Əsas Səhifə > Cəmiyyət, Manşet > ""Hüquq müdafiəçisiyəm" deyib hər cür eybəcərliyə əl atan insanlar var"
""Hüquq müdafiəçisiyəm" deyib hər cür eybəcərliyə əl atan insanlar var"30-01-2018, 11:21 |
Azərbaycan cəmiyyətində kiçik bir qrup var ki, onlar müxtəlif peşələri özlərinə fəaliyyət növü seçərək, bundan sui-istifadə edir, şəxsi maraqlarını təmin etmək üçün şər-böhtana, yalana, iftiraya əl atmaqdan çəkinmirlər. Bu sırada bəzi "hüquq müdafiəçilərinin” adını xüsusilə qeyd etmək olar. Onlar üçün hüququn aliliyi, obyektivlik, dürüstlük tamamilə yad məfhumdur. Bu səbəbdən belə "hüquq müdafiəçiləri” insan hüquqlarını siyasi alverə, ticari predmetə çevirir, hansısa məhbusun taleyi üzərindən gəlir əldə edirlər. Zamanla daha böyük pul hərisinə çevrilən bu cür "hüquq müdafiəçiləri” məqsədlərinə çatmaq üçün qatı cinayətkarın, narkotik alverçisinin, hətta terrorçunun "siyasi məhbus” obrazını yaratmaqdan da çəkinmirlər. Söylənilənlərə ən bariz nümunə kimi, erməni xüsusi-xidmət orqanlarının təlimatı əsasında Bakı Metropolitenində vaxtilə terror aktı törətmiş Azər Aslanovun adının "siyasi məhbus” siyahısına salınmasını göstərmək olar. Hansı ki, bu şəxsin düşmənə satılması, Vətənə xəyanəti, 1994-cü il iyul ayının 3-də metroda törətdiyi terror aktı zamanı 13 nəfər dinc insan həlak olub, 58 nəfər yaralanıb. Bu əməlinə görə o, ömürlük həbs cəzasına məhkum olunub. Belə bir şəxsin adının "siyasi məhbus” siyahısına salınması bəhs etdiyimiz "hüquq müdafiəçiləri”nin əsl mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyur. Təəssüflər olsun ki, hüquq müdafiəçiliyini alver predmetinə çevirən insanlar indi də öz əməllərindən çəkinmirlər. Qadın Krizis Mərkəzinin rəhbəri, xaricdə yaşayan hüquq müdafiəçisi Mətanət Əzizova bu günlərdə "Facebok”da yazdığı statusla öz həmkarlarından birinin yuxarıda bəhs etdiyimiz əməlini ifşa edib. O, konkret ad çəkərək, "hüquq müdafiəçisi” Oktay Güləliyevi yol verdiyi əmələ görə qınayıb. Bildirib ki, O.Güləliyev Sahib Teymurov ad-soyadlı dələduzu vətəndaş cəmiyyətinə, müxalifətə soxuşdurub. O.Güləliyev hüquq müdafiəçiliyinin əsas prinsiplərini pozmaqla, ona verilən məlumatı yoxlamadan S.Teymurovu hakimiyyətin qurbanı kimi beynəlxalq təşkilatlara, xarici kütləvi informasiya vasitələrinə təqdim edib. M.Əzizovanın yazdığına görə, Qadın Krizis Mərkəzi Bakıda fəaliyyət göstərəndə Elnarə adlı HİV daşıyıcısı (yüngül həyat tərzi keçirən) S.Teymurov haqqında ətraflı məlumat verib. Bildirib ki, o, müştərilərinin telefon nömrəsini S.Teymurova verib. S.Teymurov da həmin telefon nömrələrinə zəng edib, onları şantaj edib, pul alıb. M.Əzizova iddia edib ki, internat evlərində qızlar üçün müxtəlif layihələr çərçivəsində seminarlar keçirəndə S.Teymurovun internat evlərinin rəhbərlərindən də pul tələb etdiyini eşidib. Bunu ona müdirlərin özləri etiraf edib. Məhz bu dələduzluq əməllərinə görə S.Teymurov həbs edilib. Həbsdən sonra o, Avropada sığınacaq almaq istəyib, lakin arzusuna çatmayıb, rədd cavabı alıb. M.Əzizova eşitdikləri əsasında yazıb ki, hazırda S.Teymurov Kanadada oturum izni alıb və ya almağa hazırlaşır. Bunun üçün O.Güləliyev S.Teymurova yardımçı olur, dəstək məktubları təşkil edir, onu qurban kimi qələmə verməyə çalışır. Bunun nəticəsində də PEN Club S.Teymurov haqda bəyanat yayıb onu qurban kimi tanıyıb, ardınca BBC onun haqqında yalan üzərində köklənən reportaj hazırlayıb efirə verib. Beləliklə, dələduzluq əməlinə görə həbsdə yatan S.Teymurov çoxlarını aldada bilib. Bütün bunların davamı olaraq, O.Güləliyev indi də S.Teymurovu müdafiə etməkdədir. "Siyasi məhbus”, "qurban” yarlığı alan S.Teymurov isə Kanadaya sığınaraq M.Əzizovanı və ona yaxın adamları açıq şəkildə və sosial şəbəkələrdə daxili yazışmalarda təhqir edir. Bu hadisə bir daha sübut edir ki, O.Güləliyev və onun kimi "hüquq müdafiəçiləri” əsl həqiqətdə insan taleyi üzərindən alver edir, saxtakarlığa əl atır, konkret cinayət əməlinə görə məsuliyyətə cəlb edilmiş, həbsdə yatmış insanı "qurban” kimi cəmiyyətə və beynəlxalq aləmə sırımağa çalışır. Milli Məclisin deputatı, hüquqşünas Çingiz Qənizadə O.Güləliyevin, həmçinin onun kimilərinin hüquq müdafiəçisi adı altında şəxsi və maddi maraqlarını təmin etməsinə birinci dəfə rast gəlmədiyini dilə gətirib. O, bu barədə "Kaspi”yə açıqlamasında bildirib ki, Azərbaycanda hüquq müdafiəçisiyəm deyib hər cür eybəcərliyə, çirkinliyə, qanunsuzluğa əl atan insanlar var: "Vaxtilə dövlət bu sahəyə nəzarətdə humanizm nümayiş etdirib, digər sahələrə daha ciddi istiqamət yönəldib. Bunun nəticəsində "hüquq müdafiəçiləri”nin sayı yağışdan sonra çıxan göbələk kimi artmağa başlayıb. Belələri beynəlxalq təsisatlara yalan məlumatlar ötürməklə, kimlərinsə əzabkeş obrazını yaradıb, guya onların hüquqlarını qorumaq adı altında şou düzənləməklə öz şəxsi maraqlarını təmin ediblər. Mən İmişli-Beyləqan ərazisindən – 80 saylı seçki dairəsindən Milli Məclisə seçilən deputatam. Seçicilərlə görüşlər zamanı, həmçinin apardığım araşdırmalardan mənə məlum olub ki, hətta şantaj və böhtanla məşğul olan, özünü jurnalist kimi qələmə verərək ayrı-ayrı adamlara, sahibkarlıq subyektlərinə hədə-qorxu gələn, onlardan pul tələb edən və bu əməllərinə görə həbs edilən bəzi insanların İmişli Rayon Məhkəməsində keçirilən prosesində Oktay Güləliyev də iştirak etməyə çalışıb. Oktay Güləliyev həmin adamların hüquqi nümayəndəsi, hüquqlarının müdafiəçisi rolunda çıxış etməyə cəhd edib. Lakin sonradan məlum olub ki, ədalət mühakiməsinə çıxarılan həmin şəxslərin heç biri Oktay Güləliyevə hüquqi nümayəndə olması üçün hər hansı səlahiyyət verməyib. Buna görə də o, məhkəmənin iclas zalından çıxarılıb”. Ç.Qənizadə Kür daşqınları zamanı O.Güləliyevin heç bir həqiqətə, obyektivliyə əsaslanmayan, şəxsi maraqlarından qaynaqlanan əməllərinə də diqqət çəkib: "Yəqin ki, Kür daşqınları zamanı evləri zərər görən insanlara dövlət tərəfindən lazımi yardımlar olunması hadisəsi də hamının yadındadır. Həmin vaxt Azərbaycan Prezidentinin bilavasitə tapşırığı ilə evləri zərər görmüş insanlara yüzlərlə yeni evlər tikildi. Halbuki, ziyan görən həmin evlər sığortalanmamışdı və belə olan halda dövlətin o evlərin sakinləri qarşısında hər hansı öhdəliyi yox idi. Buna baxmayaraq, ölkə başçısı böyük humanizm göstərərək, o insanların yeni mənzillərlə təmin olunmasına şərait yaratdı. Məhz o hadisələr zamanı Oktay Güləliyev evləri zədə görməyən, xəsarət almayan bir qrup insanın siyahısını tərtib edib, gizli danışıqlara gedib, şəxsi maraqlarından qaynaqlanaraq, onlara da yeni mənzillərin tikilməsi üçün müxtəlif vasitələrə əl atıb. Hətta sonradan bu adamların iştirakı ilə aksiyaların keçirilməsinə də çalışdı. Bu kimi sui-istifadə əməllərinə görə Oktay Güləliyev həbs olunmuşdu. İstər Oktay Güləliyev, istərsə də onun kimi adamlar indi də var və öz əməllərindədirlər. "Hüquq müdafiəçiliyi” ilə məşğul olan belə insanlar vətəndaşların əzabı üzərindən özlərinə nüfuz formalaşdırır, xaricə dezinformasiya xarakterli məlumatlar ötürür, pul qazanır, şəxsi maraqlarını təmin edirlər. Bu kimi insanlara qarşı yalnız və yalnız qanunun, hüququn dili ilə ciddi mübarizə aparılmalıdır”. Geri qayıt |