Əsas Səhifə > Cəmiyyət, Manşet > Radara düşən sürücülərə Vahid Nuriyev "məngənəsi"...
Radara düşən sürücülərə Vahid Nuriyev "məngənəsi"...19-01-2017, 11:22 |
urada insanları otağa saldıqdan sonra qapını bərk-bərk bağlayır və pulu alınmayana qədər vətəndaşı buraxmağ belə düşünmürlər. Otaqdan çıxan hər kəs kədərə bürünür. Qanunda isə belə yazılıb: Yol polisi əməkdaşının sürücüdən cəriməni nağd şəkildə alması qadağandır Baş Dövlət Yol Polisi İdarəsinin hər bir sürücü üçün ən bəd otağı sayılan 403-cü otağının qarşısında maraqlı söhbətin şahidi olub. Əməkdaşımız orada görüb eşitdiklərini bizimlə bölüşüb… …Bu qapıya adətən radara düşən sürücülər gəldiyindən səhər saatlarına baxmayaraq hər kəsin üzündə kədər vardı. Uzun növbə yarandığından və 2-3 nəfər polis əməkdaşının «iş düzüb-qoşanlıq» edərək hər 5 dəqiqədən bir növbədə gözləyən insanları nəzərə almadan, «Elvin», «Şahin» çağıraraq kənardakıları otağa aparmasından sonra insanların onsuz da tarıma çəkilən əsəbləri bir az da gərilirdi. «Qapını bağlayıb cibə girdi oyununa başlayırlar» İçəridə qapının ağzını kəsən mülki geyimli cavan oğlanın vəzifəsi isə deyəsən içəri girən hər vətəndaşın ardınca qapını bağlamaq idi. Sürücünün radara düşüb-düşməməsini yoxlamaq üçün otağın qapısının hər dəfə bağlanmasının nəyə lazım olduğunu bilməsəm də, sonradan bunu yəqinləşdirə bildim. Bəzi təcrübəli sürücülər növbələrinin çatacağını səbrsizliklə gözləyən digərlərinə içəri girməyə tələsməməyi tövsiyyə edirdi. «İçəri girənin cibinə pul qoymurlar, pulunu alırlar. Yazıqsan, qoy pulun bir az da cidində qalsın».(bakunews)Bu otağın qarşısında gözlədiyim təxminən 1 saat ərzində hər kəsin üzündə kədər olsa da, deyib-gülən iki nəfər diqqəti xüsusi cəlb edirdi. Aralarında olan söhbətdən belə başa düşmək olurdu ki, bunlar 403-cü otağı tez-tez «ziyarət edirlər». Amma öz cərimələrini ödəmək üçün deyil, başqasına görə gəlirlər. Xətai RİH-də Samir adlı şəxs radara görə 3 min manat ziyan edib Hər iki nəfərin tanıdığı Samir adlı şəxs avtomobillərin qənimi imiş. Əlinə düşən istənilən avtomobili sürmək səlahiyyəti olan Samir avtomobilə minən kimi bütün radarlarda «şəkil çəkdirib» keçir. Buna görə də cərərimə cərimə ardınca, bal-bal ardınca gəlir. Cəriməni Samir adlı şəxs özü ödəsə də, balı paylaşdırmağa bu dəfə bu iki nəfər gəlmişdi. Deyilənə görə, Samir hətta atasından xəbərsiz öz atasının da sürücülük vəsiqəsinə 18 bal «hədiyyə» edib. Bu sürücülərin yoxladtıqları «dördgüz» kimi tanıdığımız «Mersedes»in isə nə az nə çox, düz 800 manat cəriməsi varmış. Digər markasını bilmədiyim avtomobilin cəriməsi isə 1200 manatdan yuxarı idi. Onlar gülə-gülə içəridən çıxıb, razılaşdılar, sonra yenidən içəri keçən sürücülər yaxın vaxtlarda rayona gedəcəklərini və heç olmasa «Land Gruiser» markalı avtomobildən istifadə etməyi qərara aldılar. Sürücülərdən biri o birinə bu avtomobilin də radarının olub-olmamasını yoxlamağı tapşırdı. Sən demə, bu avtomobilin də radara görə cəriməsi varmış – 560 manat. Bunu eşidən sürücü Samirin şəninə bir «dua» da oxudu. Dediyinə görə, təkcə bu il o 403-cü otağa 3 min manatdan artıq pul verib. Amma bu pulu rəsmi, yoxsa qeyri-rəsmi verdiyini bilmədik. Sonradan isə orada hər iki sürücünü tanıyan şəxsdən öyrəndim ki, bu şəxslər Xətai Rayon İcra Hakimiyyətinin sürücüləridir. Amma haqqında söhbət gedən Samirin kim olduğunu dəqiqləşdirə bilmədim. Bircə onu eşitdim ki, Samir kimdirsə, Xətai rayon İcra Hakimiyyətində bütün avtomobilləri sürmək səlahiyyətinə malikdir və hətta bir dəfə öz sürücüsünü avtomobillə qovarkən sürücüsü maşını Samirə məxsus digər avtomobilə çırparaq əzib. Və belə hadisələrə görə Samir Xətai Rayon İcra Hakimiyyətində çox tanınır. Bu otaq bank deyil, alınan pullara görə qəbz verilmir Yeri gəlmişkən, ölkəmizdə Samir kimi hər gün radara düşən yüzlərlə sürücü var. Onları MMX radar çəkirsə, dərhal sistemə vurulur və sürücüyə elektron protokol göndərilir. Qanunvericiliyə görə, sürücü həmin protokoldan narazı deyilsə, bu sənəd əsasında istənilən banka gedib cəriməni ödəyə bilər. Amma Baş Dövlət Yol Polisi İdarəsinin 403-cü otağındakı şıdırğı alver başadüşülən deyil. Məsələn, o otağa girib-çıxan hər kəs pul verdiyini deyir. Maraqlıdır, axı bu otaq bank deyil və alınan pullara görə də heç kimə qəbz verilmir. Özü də, ən az pul verən 500 manatdan dəm vurur. Nə qanun düz işləyir, nə də DYP-nin sistemi Digər bir mühim məsələ ondan ibarətdir ki, radara düşən sürücüyə elektron protokol tərtib olunub ünvanına göndərilir. Amma son vaxtlar bu cür protokollarla banka gedib ödəniş etmək istəyənlər problemlə üzləşirlər. Çünki cərimə sistemə vurulmayıb. Və sürücülər də məcbur olub cəriməni ödəmək üçün Baş Dövlət Yol Polisi İdarəsinə üz tuturlar. Burada isə «xəzinə» rolunu oynayan 403-cü otaqda pul verib gedirlər. Və bununla da məsələ həll olunur. Həll olunmayan məsələ isə odur ki, bəzi sürücülər ünvana gələn MMX radar protokolu ilə banka ödəniş etmək üçün aylarla gözləyir, həftədə bir dəfə banka gedir, amma məlum olur ki, cərimə sistemə vurulmayıb. Sürücü isə qanuna əsaslanıb, ödənişi banka etməyi düşünür. Və bir neçə aydan sonra məlum olur ki, DYP cəriməni sistemə vurmaya-vurmaya vətəndaşa faiz də hesablayıb. DYP-nin internet sistemində ciddi problemlər var Ümumiyyətlə, DYP sistemini deyə bəlmərik, amma deyəsən, DYP-nin elektron məlumat sistemində çox ciddi problemlər var. Əgər sürücü MMX radara düşübsə, evinə məktub göndərilibsə, məktubda protokol və qayda pozuntusunu əks etdirən görüntülər varsa, sürücü bununla razılaşırsa, nədən DYP-nin sistemindəki hansısa problemə görə polis şöbələrinin qarşısında növbə gözləməli, ayda 4 dəfə banka getməlidir? Vətəndaşların işini asanlaşdırmaq əvəzinə, niyə bu qədər qəlizləşdirirlər? Bəlkə bu işlərin də «ASAN xidmət»ə verilməsinin vaxtı çatıb? Belə baxanda, işi asanlaşdırmağın yolu elə budur, çünki DYP-nin sistemindəki problemlər illərdir ki, davam edir və düzəlməyə doğru da nəsə müşahidə edilmir. Amma istək və arzu olsa, DYP sistemi çox gözəl işləyə bilər. Hələlik belə istək görünmür. Yol polisi əməkdaşının sürücüdən cəriməni nağd şəkildə alması qadağandır Məsələn, son dövrlər kütləvi şəkildə artan MMX radarlara Baş Dövlət Yol Polisi İdarəsindən başqa heç kim müdaxilə edə bilməz. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, rayon dövlət yol polisi şöbələri MMX radarla bağlı işlərə baxıb həll edə bilməzlər, çünki onlar sistemdə sürücü barəsində məlumatları görə, MMX radarın mövcudluğu ilə tanış ola bilsələr də, onu silmək, dəyişmək və ya həmin məlumata hansısa müdaxilə etmək imkanlarına malik deyillər. Ölkənin istənilən yerində MMX radara düşən sürücülər bir qayda olaraq problemin həlli üçün Baş DYPİ-nin 403-cü otağına göndərilirlər. Deməli, belə vəziyyəti 403-cü otaqla birlikdə təhlil etdikdə aydın olur ki, bunu edənlərin hədəfi pulların bir mərkəzə cəmlənməsi olub. Qanunda isə açıq şəkildə yazılıb ki, yol polisi əməkdaşının sürücüdən cəriməni nağd şəkildə alması qadağandır. Cərimə olunan sürücü cəriməni bankda və ya plastik kartla DYP-nin post-termniallarında, habelə, internet vasitəsilə və ya poçtla ödəyə bilər. Elədirsə, DYP-dən bu suallara cavab istəyirik: -403-cü otaqda MMX radarı olan sürücülərdən pulu kim və niyə alır? -Bunu hansı əsasla edirlər? -Sürücü otağa girən kimi qapıları niyə kilidləyirlər? -Qapını kilidləmək nəyə lazımdır? -Axı kənardan baxan elə bilər ki, kimisə qarət edirlər… rublika.az Geri qayıt |