Əsas Səhifə > Cəmiyyət, Manşet > Gəncə Dövlət Universitetində Eldar Mahmudov rüzgarı...

Gəncə Dövlət Universitetində Eldar Mahmudov rüzgarı...


9-02-2017, 09:25
Gəncə Dövlət Universitetində Eldar Mahmudov rüzgarı...
"Gəncə Dövlət Universitetində çox güclü "Mahmudovçu" qruplaşması mövcuddur. Bu qruplaşmanın rəhbəri Zakir Zeynalovdur".

Bu barədə Göygöl sakini Fikrət Hacıyev bildirib. AFN-in məlumatına görə, F.Hacıyevin politika.az saytına ünvanladığı məktubda daha sonra qeyd edilir: "Bu haqda 28.02.2006 tarixində Eldar Mahmudova şikayət yazdım və nəticədə 2011-ci ildə işdən qovuldum. Belə ki, seçki zamanı MTN əməkdaşı Mamed müəllim çıxış edənlərin hamısını kameraya çəkdirirdi və ciddi təzyiq göstərirdi. Onda mən bilmirdim ki, MTN Zakir Zeynalovun köməyi ilə GDU-nun müəllimlərindən MTN-in təhsil işləri ilə məşğul olan əməkdaşı Zamin müəllimin dediyi kimi "dolya" yığırmış. Mənim işdən qovulmağımın əsas səbəbi də elə bu olmuşdu. Axı mən nəinki MTN-nə haqq verirdim (heç bir tələbədən indiyə kimi rüşvət almadığım üçün), həm də "Mahmudovçuların" Heydər Əliyev əleyhinə təbliğatına mane olurdum. Çünki mən Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Moskva Energetika İnstitunun elektron texnikası fakültəsinə qəbul olunmuş, həmin institutu fərqlənmə diplomu ilə bitirmişəm və adım bir neçə dəfə Heydər Əliyevin çıxışlarına düşmüşdü”.

F.Hacıyev daha sonra yazır ki, 52 və 29 günlük iki aclıq aksiyasından sonra sağlamlığını həmişəlik itirib: "Bundan sonra işə bərpa olsam da, "alim" "Mahmudovçular" yenə məni rahat buraxmadılar. Ancaq prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanıma müraciətlərimdən sonra 17 aylıq əmək haqqımı ala bildim. Ən qəribəsi isə odur ki, Eldar Mahmudovun cinayətkar dəstəsinin cinayət işləri getdiyi halda, GDU-dakı "Mahmudovçular" vəzifədə irəli çəkilir və layiq olmadıqları fəxri adlara layiq görülürlər. Misal üçün hətta təhsil nazirinə də şəxsən bildirməyimə baxmayaraq ki, Zakir Zeynalovun fizikadan heç 9-cu sinif səviyyəində savadı yoxdur, o GDU-nun fəxri professoru seçildi və ixtisasartırma şöbəsinin müdiri vəzifəsinə seçildi.
Zakir Zeynalovun özünün dediyi kimi, MTN-in tapşırığı ilə mənim e-mail ünvanımdan GDU-nun ağsaqqal müəllimi haqqında (mənim açıq dərsimi dinləməli olan) biabırçı məlumat yayan yaxın dostu Elxan müəllim isə indi dekan müavinidir. İş o yerə çatıb ki, müəllimlər üçün universitetdə heç bir şərait, kompüter, İnternet və sadəcə oturmağa yer olmadığı halda yeni prorektor Gülsüm xanım "kompüter, İnternet nəyə lazım, mənim kimi kağız qələmlə işləməyi öyrənin, mən heç kompüterlə işləyə bilmirəm, deməli alim deyiləm?" deyə onları haqsız çıxarır. Bu sözləri deyən prorektor tətil günləri kafedraları gəzib, onun yoxladığı saatda iş yerində, yəni kompüter, İnternet olmasa da civə buxarları ilə zəngin olan GDU-nun II korpusunda olmayan müəllimlərin əmək haqqını kəsir".

P.S. AFN xatırladır ki, adıçəkilən ali təhsil müəssisəsinin keçmiş MTN rəhbərliyi ilə əlaqələri haqda mediada bir çox məlumatlar özünə yer alıb. Bu da onlardan biridir. Yazıda adı keçən hər kəsin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt