Əsas Səhifə > Cəmiyyət, Manşet > "Akkord"da maaş böhranı
"Akkord"da maaş böhranı5-09-2017, 14:40 |
«Çağırdılar, elə bildik bayrama görə maaşlarımızı verməyə çağırırlar. Getdik, hərəmizə bir bildiriş verdilər, dedilər, şirkət daha sizinlə işləmək istəmir». DİA.AZ bildirir ki, bunu «Akkord» Sənaye-Tikinti İnvestisiya Korporasiyasının Mingəçevir Maşınqayırma Zavodunun qaynaqçısı Səxavət Nəsibov deyir. Ötən həftə onlarla fəhlə maaş tələbi ilə zavodun ofisinin qarşısına toplaşıb. Əslində aylardır ki, pulsuz işləyən fəhlələr tez-tez maaş tələbiylə buraya yığışır. Ancaq bu dəfə bir qədər fərqli olub. Fəhlələr narazılıqlarını videoçəkiliş vasitəsilə bildiriblər. Onların deməsinə görə, şirkət rəhbərliyində qıcıq yaradan da bu olub. Şirkət rəhbərliyi təşkilatçı hesab etdiyi, həmçinin radionun saytında müsahibəsi dərc olunan S.Nəsibovu və başqa bir fəhləni işdən çıxarıb. Səxavət Nəsibov: «Məni və iş yoldaşım Rasim Cabbarovu konkret işdən uzaqlaşdırdılar. Biz maaş gözləyirdik, çünki sizin sayta da şirkətdən demişdilər ki, Qurban bayramınadək fəhlələrin maaşları ödəniləcək. Düzü, zəng vurub dəvət edəndə sevindik, ancaq zavoda çatanda məlum oldu ki. bizimlə müqaviləni pozmağa çağırıblar. Halbuki, müqavilənin vaxtı sentyabrın 6-da bitir. Bizə xəbərdarlıq bildirişi verdilər və həmin andan zavoda girişimizi qadağan etdilər. Açıq şəkildə dedilər ki, məhz etirazımızı bildirdiyimizə və ictimailəşdirdiyimizə görə şirkət bizimlə işləmək istəmir. Bayrama görə maaş vədlərini də yerinə yetirmədilər. Maaşlarımızı ödəmədilər». Zavodun S.Nəsibova bir, başqa fəhlələrə isə bir aydan 7 ayadək maaş borcu yığılıb. Fəhlələr dəfələrlə maaş tələbi ilə toplaşsalar da, zavod rəhbərliyi hər dəfə «bu gün»-«sabah» deməklə fəhlələri aylardır ki, süründürür. Avqustun 28-də fəhlələr növbəti dəfə toplaşıblar və baş verənləri çəkib radioya göndəriblər. «Burdakı fəhlələrin hərəsinin evində həll etməli olduğu xirtdəyəcən problemi var. Əlili, xəstəsi, qocası, uşağı olan var. Aylardır ki, işıqpulu, supulu, qazpulu yığılıb, ödəyə bilmirəm. Hər gün zavoddan çıxıb evə gedəndə ailəmin üzünə baxa bilmirəm. Bu şirkətin yalnız baş ofisində çalışanlar vaxtında maaşlarını alırlar. Hər bir şirkət fəhlənin, sürücünün çiyinləri üzərində dayanır. Fəhlə olmasa, o ofisdə oturan köynəyi ütülü oğlanlara da ehtiyac olmaz». dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq... Geri qayıt |