Əsas Səhifə > Cəmiyyət, Manşet > "Məhkəməyə müraciət etdiyim üçün işimdən azad olunmuşam"

"Məhkəməyə müraciət etdiyim üçün işimdən azad olunmuşam"


14-04-2018, 12:41
"Məhkəməyə müraciət etdiyim üçün işimdən azad olunmuşam"
“bp - Azərbaycan” şirkətinin sabiq işçisi Aslan Aslanov redaksiyamıza gələrək şikayətlənib. Şikayətçi bildirib ki, öz hüquqlarını tələb etdiyi üçün qərəzli şəkildə işdən çıxarılıb. Onun sözlərinə görə, 26 yanvar 2009-cu ildən 4 aprel 2018-ci il tarixədək “bp Eksploreyşn (Kaspian Si) Limited” Şirkətinin Azərbaycandakı Nümayəndəliyində davamlı işləməklə bu şirkətlə əmək münasibətlərində olub:

“Bu müddətdə cavabdeh müəssisədə ixtisas və peşəmlə əlaqədar müxtəlif vəzifələrdə işləmişəm və həm Neft-Qaz Hasilatı və Mühəndisi biliklərə və təcrübələrə sahib olmuşam. Şirkətlə əmək münasibətlərində olduğum 9 ildə əmək müqaviləsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan qaydada əmək funksiyalarımı yerinə yetirmişəm və müqavilədə hətta olmayan daha yüksək ödəniş dərəcəli mühəndislərin vəzifə və funksiyalarını bp-nin tapşırığı ilə illər boyu yerinə yetirmək məcburiyyətində qalmışam, layiqincə də yerinə yetirmişəm, işimlə əlaqədar heç vaxt mənə irad tutulmayıb. Hesab edirəm ki, cavabdeh şirkətin Sualtı Əməliyyatlar İdarəsində mən istisna olmaqla, heç bir yerli, azərbaycanlı işçilərin sayı azaldılmayıb və ştatlar ixtisar edilmədiyi halda mənim ixtisara düşməyim, işdən azad edilməyim açıq-aşkar qərəzlidir”.

Şikayətçi qeyd edib ki, onun işdən azad edilməsinin əslində başqa səbəbləri var: “Son illər ərzində şirkət daxilində texniki işçilərin, o cümlədən mühəndis və rəhbər vəzifələri tutan əcnəbi bp işçilərin milli kadrlarla əvəzlənməsi planı və şirkətin ”Sualtı Neft- Qaz Əməliyyatları İdarəsi"ndə yerinə yetirilməyib. Əksinə, ildən-ilə bu vəzifələrdə əcnəbi mütəxəssislər işə alınıb. Maraqlıdır ki, əcnəbi kadrların aldığı aylıq maaş milli kadrların maaşından dəfələrlə çoxdur. Bundan başqa, mən işçi olaraq dəfələrlə Əmək Məcəlləsinin tələblərinin şirkətin həm kadrlar İdarəsinin işçiləri, həm də rəhbər vəzifə tutan şəxsləri tərəfindən pozulmasını və işçilərlə işəgötürən arasında imzalanan əmək müqavilələrinin hamısının Azərbaycanın Əmək Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud şəkildə pozulması ilə sənədləşdirilməsini müəyyən etmişəm.

Bu qanun pozuntuları ilə bağlı bp-nin icraçı direktoru Robert Dadli və bp-nin Apstrim üzrə vitse-prezidenti Bernard Loniyə də müraciət etmişəm. Buna görə 2015-ci il tarixdən başlayaraq, rəhbər vəzifə tutan əcnəbi menecer - Nil Kitney (İngiltərə vətəndaşı) və o cümlədən İnsan Resursları İdarəsinin məsləhətçi vəzifələrini daşıyan işçilərinin təzyiqlərinə məruz qalmışam. Bu təzyiqlər nəticəsinə dərin psixoloji sarsıntı keçirərək, bp-nin Tibbi Sığorta Planı xətti ilə dəfələrlə həkimlərin müayinəsindən keçmişəm və mənə “obsessiv-kompulsiv pozuntu” diaqnozu qoyulub".

Şikayətçi bildirir ki, rəhbərliyə ünvanlandığı şikayətlərə görə bp-nin Dəniz Əməliyyatları üzrə vitse-prezidenti Elxan Mamedov tərəfindən kollektivin gözü qarşısında təhqir olunub: “Buna görə də Nəsimi Rayon Məhkəməsinə şikayət etmişəm. Bu dövrdə şirkətin prezidentinə də şirkət daxilində işçilərin hüquqlarının pozulması ilə bağlı dəfələrlə müraciət etmişəm. Nəticədə əsəb pozğunluğu keçirmişəm. Beləliklə, məhkəməyə müraciət etdiyim üçün 4 aprel tarixində işimdən azad olunmuşam. Yenidən məhkəməyə müraciət edərək işimə bərpa olunmam və 4 aprel tarixindən işə bərpa olunan günə qədər hər ay üçün 3715 AZN məbləğində məcburi işburaxmaya görə aylıq əmək haqqının və 500 000 AZN məbləğində maddi və mənəvi ziyanın tutulması barədə və işə bərpa olunacağım təqdirdə, şirkətdə davamlı işləmə müddətimin əvvəlki qaydada 26 yanvar 2009-cu il tarixdən hesablanması barədə şirkətin üzərinə öhdəlik qoyulmasını tələb etmişəm”.

Şikayətçi aidiyyəti qurumlardan bu məsələ ilə bağlı ona köməklik göstərməsini istəyib.

Məsələ ilə bağlı şirkətlə əlaqə saxladıq. Şirkətdən göndərilən yazılı cavabda deyilr ki, şikayətçi Aslan Aslanov Əmək Məcəlləsinin 11-ci maddəsinə müvafiq olaraq şirkətin biznesinin daha səmərəli icra və idarə olunması məqsədilə aparılan struktur dəyişikliyi nəticəsində bir neçə digər vəzifə ilə yanaşı bp-nin keçmiş əməkdaşı kimi onun da tutduğu vəzifə ləğv olunub: “Bu səbəbdən Aslan Aslanov Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq ixtisar haqqında xəbərdarlıq bildirişi təqdim edilməklə və müvafiq ixtisar ödənişləri verilməklə ixtisar edilib. Qaldırdığınız digər məsələlərlə bağlı bildiririk ki, şirkətin Azərbaycan hökuməti ilə imzaladığı hasilatın pay bölgüsü haqqında sazişlərə uyğun olaraq, Azərbaycanda işçilərimizin əksəriyyətini - 89 faizini Azərbaycan vətəndaşları təşkil edir. Şirkətin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz etməkdə davam edəcək. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. Bundan əlavə, bir sıra azərbaycanlı kadrlar bp-nin dünya üzrə biznesində çox yüksək beynəlxalq vəzifələrdə çalışırlar.

Elə bu həftə daha bir azərbaycanlı mütəxəssis bp-nin Avstraliyadakı bütün hasilat və kəşfiyyat biznesi üzrə rəhbər vəzifəyə təyin olunub. Həmçinin şirkət təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrların yetişdirilməsi məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak edir. BP şirkətinin iş mühiti qarşılıqlı hörmət və inam əsasında qurulub və burada bütün işçilərlə heç bir ayrı-seçkilik olmadan və şirkətin Davranış Kodeksinin əsaslarına uyğun olaraq ədalətlə, hörmətlə və ləyaqətlə rəftar olunur. Biz çalışdığımız ölkəyə və onun qanunvericiliyinə hörmət edirik. BP şirkəti ən yüksək etik standartlara sadiq qalır və etibarlı tərəfdaş olmağa çalışır”.
“Yeni Müsavat



Geri qayıt