Əsas Səhifə > Cəmiyyət, Manşet > "Akif Çovdarov işi"ndə mənəvi zərərçəkənlərlə bağlı ilginc çıxış

"Akif Çovdarov işi"ndə mənəvi zərərçəkənlərlə bağlı ilginc çıxış


13-10-2017, 11:29
"Akif Çovdarov işi"ndə mənəvi zərərçəkənlərlə bağlı ilginc çıxış
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə davam edən məhkəmə prosesi ilə bağlı maraqlı məqam üzə çıxıb. Prokurorun bu iş üzrə mənəvi zərərçəkdiyini deyən şəxslərin epizodlarına münasibəti məlum olub.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərkən bu cinayət işi üzrə mənəvi olaraq zərərçəkdiyini deyən şəxslərin iddiasının təmin edilməməsini istəyib.

Bu barədə Səlim Məmmədovun vəkili məlumat yayıb.

"Zərərçəkmiş şəxslərə mənəvi zərərin vurulması sübuta yetirilmədiyindən bununla bağlı hissədə mülki iddiaların təmin olunmamasını xahiş edirəm"- deyə dövlət ittihamçısı mənəvi zərərçəkdiyini deyən şəxslərin epizoduna mümasibətində deyib.

O, mülki zərərlə bağlı qərarı isə məhkəmənin mülahizəsinə buraxıb.

Həbsdəki generalın vəkili Kamandar Nəsibov bir müddət əvvəl musavat.com-a açıqlamasında bildirmişdi ki, “Akif Çovdarov işi” ilə bağlı maddi zərərçəkmişlərlə yanaşı yalnız mənəvi zərərçəkmiş şəxslər də var.

Onların da adı ittiham aktında zərərçəkmiş şəxs kimi göstərilib: “İstintaqda biz onu da gördük ki, bəzi şəxslərə guya birbaşa mənəvi ziyan dəyib. Biz məhkəmələrdə mülki zərərlə bağlı dəymiş zərərin təmin olunmasına nail ola bilmirik. Ancaq bu cinayət işində gördük ki, bəzi şəxslərə sən demə mənəvi zərər dəyibmiş. Buna görə də, Akif Çovdarova cinayət işi açılıb. Bu cür 15 nəfər zərərçəkmiş var. Bunlar da zərərçəkmişlərin sayını artırmaq niyyəti daşıyır”.

Bildirək ki, prokuror Akif Çovdarova cəza istəyib. Dövlət ittihamçısı Çovdarovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror Səlim Məmmədov 12 il, Akif Əliyevlə Orxan Osmanovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin hamısı son sözlə çıxış edərək onlara qarşı irəli sürülmüş ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Geri qayıt