Əsas Səhifə > Cəmiyyət, Manşet > Eldar Mahmudov seçkidən sonra həbs edilə bilər
Eldar Mahmudov seçkidən sonra həbs edilə bilər11-04-2018, 10:10 |
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı qeyri-müəyyənliyin seçkidən sonra aradan qalxacağı haqda məlumatlar yayılıb. 2015-ci ilin oktyabrında, parlament seçkilərinə 2 həftə qalmış vəzifəsindən qəfil alınan Eldar Mahmudovun taleyinə 2018-ci il prezident seçkisindən sonra aydınlıq gətirilə bilər. Bu günə qədər sabiq nazirin həbs ediləcəyi ilə bağlı xeyli məlumat yayılıb. Eldar Mahmudovun hələ “MTN işi”nin ilk günlərində dövlət çevrilişinə hazırlaşdığı barədə iddialar yayılmışdı. Onun bu səbəbdən işdən çıxarıldığı və komandasının zərərsizləşdirildiyi deyilirdi. Bu iddiaların heç biri rəsmi şəkildə təkzib olunmayıb. Belə iddialar var ki, aprelin 11-də keçiriləcək prezident seçkisindən sonra Eldar Mahmudovu cəzalandıracaqlar. Onun azadlıqda qalması istər ictimaiyyətdə, istərsə də hakimiyyət daxilində də ciddi narazılıq yaradıb. İctimaiyyət, xüsusən də bu və ya digər şəkildə yolu “mahmudovçularla” kəsişmiş sahibkarlar, məmurlar onun cəzasız qalmasını özlərinə təhlükə olaraq hiss etməkdədirlər. Hakimiyyətdə də bunu bilməmiş deyillər. Üstəlik, böyük bir güc nazirliyini rüşvət və korrupsiya yuvasına çevirmiş, dövlətin onurğa sütununa zərbə vurmuş bir nazirin azadlıqda qalması ilk növbədə dövlətin ziyanına işləyən amildir. Ötən ilin noyabrında Eldar Mahmudovun saxlanılmasına cəhd oldu. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar. Məlum oldu ki, Eldar Mahmudovu cinayət işi üzrə dindiriblər. Bu dindirmədən əvvəl isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudovu həbs etmişdilər. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb. Vüqar Mahmudovla bağlı Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumat da bu iddiaların həqiqliyini təsdiqləyirdi. Rəsmi açıqlamalarda vurğulanırdı ki, Vüqar Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan edilib. Vüqar Mahmudovun gözlənilmədən həbsi, bunun ardınca isə sabiq nazirin işdən çıxarılandan sonra ilk dəfə olaraq istintaqa çağırılması belə əminlik yaratmışdı ki, tezliklə Eldar Mahmudov da həbsdə çarpışan komandasının yanına göndəriləcək. 2017-ci ilin noyabrından ötən müddət ərzində bu əminlik öləziyib. Amma hələ də sabiq nazirin həbs olunacağı haqda iddialar səngimir. Bu da səbəbsiz deyil. Çünki ortada xeyli danılmaz faktlar var. Maraqlı bir məqam da o idi ki, Vüqar Mahmudovun da həbsinə qədər adı bir çox məhkəmə işlərində keçirdi. O, məhkəmələrə dəvət ediləndə özünü arxayın aparır, təkzibolunmaz faktlara baxmayaraq, yaxasını istintaqçıların əllərindən kənar saxlaya bilirdi. Belə görünürdü ki, onun arxayınlığı əmisi oğlunun əlaqələrinə köklənib. Bununla belə, həbs edilməməsi də ciddi suallar doğururdu. Bildirilirdi ki, Eldar Mahmudovu “qoruyan əllər” möhkəm olduğundan onun ən yaxın adamını da həbs etmək mümkün olmur. Lakin bir müddət keçdi, Vüqar Mahmudovun da yaxası istintaqçıların əlinə keçdi. MTN-in az qala bütün rəhbərliyi, general heyəti həbs olunduğu halda Eldar Mahmudovun istintaqdan kənar qalması bu gün də çox ciddi suallar doğurur. Üstəlik, 2017-ci ilin iyununda MTN-in sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatanda hakim Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərmişdi. Həmin qərardadın 2 aydan sonra ili də çıxacaq, amma prokurorluqdan səs çıxmır. Ötən ilin noyabrında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiq etmişdi ki, Eldar Mahmudovun istintaq idarəsinə çağırılması köməkçisinin cinayət işi ilə bağlıdır. Hələ o dövrdə də bəlli idi ki, Eldar Mahmudovun istintaqa çağırılması bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst düzəyindən verilib. Lakin sonradan Eldar Mahmudovla bağlı proses dayandırıldı. Həmin günlərdə belə xəbərlər dolaşırdı ki, Eldar Mahmudov Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən küllimiqdarda vəsait çıxarıb və istintaqa çağırılandan sonra həmin pulları qaytarmağa söz verib. Cahangir Hacıyevin özü də “Beynəlxalq Bank işi” başlayandan bir neçə ay sonra azadlıqda qaldı. Həmin günlərdə də bunun səbəbi dövlət bankından oğurladıqları pulları qaytarmaq vədi ilə izah olunurdu. Amma pulun yalnız cüzi bir miqdarı qaytarıldı. Cahangir Hacıyevin də taleyi məlumdur. Onu 15 il müddətinə azadlıqdan məhrum ediblər. Eyni ssenarinin Eldar Mahmudova da münasibətdə təkrarlanacağı haqda fikirlər səslənib. Lakin görünən odur ki, Eldar Mahmudov istintaqçılar üçün o qədər də asan “ov” deyil. Mümkündür ki, o, nazir vəzifəsində çalışdığı dövrdə əlində cəmlənən kompromat materialları hərəkətə keçirə bilib. Belə xəbərlər vardı ki, sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkə xaricində saxlayıb. Yeri gələndə kompramat məlumatların ən ziyansız hissəsini gündəmə gətirməklə əlində çox ciddi faktların olması ilə şantaj mövqeyini nümayiş etdirir. İstisna deyil ki, şantaj edilən tərəflər də Eldar Mahmudovun əlində ola biləcək kompromat “bomba”larının hansı gücdə olmasını, nələri dəyişə biləcəyini göz önünə gətirməkdə elə də çətinlik çəkmirlər. Görünən də odur ki, sabiq nazirin qurduğu kompromat “qalası” hazırda onun olduğu statusunu qoruyub saxlamasına imkanlar açır. Bütün bunlara rəğmən Eldar Mahmudovun toxunulmazlığı əbədi deyil. 1 qərarla vəzifəsindən ala biliblərsə, digər qərarla azadlığını da almaq gücü qalır... “Yeni Müsavat” Geri qayıt |