Əsas Səhifə > Cəmiyyət, Manşet > 5 binanın arasında göydələn tikilir

5 binanın arasında göydələn tikilir


3-02-2018, 15:30
5 binanın arasında göydələn tikilir
Nizami rayonu, Bəhruz Nuriyev küçəsinin sakinləri binalarının qarşısında gəzinti üçün olan ərazidə tikinti aparılacağından narahatdırlar. B.Nuriyev 23/89 ünvanında yaşayan sakinlərin sözlərinə görə, adı məlum olmayan tikinti şirkətinin nümayəndələri ərazidə hazırlıq işləri aparır, ölçü götürürlər.

“Yeni Müsavat”ın müxbiri adıçəkilən ərazidə olub, vəziyyəti müşahidə edib.

Ərazidə olduğumuz zaman həmin ətrafdakı binaların sakinləri ilə həmsöhbət olduq.

Haqqında danışdığımız ərazi 5 binanın həyəti, gediş-gəliş yolu və avtomobil dayanacağıdır. Bununla yanaşı, binaların qarşısında yaradılan kiçik park isə insanların istirahət məkanıdır.

Sakinlər deyir ki, əgər həmin ərazidə çoxmərtəbəli bina tikilərsə sadalanan bütün imkanlar ləğv olunacaq: “Gördüyünüz kimi, bu ərazidə avtodayanacaq, park və 10-a yaxın çoxillik ağaclar var. Bizdə olan məlumata görə, hansısa şirkət bu ərazidə 16 mərtəbəli bina tikmək niyyətindədir. Təsəvvür edin ki, burada bina tikilsə sakinlər iflic duruma düşəcək, binalara giriş-çıxış məhdudlaşacaq. Həyətimizdə yeni binanın tikilməsi tikinti normalarına da uyğun deyil. Həm məsafə baxımından çox sıxlıq olacaq, həm də günəş şüasının qarşısı alınacaq. Beş binanın sakinləri bu yolla hərəkət edir. İki əsas yol var ki, o da məcburi şəkildə ləğv olunacaq. Avtomobil dayanacağa, əsas yola çıxmaq üçün dolana-dolana hərəkət etməli olacağıq”.

Sakinlər bildirir ki, qazıntı işlərinə başlanılsa binanın həyətinə toplaşaraq etiraz aksiyası keçirəcəklər: “ İki həftədir ki, binamızın qarşısında bünövrə qazıntısı üçün hazırlıq işləri aparılır. Bunu nə qədər gizli şəkildə aparsalar da, bəlli olur. Tikinti şirkəti bina sakinlərindən xəbərsiz, sakit qaydada öz istəklərini həyata keçirməyə niyyətlidir. Bir neçə dəfə əraziyə naməlum şəxslər gələrək, tikinti ilə bağlı müzakirələr aparıblar. Lakin bu barədə sakinlərə bir söz deyən olmayıb. Hazırlıq işlərindən bəlli olur ki, ərazidə hündürmərtəbəli binanın tikilməsi nəzərdə tutulur. Hələlik bu vəziyyətə səssiz qalırıq, qazıntı işlərinə başlanmasını gözləyirik. Əgər belə bir hal olarsa, beş binanın sakinləri ayağa qalxacaq. Həmin əraziyə toplaşıb, etiraz aksiyası keçirəcəyik. Kimsə bina tikib, pul qazanacaq deyə, bizim uşaqlarımız, qocalarımız zülm çəkməlidir. Buna imkan verməyəcəyik”.

Qeyd edək ki, həmin ətrafda başqa bir çoxmərtəbəli bina da mövcuddur. Lakin bu bina tikintisi normalara uyğun aparılıb. Sakinlərlə söhbət zamanı da həmin bina ilə bağlı hər hansı şikayətin olmadığını öyrəndik.

Binanın tikinti və satış şöbəsinə məsul olan Rizvan Məmmədov şirkətin tikinti normalarına tam riayət etdiyini vurğuladı: “Binanın tikintisi yekunlaşıb, artıq yaşayanlar var. Biz burada bina inşa edən zaman əhatəmizdə olan sakinlərin razılığını aldıq və ətrafda abadlıq işləri aparacağımıza dair vəd verdik. İki binanın həyətində bir sıra abadlıq işləri apardıq. Yeni ağaclar əkdik, yaşıllıqlar saldıq. Uşaqlar üçün atraksionlar, böyüklərin istirahəti üçün skamyalar quraşdırdıq. Bir neçə gündür ki, sakinlər tədirgindir. 20-ə yaxın sakin bizə müraciət etdilər ki, binalarının həyətində tikinti işləri aparmaq istəyirlər. Qeyd edim ki, həmin ərazidə tikinti aparmaq məsafə baxımından normalara uyğun deyil. Salınan mini park, ərazidə olan ağaclar məhv olacaq. İnsanların hərəkəti məhdudlaşacaq. Açığı desəm, bu tikinti bizim də işimizə mane olacaq. Təsəvvür edin ki, 16 mərtəbəli binanın qarşısında başqa bir çoxmərtəbəli bina olarsa, beşmərtəbəli binalara günəş şüası düşməyəcək. Ensiz bir ərazidə tikinti işləri aparmaq isə ətrafda yaşayan sakinlərin həyatını cəhənnəmə döndərəcək”.

Mövzu ilə bağlı "Yeni Müsavat"a danışan əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov tikinti normalarını belə izah etdi: “Boş sahə tikilinin sahəsindən 3 dəfə artıq olmalıdır. Əgər binanın hündürlüyü 50 metrdirsə, pəncərələr arasındakı məsafə onun 3/1 dən az olmamalıdır. Yəni 16-17 metr məsafədə olmalıdır. Bununla yanaşı, binanın həyəti əhalinin sayına görə hesablanmalıdır. Bir hektar əraziyə düşən əhali sayı 450 nəfəri keçməməlidir”.

Geri qayıt