Əsas Səhifə > Cəmiyyət, Manşet > Köhnə binalar niyə baxımsızdır
Köhnə binalar niyə baxımsızdır1-02-2018, 12:02 |
Bakının mərkəzində, eləcə də ətraflarda, qəsəbələrdə yerləşən köhnə binaların blokları illərdir ki, qaranlığa qərq olub. Bina girişləri işıqlandırılmadığı üçün gecə saatlarında sakinlər mənzillərinə qalxmaqda çətinlik çəkirlər. Həmçinin blokların qapı və pəncərələri də bərbad vəziyyətdədir. Bu barədə “Yeni Müsavat”a müraciət edən 1-ci mikrorayonda yaşayan sakinlər bildiriblər ki, ərazidə heç bir binanın blokunda işıq yoxdur. Onların sözlərinə görə, pilləkənlərin də köhnə olması səbəbindən bir neçə dəfə qaranlıqda mənzilinə qalxmağa cəhd edən sakinlər yıxılıb xəsarət alıblar. Maraqlıdır ki, Bakıda bloklarda işıq problemi bir neçə ildir ki, davam edir. Söhbət köhnə binalardan gedir. Hansı ki, həmin binalarda nəzarətçi yoxdur və bütün işlərə elə sakinlərin özləri nəzarət etmək məcburiyyətindədirlər. Təkcə 1-ci mikrorayon deyil, Yasamal, Binəqədi, Sabunçu və digər rayonlarda da oxşar hal müşahidə edilir. Sakinlərin sözlərinə görə mənzil istismar sahəsinin işçiləri onlara bildirirlər ki, hər kəs öz qapısının ağzına işıq çəksin. Sakinlər həmçinin qeyd edirlər ki, MİS əməkdaşları günahı bina sakinlərinin üzərinə yıxırlar. Bildirirlər ki, onların çəkdikləri elektrik xətti, patronlarını oğurlanır. Ona görə də MİS əməkdaşları daha bu işə maraq göstərmir, binaları işıqsız qoyurlar... Sakinlərin sözlərinə görə, 1-ci mikrorayonda bütün bina girişlərinə qoyulan dəmir qapıları da öz vəsaitləri hesabına düzəltdiriblər. Bunun səbəbi kimi göstərirlər ki, kənar şəxslər bina girişlərindən tualet əvəzi istifadə edirlərmiş. Ona görə də bir neçə qonşu məcbur qalıb, bina girişlərinə kodlu qapı qoyublar. Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan “Azərişıq” ASC mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, şəhər, küçə işıqlandırmalarına rayon icra hakimiyyətinin balansında olan mənzil istismar sahəsi baxır: “Ancaq onlar da bunu etməyəndə abonent istədiyi zaman bizə müraciət edir, biz də sayğacdan onlar üçün xətt ayırırıq və bloku işıqlandıra bilirlər. Ümumilikdə isə dediyim kimi, qanuna görə bu işlərə MİS baxır”. İqtisadçı Natiq Cəfərli bildirdi ki, dünyanın hər yerində bu məsələləri sakinlər tərəfindən seçilmiş mənzil komitələri həll edirlər: “Ancaq əsasən bu məsələlər bələdiyyələrlə birlikdə həll olunur. Azərbaycanda isə bələdiyyə institutu yox kimi bir şeydir. Ciddi bir təsir və idarəetmə mexanizmləri yaratmayıblar. MİS-lərə gəlincə isə onlar artıq rəsmi qərara görə ləğv edilib. Sadəcə olaraq, bu qərarın həyata keçirilməsi hər il uzadılır. Əvvəllər bu sahədə özəl şirkətlərin olması ehtimalı var idi. Doğru olan da elə budur. Bir çox ölkələrin praktikasında bu cür özəl şirkətlər bina komitələri ilə müqavilələr bağlayırlar. Bu müqavilələr çərçivəsində də onlara xidmət göstərirlər. İstər işıqlandırma, istərsə də zibilin daşınması, liftlərə nəzarət olsun. Yəni bir çox kommunal xidmətləri xüsusi özəl şirkətlər göstərirlər. Bu da xidmətin keyfiyyətinin yüksəldilməsinə və sakinlərlə həmin özəl şirkətlər arasında normal münasibətlərin yaranmasına səbəb olur. İndi isə sakinlərin şikayət edəcəkləri bir qurum yoxdur. Obrazlı desək, dövlətdən də dövlətə şikayət etmək olmur. Nəticə etibarı ilə hesab edirəm ki, sadəcə, ciddi özəlləşmənin həyata keçirilməsinə start verilməlidir. Özəl şirkətlərin bu bazara buraxılması ilə bağlı qərarlar verilməlidir. Belə olarsa, sahədə ciddi dəyişikliklər baş verər və keyfiyyətli xidmət ortaya çıxar. Eyni zamanda bələdiyyə institutu da getdikcə güclənməlidir. Yəni bələdiyyələrin yerli özünüidarəetmə institutuna çevrilməsindən qorxmaq lazım deyil. Yeri gəlmişkən, gələn il Azərbaycanda bələdiyyələrin yaradılmasından 20 il keçir. Bu ötən illər ərzində Azərbaycanda bələdiyyə institutları qurulmalı idi. Təəssüf ki, bunu görmədik. Ən azından yerli özünü idarəetmədə kommunal məsələlərin onlara həvalə olunması və məsuliyyətlərinin artırılması çox vacibdir. Hesab edirəm ki, həm özəl şirkətlərin, həm də bələdiyyələrin bu işə cəlb olunması məsələnin çox ciddi şəkildə həllinə yardımçı ola bilər”. Ekspert onu da qeyd edib ki, yeni binalarda da sistem mükəmməl deyil: “Ancaq ən azından bəzi məsələlərdə kooperativin sahibləri kömək edirlər. Ancaq bu binalarda da aylıq haqları bəzən baha olur və sakinlər bundan da şikayətlənirlər. Lakin problemlər köhnə binalarda olduğu kimi deyil. Qanunverciliklə MİS-lər hazırda ləğv edilmə prosesindədir. Ancaq bu proses də sona çatdırılmayıb. Eyni zamanda bilinmir ki, bundan sonra MİS-lərin yerinə hansı sistem gələcək. Ona görə də sahədə problemlər davam etməkdədir. Əslində MİS-lərin sovet dönəmindən qalma idarəetmə forması olduğunu və ciddi bir quruma çevrilə bilməməsi artıq hər kəsə aydındır. Rəsmilər də bu barədə danışıblar. Ona görə də MİS-lərdən tamamilə imtina edilməsi və normal, müasir standartlara cavab verən idarəetmə formasına keçirməsinin zamanı çoxdan çatıb”. Geri qayıt |