Əsas Səhifə > Cəmiyyət, Manşet > “Azəravtoyol” “Azərbaycan Dəmir Yolları”na birləşdirilir

“Azəravtoyol” “Azərbaycan Dəmir Yolları”na birləşdirilir


1-03-2017, 10:53
“Azəravtoyol” “Azərbaycan Dəmir Yolları”na birləşdirilir
“Azəravtoyol” ASC-nin Bakıdakı İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) şair Mikayıl Müşfiqin abidəsini götürməsindən sonra yaranmış qalmaqal böyüyür.

“Azəravtoyol”un abidənin dağıdılmadığını sübut edən fotoları ictimailəşdirməsi də işə yaramadı.
Xəbərlər ildırım sürətilə yayılmağa və yüksək səviyyəsində müzakirə olunmağa başladı. Qurum rəsmisi Anar Nəcəflinin işlərin ölkə başçısının sərəncamlarına uyğun olaraq icra edildiyini deməsi də problemi çözmədi. Əksinə, Prezident İlham Əliyev məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq verdi.

Bundan sonra isə “Azəravtoyol” bəyan etdi ki, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin iş icraşısı "Azəravtoyol" ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü götürüb.

Buna görə də öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb.
Həmin MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib.

Hadisələrin bu məqamında daha bir xəbər yayılıb: “Azəravtoyol” ASC-nin “Azərbaycan Dəmir Yolları” QSC-nə birləşdiriləcəyi gözlənilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az-a açıqlamasında bu barədə məlumatlı olmadığını deyib.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fəzail Ağamalı birləşdirilmənin mümkün olduğunu açıqlayıb:

“Burada qeyri-adi heç nə yoxdur. Bu iki qurum əlbəttə, birləşdirilə bilər. Təbii ki, ölkə başçısının səlahiyyətində olan və onun iradəsilə həll edilən məsələdir”.

Deputat abidənin götürülməsini vəhşilik adlandırıb:

“Bu, Azərbaycan mədəniyyətinə, kalsssikamıza, Mikayıl Müşfiq irsinə böyük hörmətsizlikdir. Müşfiq talehsiz şairlərimizdəndir. Təsəvvür edin, ona bir büst qoyulub. Ona da hörmətsiz, qeyri-insani münasibət sərgiləməyin özü vəhşilikdən başqa bir şey deyil”.

Geri qayıt