Əsas Səhifə > Cəmiyyət, Manşet > Ermənilərin dostunun Azərbaycanda nə işi var?

Ermənilərin dostunun Azərbaycanda nə işi var?


2-02-2017, 10:31
Ermənilərin dostunun Azərbaycanda nə işi var?
Bu yaxınlarda LEGİON İnformasiya Agentliyində “Eldar Mahmudovun obyektini dövr alan gürcü biznesmen Ermənistan hakimiyyətinin dostudur? – NÜANSLAR” başlıqlı yazı dərc olunmuşdu. Ötən ilin sonlarında sabiq MTN başçısı Eldar Mahmudovun ən böyük şirkətlərindən biri “Saba Cars”ın yeni adla fəaliyyətə başlaması barədə məlumat yayılmışdı. LEGİON bildirir ki, terefdar.az-da yayılan məlumatda qeyd olunurdu ki, Eldar Mahmudova məxsus olan avtomobil satış mərkəzi uzun müddət qapalı qaldıqdan sonra nəhayət ki, fəaliyyətə başlayıb. Tərəfdar.az xəbər verir ki, “Aztech Tegeta Motors” adında fəaliyyətə başlayan obyektdə təmizlik işləri başlanıb. Badamdar qəsəbəsi “Qurd Qapısı” dairəsinə yaxın ərazidə yerləşən həmin obyekt 2007-ci ildə “Avtomobil Dünyası” adı altında fəaliyyətə başlamışdı.
Fevralın 15-də təntənəli açılışı gözlənilən “Aztech Tegeta Motors”a gəlincə, bu şirkət Gürcüstanda nəhəng şirkətlərdən birinin törəməsidir. “Tegeta Motors” Gürcüstanda monopolist şirkətlərdən hesab olunur. Bir şirkətin və eyni zamanda “Sairme” kurortunun sahibi Temur Koxodze 2008-2012-ci illərdə Vahid Milli Hərəkat Partiyasından millət vəkili olmuşdu.
Bu şəxs və onun şirkəti barəsində Transparency Internationalın hesabatlarında bir sıra məqamlar diqqəti çəkir. Belə ki, 2008-ci ildə “Tegeta Motors” seçki kampaniyasına 500 min lari (303 min ABŞ dolları) ianə edib və bu, rəsmi hüdudlardan beş dəfə artıqdır. Eyni ildə isə T.Koxodze hakim partiyadan deputatlığa namizəd olur və seçkilərdə qalib gəlir.
Bundan sonrakı illərdə isə böyük dövlət sifarişləri və tenderlərdə “Tegeta Motors”un adı daha çox hallanmağa başlayır. Beynəlxalq təşkilatların hesabatlarına bu şirkətin bir neçə milyonlarla dollar dəyərində dövlət sifarişini qarşılayan “monopolist” kimi düşdüyü deyilir. “Tegeta Motors”un Ermənistanda da böyük törəmə şirkəti və filialı var. Temur Koxodzenin İrəvandakı nümayəndəliyin rəsmi açılışında da Ermənistanın vəzifəli şəxsləri ilə birlikdə iştirak etməsi “Youtube”da paylaşılan videolardan aydın görünür.
Bu videosüjetlər Ermənistanın müxtəlif telekanallarında yayımlanıb. T.Koxodzenin Ermənistana tez-tez səfər etdiyi və Ermənistan hakimiyyətindəki bir çox şəxslə yaxın münasibətlərdə olması da LEGİON-a məlumat verən mənbələr tərəfindən qeyd olunur. Həmçinin, mənbələrin bildirdiyinə görə, Gürcüstandakı Temur Koxodzeyə aid müəssisələrdə işçilərin əksəriyyəti ermənilərdir və məhz Koxodzenin göstərişi ilə azərbaycanlılar işə götürülmür (legion.az).
“Tegeta Motors” 2011-ci il dekabrın 18-də İrəvanda Ermənistanda ilk multibrend servis mərkəzi və “Flash Tegeta Motors” baş ofisi açıb. Açılışa həsr olunmuş tədbirdə nazirlər və digər rəsmi şəxslər, diplomatik korpus, ölkədə aparıcı biznes şirkətlərin nümayəndələri, Gürcüstandan “Tegeta Motors”un top menecmenti və müxtəlif ölkələrdən şirkətin uzun illər əməkdaşlıq etdiyi dünya brendlərinin nümayəndələri iştirak edirdilər (bizzone.info).
Biz qərara gəldik ki araşdıraq, doğrudanmı “Tegeta Motors”un Ermənistanda filialı var və doğrudanmı bu şirkət Azərbaycanda törəmə şirkət açmağa hazırlaşır? Bizi növbəti məsələ də maraqlandırırdı: “Doğrudanmı LEGİON bildirdiyi kimi Temur Koxodze “Tegeta Motors”un prezidentidir? Bizi maraqlandıran suallara cavab almaq üçün biz “Tegeta Motors” şirkətinə müraciət etdik. “Temur Koxodze “Tegeta Motors”un mülkiyyətçisidir” – deyə şirkətin əməkdaşları LEGION-a bildirdilər.
Şirkətin əməkdaşlarının sözlərinə görə, “Tegeta Motors” həqiqətən də Bakıda filial açmağa hazırlaşır. “Tegeta Motors” şirkətinin nümayəndəsi Georgiy Laladze bizə bildirib ki, onun şirkətində azərbaycanlılar işləmirlər. Şirkətin digər əməkdaşı Tata Qoqua bildirdi ki, “Tegeta Motors”un, Ermənistanda filialı yoxdur. “Əvvəllər həqiqətən də bizim Ermənistanda filialımız var idi. Amma bu gün Ermənistanda öz filialımız yoxdur. Amma biz orada öz filialımızı açmaq niyyətindəyik”, – deyə Tata Qoqua bildirib.
Şirkətin əməkdaşı bildirdi ki, həqiqətən də “Tegeta Motors” şirkətində erməni millətinin nümayəndələri işləyir. Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı LEGİON-a bildirib ki, o, Ermənistanda işgüzar maraqları olan şirkətlərin Azərbaycan ərazisində bizneslə məşğul olmasına son dərəcə mənfi yanaşır.
“Azərbaycan həmişə qardaş Gürcüstana kömək edir. Biz öz çətinliklərimizə baxmayaraq, Gürcüstanı ucuz qazla təchiz edirik. Düşünürəm ki, dövlət qurumları Ermənistanda biznes əlaqələri olan şirkətlərə Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan etməlidirlər”,- «Qarabağ Qaziləri» İctimai Birliyinin sədri Etimad Əsədov LEGION-a bildirib.
“Mən Ermənistanla işgüzar münasibətləri olan şirkətlərin Azərbaycanda da öz biznesini qurmalarına mənfi yanaşıram. Onlar bizim Ermənistanla müharibə vəziyyətində olduğumuzu anlamalıdırlar”,- deyə müstəqil deputat Vahid Əhmədov LEGION-a bildirib. Millət vəkilinin fikrincə, gürcü şirkətlərinin azərbaycanlılara məhəl qoymayaraq erməniləri işə götürmələri artıq adi hal olub.

Geri qayıt