallarına görə 80 manat, yəni 80 dəfədən artıq məbləğ alır.

Obyekt sahibləri, iş adamları idarə əməkdaşlarının özlərini vergi müfəttişi, prokurorluq əməkdaşı kimi apardığını, sanki istintaq hərəkətləri edən müstəntiq kimi davrandığını deyirlər.

Onların sözlərinə görə, baytarlıq şöbəsinin əsassız yoxlamalarından və qanunsuz tələblərindən boğaza yığılıblar.

Azər Süleymanovun bu sahədə fəaliyyətsizliyi və reketliklə qanunsuz pul yığdırması nəticəsində baytarlıqda islahatların aparılması arxa plana keçirilib.

Bu da ciddi şəkildə narazılıq yaradıb. Prezident sahibkarlara şərait yaratmağı tapşırıb, Baytarlıq Xidmətinin yerli idarələri isə qoçuluq edir.

Bu da həmin idarələrin ləğvinə zərurət yaradıb. Həmçinin, bu islahata səbəb iqtisadi böhranla əlaqədar hökumətin qənaət rejiminə keçməsidir. Hər iki qurumun birləşdirilməsi ayrı-ayrı sahələr olsa da, eyni mərkəzdə idarə olunması müəyyən qədər müsbət təsir göstərə bilər.
\\regionxeberleri.com\\
Geri qayıt