Əsas Səhifə > Cəmiyyət, Manşet > “Yüksəliş” Yaşayış Kompleksini “Yüksəliş-C” MTK ilə nə bağlayır?

“Yüksəliş” Yaşayış Kompleksini “Yüksəliş-C” MTK ilə nə bağlayır?


29-01-2018, 11:33
“Yüksəliş” Yaşayış Kompleksini “Yüksəliş-C” MTK ilə nə bağlayır?
Bakıda tikinti şirkətlərinin dələduzluğu və etibarsızlığı təzə söhbət deyil.

Bu fırıldağın üstündə milyonları mənimsəyən neçə-neçə MTK rəhbəri həbs olunub, yüzlərlə vətəndaşın pulu batıb.

► Sahibi kim, təklifi nə?

Ona görə insanlar təzə binalardan mənzil almaq istəyəndə hansı tikinti firmasının etibarlı olub-olmadığına diqqət yetirməlidirlər.

Məsələn, onlardan birinə AzEuroNews.com işıq salmalı olub. Çünki şirkətin fəaliyyəti haqda müfəssəl və səhih informasiya verilmir.

Söhbət Yasamal rayonu, H.Hüseynov 2A ünvanında inşa olunan “Yüksəliş” yaşayış kompleksindən gedir. Şirkətin barəsində heç bir ətraflı məlumat yoxdur.

Onun sahibinin kimliyi, rəsmi saytı belə internet resurslarında qarşımıza çıxmadı. Yalnız adda-budda xəbərlərdə qeyd olunub ki, “Yüksəliş” bütün mənzilləri tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif edir.

Əlbəttə, indiki Azərbaycan reallığında bu təklif inandırıcı görünmür. Ən azından mətbəx mebeli sırf reklam xatirinə elan edilib.

Ancaq digər məlumatda “Yüksəliş” Yaşayış Kompleksindən 78 m2, təmirsiz mənzil 850 manatdan təklif edilir.

Bu isə yuxarıdakı reklamı alt-üst edir – “bütün mənzilləri tam təmirli vəziyyətdə təklif edirik”.

► Çovdarovla əlaqə?

İkinci vacib məsələ şirkətin adına bağlıdır. “Yüksəliş” Yaşayış Kompleksi rəhbərinin ortalığa çıxmaması firmanın “Yüksəliş-C” MTK-ya yaxınlığı şübhələrinə yol açıb.

Bəli, bəli, yanılmadız, o “Yüksəliş-C” MTK ki, adı MTN generalı Akif Çovdarovla hallanıb.

Cahangir Alışov “Yeni Yasamal”MTK-nın və “Yüksəliş C”MTK-nin təsisçisi, ”Bərpa Tikinti”MMC-nin direktoru, ”Karvan 2010”ticarət mərkəzinin və “Yeni Yasamal”MTK-nın tikinti işlərini icra edir.

Onu məcbur edirlər ki, MTK-nın Yasamaldakı tikdiyi 16 mərtəbəli binadan ümumi dəyəri 1 milyon dollar olan bir neçə mənzili Çovdarovun adamlarının adına rəsmiləşdirsin.

Lakin 2015-ci ildə “MTN işi” üzə çıxanda mediada belə xəbərlər yayıldı ki, Cahangir Alışovun himayəçisi TN generalı Akif Çovdarov imiş.

Şikayətçilər iddia edirdilər ki, A.Çovdarovla yaxın dostluq münasibətlərindən istifadə edən MTK rəhbəri bu səbəbdən illərdir ki, “toxunulmaz” qala bilib.

İddia olunurdu ki, Cahangir Alışov Akif Çovdarovun vasitəsi ilə kiçik oğlunu MTN Akademiyasına da düzəltdirib.

Daha bir maraqlı xəbər isə bu idi ki, Masazır qəsəbəsində Akif Çovdarovun işgəncə məkanı kimi istifadə edilən istixanalarını da MTK rəhbəri tikib.

Çovdarovun həbsindən sonra isə MTK rəhbəri “valı dəyişib” və bu dəfə özünü MTN çetesinin qurbanı kimi qələmə verməyə başlayıb.

Cahangir Alışov və daha bir nəfər məhkəmədə Akif Çovdarova qarşı iddia irəli sürərək, onlardan 19 mənzilin təqdim olunmuş adamların adına keçirilməsini, 500 min dollar ödənilməsinin tələb edilməsini, sonradan isə həmin məbləğin ayrı-ayrı binalarda yerləşən 6 mənzillə əvəzləndiyini bildiriblər.

İndi ciddi sual yaranır və insanlar ehtiyat edirlər: “Yüksəliş” Yaşayış Kompleksini “Yüksəliş-C” MTK ilə nə bağlayır?
\\azeuronews.com\\
Geri qayıt