Əsas Səhifə > Cəmiyyət, Manşet > Əbülfəs Qarayevin işçisindən daha bir şikayət

Əbülfəs Qarayevin işçisindən daha bir şikayət


3-02-2017, 10:56
Əbülfəs Qarayevin işçisindən daha bir şikayət
«Zöhrab Məmmədov vətəndaşlardan rüşvət kimi aldığı pulu qaytarmaq əvəzinə, onlara hədə-qorxu gəlir»

Bunu Xaçmaz rayonunun Qoçaqlı kənd sakini Koroğluyeva Gülnaz Hətəm qızının nümayəndəsi Vüsal Başaratvi Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralova ünvanladığı müraciətində yazıb.
Müraciətdə deyilir:

«Hörmətli Baş prokuror!
Xaçmaz rayon Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədov qardaşım Başaratov Nəcməddinlə nümayəndəsi olduğum bacım Koroğluyeva Gülnazın şikayəti əsasında “Legion” saytının yaydığı xəbərdən sonra mənə Xaçmaz rayon Prokurorluğunun və RİH başçısı Şəmsəddin Xanbabayevin adından sui-istifadə edərək xəbər göndərir ki, onun barəsində edilən şikayətlər əsassızdır, yazı saytdan götürülsün, əks halda, məni həbs etirəcək.
Bildirmək istəyirəm ki, mən 2011-ci ildən 2016-cı ilin ortalarına qədər jurnalist kimi fəaliyyət göstərmişəm. Səhhətimlə əlaqədar fəaliyyətimi dayandırmışam. “Legion”a bacımın adından etibarnamə əsasında nümayəndə kimi şikayət ərizəsinə münasibət bildirmişəm. Çünki şikayət varsa, mövzu ilə bağlı jurnalistin suallarını cavablandırmaq həm şikayətçinin, həm də qarşı tərəfin borcudur.
Sayt mənim dediklərimi olduğu kimi yazmışdı, eyni zamanda qarşı tərəfin müsahibəsini də olduğu kimi vermişdi. Yazıda bir neçə cümlə diqqətimdən yayınmadı. Zöhrab Məmmədovun «Onlar bizdə işləyib, sonra ixtisara düşübsə, mənim günahım nədir?» - deyərək etiraf etməsindən belə hesab etmək olar ki, o, şikayətçilərin verdiyi pulu rüşvət olaraq alıb.
Bildirirəm ki, Z.Məmmədov Başaratov Nəcməddini işə qəbul edərkən ona əmr verməyib, hətta işləməsi barədə verdiyi arayış aidiyyəti quruma təqdim olunan zaman məlum olub ki, həmin arayış qeydiyyata alınmayıb, yəni saxtadır.
Qeyd edim ki, Zöhrab Məmmədov Koroğluyeva Gülnazdan aldığı 1500 manat rüşvətin qarşılığında ona verdiyi maaş kartında cəmi 55 manat oturdulub.
Zöhrab Məmmədov onlardan pul almadığını bildirsə də, Başaratov Necməddin pulu ona verərkən yanında kəndçisi Nurahmədov Samir də olub. Başaratov Nəcməddin Zöhrab Məmmədova sürücü vəzifəsi üçün 1500 manat, Nurahmədov Samir isə nəzarətçi vəsifəsi üçün 2000 manat pul verib. Hətta Nurahmədov Samir 1500 manatını geri almaq üçün Zöhrab Məmmədovdan Xaçmaz rayon Prokurorluğuna şikayət edib. Bundan xəbər tutan Zöhrab Məmmədov iki nəfərin şahidliyi ilə qalan 1500 manatı qaytaracağı barədə əlyazma qəbz imzalayaraq Nurəhmədov Samirə verib və onu prokurorluğa yazılan şikayəti geri götürməsinə razı salmağı bacarıb.
Bütün bunlar Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədovun insanların etibarından sui-istifadə edərək külli miqdarda pul mənimsədiyini deməyə əsas verir.
Hətta Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin müdiri Nazim Ağayev Zöhrab Məmmədov haqqında verilən şikayətdən sonra bildirib ki, Zöhrab Məmmədov dəluduzdur, ona heç pul verərlər?
Əgər Nazim Ağayev işçisi Zöhrab Məmmədovun dələduzluq etdiyindən xəbərdardırsa, nə üçün bu günə kimi onu direktor vəzifəsində saxlayıb?
N.Ağayev «Legion»a müsahibəsində Zöhrab Məmmədovu işə götürmək səlahiyyətinin onda olmadığını deyib. Hüquq-mühafizə orqanlarının bütün bu olanlara reaksiya verməməsi də müəmmalı olaraq qalır».
Vüsal Başaratvi yazır ki, «problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb, yəqin onların da bu məsələdə öz maraqları var».
Sonda nümayəndə V.Başaratvi mətbuat vasitəsilə Baş prokurordan xahiş edir ki, vətəndaşları aldadan Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədov barəsində ciddi tədbir görülsün və onun mənimsədiyi pulların geri qaytarılmasına köməklik göstərsin.
Məsələ ilə bağlı mövqeyini öyrənmək üçün Xaçmaz Mədəniyyət Mərkəzinin direktoru Zöhrab Məmmədovla telefon əlaqəsi saxladıq. Z.Məmmədov şikayətin əsassız olduğunu və bu barədə rəsmi mövqe bildirəcəyini söylədi. Lakin aradan bir həftə keçməsinə baxmayaraq, hələ də Mədəniyyət Mərkəzinin direktorundan bir xəbər yoxdur. Hal-hazırda da tedefonu bağlıdır.
Növbəti yazımızda şikayətçilərin özlərinin aidiyyəti qurumlara ünvanladıqları müraciətləri və redaksiyamıza təqdim etdikləri digər sənədlərlə bağlı araşdırmamızı təqdim edəcəyik.
Qarşı tərəfi də dinləməyə hazırıq.
\\tezadlar.az\\
Geri qayıt