Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakının "tikinti kabusu"

Bakının "tikinti kabusu"


17-11-2017, 12:44
Bakının "tikinti kabusu"
Bakıda vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən tikinti şirkətinin vəzifəli şəxslərinin məhkəməsi davam edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayərlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Çingiz Məmmədov və İsa Məmmədov hakim qarşısına çıxarılıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə məhkəmə prosesində zərərçəkmiş Ceyhun Əliyev dindirilib.

O bildirib ki, təqsirləndirilən şəxslərdən mənzil alıb. Amma aldadılıb.

"2014-cü ildə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yaşayış binasından ev almaq üçün şirkətə müraciət etdim. Orada Rasim adlı şəxs məni qarşıladı. O, hazırda satışda mənzil olmadığını dedi. Bir müddət keçəndən sonra Rasim zəng elədi ki, satışda ev var, amma başqa şəxsindir. Gəlib danışdıq, razılaşdıq. Sonra o, məni Xətai rayonunda İsa Məmmədovla Çingiz Məmmədovun yanına göndərdi. Biz atamla getdik ofisə və hər iki şəxs, bir də Elmira xanım bizi qarşıladı. Biz 280 min dolları manata çevirib, ona 211 min manat verdik. Hətta alqı-satqı da etdik"- deyən zərərçəkmiş söyləyib ki, aldığı evin sahibinin kim olduğunu bilməyib.

O deyib ki, aldığı evi təkrarən başqasına satıblar: "Biz alanda evin əvvəlki sahibinin kim olduğunu demədilər. 2017-ci ilin yayında məlum oldu ki, mənim aldığım mənzili də başqasına satıblar".

Zərərçəkmiş qeyd edib ki, mənzilin ondan sonrakı sahibinin Sultan Sultanov olduğunu öyrənib və bu iş üzrə cinayət işi başlayanda danışıblar.

"Bu şəxslər barəsində cinayət işi başlayanda Sultan mənə zəng edib, mənzilin onun adına olduğunu söylədi. O dedi ki, bununla bağlı məhkəmə qərarı da var"- deyən zərərçəkmiş mənzilin Sultan Sultanova 2010-cu ildə satıldığını bildirib.

Təqsirləndirilən İ.Məmmədov zərərçəkmiş C.Əliyevin düzgün danışdığını deyib.

O, zərərçəkmiş şəxsdən pul alıb, evi satdığını təsdiqləyib: "Lakin Sultan Sultanova ev satılmayıb, bununla bağlı kassa məxarici olmayıb. Həmin mənzil əvvəlcə Aida xanıma satılıb, sonra isə, alqı-satqı ilə Ceyhuna satıldı".

Məhkəmədə digər zərərçəkmişlər də ifadə veriblər.

Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı şirkətin direktoru Çingiz Məmmədovun həmin vəzifədə işləyərkən şirkətin təsisçisi və faktiki rəhbəri olan İsa Məmmədovla qabaqcadan əlbir olub, cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edərək, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Onlara Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunmaqla vətəndaşlara vurulmuş ziyanın ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmələrinə baxmayaraq, bundan yayındıqlarından barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Çingiz Məmmədov “İdeal-İ İnşaat” və “İdeal-V” MMC-lərinin direktoru olub. İsa Məmmədov isə adı çəkilən şirkətlərin təsisçisi və faktiki rəhbəri olub.

İttihamda yazılır ki, təqsirləndirilən şəxslər vətəndaşları aldadaraq rəhbərlik etdikləri şirkətlərə məxsus binalarda inşa edilən evləri bir neçə nəfərə satıblar.

İlk olaraq Bakı şəhər sakini İbrahim Əkbərov polisə müraciət edərək qızı üçün “ideal-İ İnşaat” MMC-dən 148 min manata aldığı evin başqa şəxsə satıldığını bildirib.

Xətai rayon Polis idarəsinin istintaq Şöbəsidə aparılmış istintaq zamanı müəyyən edilib ki, Çingiz Məmmədov MMC tərəfindən Xətai rayonu, Xətai porspekti 29 nömrəli ünvanda tikilən binada qeyri-yaşayış sahəsini 295500 manata satdığı halda həmin obyekti başqa bir şəxsə də satıb.

İttihama görə, o təkrar olaraq həmin binada Vüqar Cavadova 90 min manat dəyərində mənzil satıb. Lakin həmin mənzili yenidən başqa şəxsə də satıb. Müseyib Dadaşov da eyni məzmunlu şikayətlə hüquq-mühafizə orqanlarına müraciət edib. Məlum olub ki, o da ev almaq üçün 10 min manat ödəsə də, həmin ev sonradan başqa şəxsə satılıb.

Bu şikayətlərdən sonra Çingiz Məmmədovun digər dələduzluq əməlləri də üzə çıxıb.

İttihamda yazılır ki, Ç.Məmədovun direktoru olduğu MMC- “İdeal-V” şirkətindən ev alan vətəndaşlar da aldadılıb.

Belə ki, 2006-cı ildə “İdeal-V” MMC tərəfindən Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717-ci məhəllədə yerləşən bir girişli, 60 mənzilli yaşayış binasından ev alan şəxslər də dələduzluqla üzləşib.

İttihama görə, onlar 2010-cu ildə satdıqları evləri yenidən 2014-cü ildə başqa şəxslərə satıblar. Onların bu əməllərinin qurbanı olanlar çoxdur.
Fərid Əsədovun 189 minə aldığı evi, 315 min manata Şövqi Səfərova, Fərid Əsədovun 81 manata aldığı evi, 117 min manata Sevinc Topçubaşova, Adil Baxşəliyevin 72 min manata aldığı evi, 120 min manata Xanputa İbadullayevə, Fuad Nəzərovun 80 min manata aldığı evi, 150 min manata İlqar Şabanova, Sultan Sultanovun 112 min manata aldığı evi, 210 min manata Rəna Rzayevaya, Səyyad Ələsgərovun 75 min manata aldığı evi, Aidə Vəzirovaya 122 min manata, Şamil Ağayevin 143 min manata aldığı evi, 283 minə Səbinə Pənahovaya, Rauf Yarməmmədovun 94 min manata aldığı evi, 163 minə Mehman Məmmədova, Sevda Kazımovanın 52 minə aldığı evi, Natalya Silkinaya 117 minə, Almaz Əhmədovanın 80 minə aldığı evi, 200 minə İlqar Abdullayevə, Ümid Əzizovun 52 minə aldığı evi, 135 minə Ceyhun İsmayılova, Orxan Cabbarovun 56 minə aldığı evi, 108 minə Qayda Ağayevə, Orxan Cabbarovun 132 minə aldığı evi, 252 minə Elnurə Həşimovaya, Səlminaz Mehdiyevanın 59 minə aldığı evi 117 minə Güne Hüseynovaya satıblar. İş üzrə digər zərərçəkmişlər də var.

İttihamdan da görünür ki, təqsirləndirilən şəxslər bir mənzili 3 dəfə sataraq, dəyərinin 4 qatında pul qazanıblar.

Qeyd edək ki, Bakı şəhərində tikinti şirkətlərinin bu cür dələduzluq əməllərinin qurbanı olan minlərlə vətəndaş var. Vətəndaşlara qarşı dələduzluq edən şirkətlərin sayı isə onlarladır.
Musavat.com

Geri qayıt