Əsas Səhifə > Cəmiyyət, Manşet > "Rabitə işi" üzrə təqsirləndirilən Beytulla Hüseynov dəymiş ziyanı ödəyib

"Rabitə işi" üzrə təqsirləndirilən Beytulla Hüseynov dəymiş ziyanı ödəyib


9-06-2017, 12:14
"Rabitə işi" üzrə təqsirləndirilən Beytulla Hüseynov dəymiş ziyanı ödəyib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilərək həbs edilmiş əməkdaşlarından biri dövlətə vurduğu ziyanı ödəyib.

APA-nın məlumatına görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri olmuş Beytulla Hüseynov dövlətə vurduğu 10 milyon manat məbləğində ziyanı ödəyib.

Qeyd edək ki, B. Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

O, Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Hazırda B.Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.


Dövlət ittihamçısı təqsirləndirilən B. Hüseynovun 15 il, V. Zeynalovun 14 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.

Geri qayıt