Əsas Səhifə > Cəmiyyət, Manşet > Köçkün ailəsini bayıra atdılar
Köçkün ailəsini bayıra atdılar2-08-2017, 10:08 |
Bakı sakini Arifə Əlfi qızı Haqverdiyeva "Yeni Müsavat”a şikayət məktubu ünvanlayıb. Şikayətçi bildirir ki, 2013-cü ilin 29 yanvar tarixində "Əzizbəyov-KM” MMC-dən 44 min 750 manata Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən və adıçəkilən şirkət tərəfindən tikilməkdə olan binadan ev alıb. Daha sonra o, 40 min əlavə vəsait xərcləyərək, evi təmir edib 2 otaqlı mənzili 4 otaqlıya çevirdiyini və elə həmin ildən də 6 nəfərlik ailə üzvləri ilə birlikdə yaşamağa başladıqlarını yazır. A.Haqverdiyevanın aldığı 252 nömrəli 102 kvadratmetrlik mənzil binanın 3-cü girişində, 10-cu mərtəbəsində olub. Lakin ailə yeni evinə yerləşdikdən sonra başlarına gözlənilməz hadisə gəlib. Belə ki, Xuraman Kamil qızı Mirzəyeva adlı şəxs "Əzizbəyov-KM” MMC və "Etalon-İnşaat” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirib ki, guya 252 nömrəli həmin mənzil 2006-cı ilin 30 iyulunda Məmmədov Fuad Haqverdi oğluna satılıb. Xətai Rayon Məhkəməsinin hakimi Mamidar Misirzadə isə 09.10.2014-cü il tarixində qarşı tərəfin iddiasını təmin edib və qərar çıxarıb ki, sözügedən mənzilin alınmasına dair Arifə Haqverdiyeva ilə bağlanılan müqavilə etibarsız sayılsın və mənzil iddiaçıya, yəni Xuraman Mirzəyevaya təhvil verilsin. Növbəti məhkəmə prosesində isə Bakı Apelyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını ləğv edib və Xuraman Mirzəyevanın iddiası rədd edilib. Bakı Apelyasiya Məhkəməsi öz qərarını əsaslandırıb ki, "Etalon-İnşaat” MTK tərəfindən Xuraman Mirzəyevaya satıldığı iddia edilən mənzilin müqaviləsi saxtalaşdırılıb. Belə ki, Xuraman Mirzəyevaya satılmış eyni binanın 3-cü mərtəbəsindəki 203 nömrəli mənzilin sonradan başqa bir adama satıldığından, mənzilin nömrəsi müqavilədə ağardıcı ilə pozulub və 252 nömrəsi qeyd olunub. Mənzilin mərtəbəsini göstərən 3 rəqəmi də pozularaq əvəzində 10 yazılıb. Məhkəmə təsdiqləyib ki, bu iki mənzilin biri 3-cü, digəri isə 10-cu mərtəbədə yerləşir və bir-birinə heç bir aidiyyəti yoxdur. Daha sonra isə proses Ali Məhkəmədə davam edib. 2015-ci ilin 27 mayında Ali Məhkəmə Bakı Apelyasiya Məhkəməsinin Arifə Haqverdiyevanın xeyrinə çıxartdığı qərarı ləğv edib və Bakı Apelyasiya Məhkəməsinə yenidən baxılması üçün göndərib. Apelyasiya Məhkəməsi yenidən Xuraman Mirzəyevanın iddiası rədd edib. Bunun ardından Ali Məhkəmə ötən ilin 5 iyun tarixində Xuraman Mirzəyevanın kasasiya şikayətini təmin edərək Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işi yenidən geri qaytarıb. Bakı Apelyasiya Məhkəməsinin hakimləri Saqi Məmmədov, Mədinə Bağırova və Məmməd Məhəmmədov Xuraman Mirzəyevanın xeyrinə qərar qəbul ediblər ki, Xətai Rayon Məhkəməsinin çıxartdığı qərar saxlanılsın. Bu isə Arifə Haqverdiyevanın mənzilinin əlindən alınması deməkdir. Ali Məhkəmə də bu ilin 25 aprelində sözügedən sonuncu qərarı təsdiqləyib və A.Haqverdiyevanın iddiasını təmin etməyib. Bu qərarı verən Ali Məhkəmə hakimləri isə Asan Kalbalıyev, Əsəd Mirzəliyev və İlqar Xələlov olub. Beləliklə, 4 illik məhkəmə prosesi Arifə Haqverdiyevaya 84 min 750 manata başa gələn evinin əlindən çıxması ilə nəticələnib. Dərdini "Yeni Müsavat”a danışan Arifə Haqverdiyeva yazır ki, hakimlərin qanunsuz olaraq çıxartdıqları qətnamə əsasında 6 nəfərlik qaçqın ailəsi qanuni evini itirib: "Pul verib aldığım, təmir etdiyim, 4 il yaşadığım mənzildən məni çıxarıb çölə atırlar. Yaşamağa başqa yerimiz yoxdur. Müstəqil dövlətimiz olsa da, onun məhkəmə sistemi bərbad vəziyyətdədir, bəzi hakimlərdə insanlıq, millət sevgisi və vətənpərvərlik yoxdur. Onları istənilən məhkəmə prosesində haqq-ədalət deyil, pul maraqlandırır. Araşdırma aparılmadan pul verənin xeyrinə qərar qəbul olunur. İddiaçı və evimi əlimdən alan Xuraman Mirzəyeva hər yerdə deyir ki, Xətai Rayon Məhkəməsinə 3000 manat, Bakı Apelyasiya Məhkəməsinə 5 min manat, Ali Məhkəməyə isə 10 min manat verib və məhkəməni bu yolla udub. Məhz bunun nəticəsində hər üç məhkəmənin hakimləri Xuraman Mirzəyevanın mənzil müqaviləsinin saxta olması ilə bağlı ekspert rəyinin olmasına rəğmən, onun xeyrinə qərar veriblər”. Qeyd edək ki, şikayətçi redaksiyamızla yanaşı, ölkə başçısına da eyni məzmunlu müraciət ünvanlayıb. Arifə Haqverdiyeva hər üç məhkəmədə onun mənzili ilə bağlı qanunsuz qərar çıxaran hakimlərin cəzalandırılmasını xahiş edir. Məsələ ilə bağlı qarşı tərəfin, eləcə də yazıda adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |