Əsas Səhifə > Cəmiyyət, Manşet > “Biz təhqirlərə dözə bilmirik...”
“Biz təhqirlərə dözə bilmirik...”26-02-2018, 12:34 |
AMEA Zoologiya İnstitutunun bir qrup əməkdaşı qurumun direktoru Elman Yusifovun onları təhqir etdiyini iddia edib. “Qafqazinfo”ya daxil olan şikayət məktubunda qeyd olunub ki, direktor İnstituta rəhbərlik etdiyi 2 il müddətində elmi-tədqiqat işlərinin aparılmasına imkan verməyib, laboratoriya avadanlıqlarını, kolleksiya materiallarını, kitabxana və laboratoriyalarda olan elmi ədəbiyyatları məhv edib: “Elmi əməkdaşlarımızn əldə etdikləri nəticələri əhəmiyyətsiz hesab edir. İnstitutun əsas fəaliyyətini yalançı biznesə, qanunsuz sahibkarlıq fəaliyyətinə yönəldib. İnstitutun bir qrup elmi əməkdaşı (9 elmlər, 12 fəlsəfə doktoru) fevralın 6-da AMEA rəhbərliyinə müraciət edib. AMEA prezidentinin, Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyinin tapşırığına əsasən şikayət xarakterli məlumatların araşdırılması məqsədilə İnstituta nümayəndə göndərilib. Lakin AMEA-dan göndərilmiş nümayəndə İnstitutu tərk edən kimi direktor E.F.Yusifov əməkdaşları bir-bir otağına dəvət edərək onları təhdid edib”. İnstitut əməkdaşları şikayətində onu da vurğulayıb ki, direktor onların dini görüşünü təhqir edir və təhqiramiz ifadələr işlədir: “Nəinki işçiləri, bütün Azərbaycan xalqını təhqir edir. Dini ədəbiyyatla bağlı iclasdakı çıxışında Azərbaycan xalqının 70%-ni debil adlandırıb. İnstitutun elmi iclaslarında bizi, dini inanclarımızı təhqir edir. İnstitutumuzda təxminən 70-80 nəfər namaz qılan adam var. Deyir ki, kim namaz qılırsa, getsin Allahşükürün idarəsinə. Bizə bildirir ki, siz bostan müqəvvalarısınız, dişi tökülmüş kaftarlarsınız, sizin aranızda zoofillər, pedofillər, onanistlər var, hələ yoxlamaq lazımdır, yəqin ki, nekrofillər də var. Sizdəki beyin yox, peyindir… Biz daha bu təhqirlərə dözə bilmirik. Bütün bunlar alim adına yaraşan hərəkətlər deyil”. “Qafqazinfo”nun əməkdaşı məsələylə bağlı, AMEA Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri namizədi Elman Yusifovla əlaqə saxlayıb. Haqqında səsləndirilən ittihamların böhtan xarakterli olduğunu deyən direktor hazırda araşdırma aparıldığını vurğulayıb: “Mən sadəcə onu deyə bilərəm ki, institutda işlər gedir, laboratoriyalar birləşdirilir, effektivlik artır. İstəyirik ki, fəaliyyətimizi müasir zamanın tələbinə uyğunlaşdıraq. Qarşımıza xeyli iddialı məqsədlər qoymuşuq və bu hədəflərin həyata keçirilməsində kimlərin potensialı çatmırsa və yaxud kimlərsə bir balaca xofludur, qorxursa, nəticədə belə söz-söhbətlər yaranır. İnstitut özü də bir ailədir və idarəsi mənə həvalə edilib. Ailədaxilində narazılıqlar ola bilər. Hazırda biz komissiya yaratmışıq və bu işlər diqqətlə araşdırılacaq. Ola bilər mənim verdiyim əmr tam icra olunmayıb, kimsə narazı qalıb. Ancaq yazılanlar çox ağır ittihamlardır və onun altına imza atan şəxslər dedikləri sözlərin arxasında durmağı da bacarmalıdır”. Direktor işçiləri zoofil, pedofil adlandırması ilə bağlı ittihama da münasibət bildirib: “Heç kimə qarşı elə sözlər işlətməmişəm. Tamamilə əsassız və qərəzli ittihamlardır. Araşdırılacaq, qoy gəlib desinlər ki, mən filankəsə bu sözü demişəm. Bu, bizim kollektivimizdə baş vermiş xoşagəlməz hadisədir və səhər işə gələndən elə bu məsələylə məşğuluq. Deyirlər, sosial şəbəkələrdə haqqımda təhqir, alçaldıcı sözlər yazılır. Baxmağa vaxtım yoxdur. Mən 14 ilə yaxındır ki, burada çalışıram. İşimiz o qədər çoxdur ki, belə mənasız ittihamlara cavab vermək həvəsində belə deyiləm. Ancaq araşdırılır, nəticəsi haqqında tezliklə hamıya məlumat veriləcək”. Geri qayıt |