Əsas Səhifə > Cəmiyyət, Manşet > Başçının başını ağrıdan tikili

Başçının başını ağrıdan tikili


13-02-2018, 12:00
Başçının başını ağrıdan tikili
Binəqədi rayonu, Mehdi Hüseynzadə küçəsi, ev 17 ünvanında aparılan tikintinin Biləcəri qəsəbə nümayəndəliyinə aidiyyəti yoxdur. Amma biz o tikintiyə nəzarət edirik.

Bu sözləri Axar.az-a Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə nümayəndəsi İbad İbrahimov Binəqədi rayonu ərazisində sakinlərin illərdir saldığı yaşıllıqların məhv edilməsi və Binəqədi Rayon İcra Hakimiyyəti ilə sakinlərin məhkəmə çəkişməsinə səbəb olan tikinti barədə danışarkən deyib.

İ.İbrahimov ərazidə aparılan tikinti işlərinə onların nəzarət etdiyini təsdiqləyərək, heç bir qanunsuz iş görmədiklərini bildirib:

“Sözügedən ərazidə Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin bütün parametrlərinə uyğun tikinti işləri aparılır və bu danılmazdır. Əlavə də məlumat verirəm ki, hazırda aparılan tikinti işləri tamamlanmaq üzrədir”.

İşlərə işlərinə nəzarət edən Biləcəri qəsəbə nümayəndəsi bildirib ki, tikilinin lazım olan bütün sənədləri var:

“Heç bir qurum, icra, bələdiyyə haradasa rəsmi icazə olmadan tikinti başlada bilməz. Orada nə qədər ağac olub, o ağaclar kəsilib və ya kökündən çıxarılıb, vətəndaşlar bundan şikayətçidir kimi hallar barədə mən məlumatsızam. Mən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə Biləcəri qəsəbə nümayəndəsiyəm. Bəli, müavinim Orxan tez-tez ərazidə olur. Sakinlər elə zənn edir ki, tikintini də həmin şəxs aparır. Orxan sadəcə aparılan tikintiyə nəzarət üçün ərazidə olur. Biz orada heç bir qanunsuz iş görmürük ki, bununla bağlı da yalan məlumat verim. Tikintinin aparıldığını da, əraziyə mənim və müavinim Orxanın nəzarət etdiyini də təqsdiqləirəm”.

İ.İbrahimovun sözlərinə görə, ərazidə tikinti başlatmaq, tikintini sökmək, dayandırmaq və ya həmin tikintiyə icazə vermək səlahiyyəti yoxdur:

“Mənim aparılan həmin tikintiyə ilə heç bir aidiyyətim yoxdur. Biz sadəcə həmin tikinti işlərinə nəzarət edirik. Ərazidə qeyri-yaşayış obyekti tikilib. Tikintinin kim tərəfindən aparıldığı, kimlərin tikdirdiyi barədə isə heç bir məlumatım yoxdur”.

Qeyd edək ki, Binəqədi rayonu, Asəf Zeynallı küçəsi ev 22 A və Mehdi Hüseynzadə küçəsi, ev 17-də yerləşən binalarınn qarşısında sakinlərin illərdir əkdiyi 30-dan çox ağac kəsilərək yerində tikinti aparılır. Sakinlərin Musavat.com-a verdiyi məlumata görə, tikinti Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aparılır.

Məsələ ilə əlaqədar sakinlər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət ediblər.

Geri qayıt