Əsas Səhifə > Cəmiyyət, Manşet > Quba məktəbində rüşvət qalmaqalı:
Quba məktəbində rüşvət qalmaqalı:9-08-2017, 12:06 |
Quba rayonunun Afurca kənd orta məktəbində müəllimlərdən pul yığılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, Təhsil Nazirliyi tərəfindən məktəbdə yoxlamaların aparılmaması üçün 3 min manat pul tələbi qoyulub. “Qubanın Afurca kəndində direktor müəllimlərdən 150 manat pul yığır. Səbəb kimi də yoxlamaların aparılmaması üçün hər məktəbin üzərinə 3 min AZN pul öhdəliyi qoyulmasını göstərir. Direktor deyir ki, bu pulu Təhsil Nazirliyi istəyir”, - deyə şikayətdə bildirilir. Məlumatı dəqiqləşdirmək üçün Afurca kənd tam orta məktəbin direktoru İsmət Hüseynovla əlaqə saxladıq. Məktəb direktoru bu məlumatın iftira olduğunu bildirdi. Onun sözlərinə görə, məlumatı yayan adam məktəbdə işləmir: “Bu yanlış məlumatdır. Bizim məktəbdə pul yığılmır. Mənə bayaq zəng edib sosial şəbəkələrdə belə şikayətin yayıldığını dedilər. Ümumiyyətlə, mən demək istəyirəm ki, o adda adam tanımıram, bizim məktəbdə elə adam işləmir. Bizə iftira atırlar”, - deyə direktor bildirib. Məktəb direktoru həmçinin nə Təhsil Nazirliyi, nə də Rayon Təhsil Şöbəsi tərəfindən məktəbdə hər hansı yoxlama aparılmadığını dedi. Yayılmış qalmaqallı məlumatla bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Nazirliyin mətbuat xidmətindən virtualaz.org-un sorğusuna cavab olaraq bildirildi ki, Təhsil Nazirliyi və onun struktur bölmələri tərəfindən Quba rayonu ərazisində yerləşən heç bir təhsil müəssisəsində yoxlama aparılmır. Geri qayıt |