Əsas Səhifə > Cəmiyyət, Manşet > Sığorta şirkətləri insanları bu cür ALDADIR
Sığorta şirkətləri insanları bu cür ALDADIR23-02-2018, 10:35 |
Sürücülər avtomobillərini gündəlik baş verə biləcək qəzaların yaratdığı maddi zərərlərdən qoruya bilmələri üçün sığorta şirkətlərinə müraciət edir. Lakin bəzi şirkətlər sürücülərin məlumatsızlığından istifadə edərək, onları aldatmaqdan belə çəkinmirlər. Ümumiyyətlə, avtomobili sığorta etdirərkən istəmədən hansı yanlışlıqlara yol veririk? Bununla bağlı Metbuat.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov bildirib ki, insanlar bir çox hallarda Kasko sığorta zamanı azad olma məbləğinə fikir vermirlər: “Avtomobil sığortası 2 yerə bölünür. İcbari və Kasko sığorta. İcbari sığorta məcburi sığorta hesab olunur. Hər il olunmalıdır. Bu sığorta 3-cü şəxsə vurulan ziyanın ödənilməsi üçündür. Yəni, sığorta edənlə sığorta olunan arasında 3-cü şəxsə dəyən ziyanın ödənilməsi üçün bu sığorta müqaviləsi bağlanır. Orada 5 min manatadək ödəniş nəzərdə tutulur. Hər hansı bir şəxsin sağlamlığına xəsarət yetirilibsə, xəsarətin dərəcəsindən asılı olaraq ödəniş olunur. Əksər insan bu sığorta növünün insanın şəxsi avtomobilinə ziyan dəyən zaman ödənildiyini düşünür. Bu, yalnışdır. İcbari sığorta digər şəxslərə vurulan zərərə görə ödənilən bir sığortadır və ona görə də icbaridir. Bütün nəqliyyat vasitələri İcbari sığortalanarsa, hadisə zamanı qarşı tərəfə dəyən bütün ziyan ödənilə bilər. Kasko sığorta Kasko sığorta isə könüllü sığortadır. İnsanlar bir çox hallarda Kasko sığorta zamanı azad olma məbləğinə fikir vermirlər. Nəqliyyat vasitəsi Kasko sığortası olunan zaman orada nəqliyyat vasitəsinə dəyən zərərlə ödəniləcək minimum məbləğ göstərilir. Avtomobilə dəyən ziyan göstərilən məbləğdən aşağı olarsa, o zərəri sığorta ödəmir. Məsələn, azad olma məbləği 500 manat göstərilib və avtomobilə o məbləğdən aşağı ziyan dəyibsə, artıq onu sürücü ödəyir. Dəyən zərər 1000 manat olarsa, onun 500 manatını sürücü, 500 manatını isə sığorta ödəyir. Sürücülər aldadılır Azad olma məbləği sığorta şirkətinə görə dəyişir. 100 manatdan 1000 manatadək azad olma məbləği təklif edən sığorta şirkətləri var. Bu gün bir çox sığorta şirkətləri azad olma məbləğini artırmaqla vətəndaşlara əlverişli təkliflər verirlər. Məsələn, azad olma məbləğini 100 manat göstərməklə Kasko sığorta üçün müştəriyə 3000 manat ödəniməsi təklif edilir. Lakin azad olma məbləği 500 manat göstərilməklə bu məbləğ 2500 manata endirilir. Əksər sürücülər bu məbləği anlamadığından, ucuz Kasko sığortaya qaçırlar. Lakin əksər qəzaların zərər dəyəri 500 manatdan az olduğundan, bu hal sonradan sürücülər üçün problemə çevrilir. Sığorta şirkətləri müqavilənin şərtlərini pozur Sığorta şirkətləri bir çox hallarda müştərilərinə bilərəkdən problem yaradır. Məsələn, hadisə baş verən zaman avtomobilin hadisə yerindən kənarlaşdırılmaması deyilir. Bəzən nəqliyyatın gur olduğu vaxtlarda hadisə baş verir və avtomobili orada saxlamaq qeyri-mümkün olur. Əslində, yol polisi tərəfindən qeydiyyat aparıldıqdan sonra avtomobilin ərazidən götürülməsində heç bir problem ola bilməz. Yəni, hadisənin sxemini polis əməkdaşları çəkir. Sığorta şirkətləri polis əməkdaşlarının hazırladığı bu sənədlərə şübhəli yanaşmamalıdır. Sadəcə, bir çox hallarda sığorta şirkətləri ödənişdən yayınmaq üçün bu cür hərəkətlərə yol verirlər. Belə məhkəmələrin əksəriyyəti vətəndaşların xeyrinə yekunlaşır. Çünki burada birbaşa olaraq müqavilənin şərtləri sığorta şirkəti tərəfindən pozulur. Bu neqativ hadisələrə yol verən sığorta şirkətləri ilə yanaşı, işini düzgün quran sığorta şirkətləri də var. Amma hər bir halda, İcbari sığorta ilə yanaşı sürücülərə Kasko sığortaya da müraciət etmək tövsiyə olunur. Çünki Kasko sığorta istənilən halda avtomobilə vuran ziyana görə ödəniş edir”. Geri qayıt |