Əsas Səhifə > Cəmiyyət, Manşet > Manatı dəfn etməyə hələ tələsməyin...
Manatı dəfn etməyə hələ tələsməyin...18-04-2018, 12:40 |
Son günlər manatın ABŞ dollarına nəzərdən guya dəyərdən düşəcəyi ilə bağlı ajiotaj yaranıb. Halbuki, Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov da bəyan edib ki, manatın dəyərdən düşməsi üçün heç bir fundamental əsas yoxdur. “Valyuta hərraclarının əksəriyyətində tələb təklifi üstələyib”- deyə, o, bildirib. Bununla belə, bəzi kommersiya bankları tərəfindən dollar satışında məhdudiyyət olduğu, kursun AMB-nin müəyyən etdiyi məzənnədən kənarlaşdırıldığı haqda məlumatlar gəlir. Xeyli müddət idi, belə xəbərlər eşidilmirdi. Səbəb nədir? Təbii ki, bu, səbəbsiz deyil. Manatın ABŞ dollarına nəzərən guya dəyərdən düşəcəyi ilə bağlı yaranan ajiotajın səbəbi heç də daxili amillərlə bağlı deyil. Bu, qonşu ölkələrdə - Rusiya ilə Türkiyədə milli valyutaların ABŞ dollarına nəzərən dəyərdən düşməsiylə əlaqədardır. Məlum olduğu kimi, ölkəmizin ən geniş iqtisadi-ticari əlaqələrində olduğu məhz Rusiya ilə Türkiyədir. Lakin, qonşu ölkələrdə milli valyutaların ABŞ dollarına münasibətdə ucuzlaşması siyasi səbəblərlə bağlıdır. Bununla belə, bu, iqtisadi və maliyyə məsələsi olduğundan, üstəlik Azərbaycanın sıx iqtisadi-ticari əlaqələrində olduğu bir ölkələrdə baş verdiyindən təbii ki, narahatlıq doğurur. Belə ki, istər rublun, istərsə də lirənin dünyanın aparıcı valyutalarına nəzərən dəyərdən düşməsinin konkret döşəmə həddi var. Yəni, hədsiz ucuzlaşma Rusiya və Türkiyəyə ixracı səmərəsiz edir. Bu ölkələrdən idxalın isə əksinə, səmərəsini artırır. Azərbaycanın isə öz ixrac potensialını genişləndirməyə böyük səylər qoyduğu bir vaxtda bunun nə demək olduğu aydındır. Odur ki, avtomatik olaraq manata da təzyiq yaranır. Ancaq manat idarə olunur. Hərçənd, 2015-ci ildə 2 dəfə devalvasiyadan sonra sərbəst üzən məzənnə rejiminə keçildiyi bəyan edildi və 2016-cı ildə də 15 %-dək ucuzlaşma baş verdi, amma bizdə valyuta bazarı inzibati yolla tənzimlənir. Bunu keçən il, yəni 2017-ci il ərzində manatın ABŞ dollarına nəzərən təqribən, 4 %-dək bahalaşması tendensiyası da sübut etdi. Belə ki, manat əslində, bundan da artıq bahalaşmaya meyilli idi. Lakin AMB kursu 1,70 manatdan aşağıya doğru düşməyə imkan vermədi. Sözüm bunda deyil. Digər tərəfdən, manatın dəyəri ABŞ dollarına nəzərən müəyyənləşdiyindən rubl və lirənin ucuzlaşması ona birbaşa təsir göstərmir. Yəni, məsələ bundadır ki, bizim milli valyuta nə türk lirəsi, nə də rus rubluyla məzənnədə əslində, birbaşa olaraq dəyər tapmır - məhz, ABŞ dollarına nəzərən münasibətə girir. Bunu da nəzərə almaq lazımdır. Yəni, Rusiya və Türkiyə ilə ortada nə qədər geniş xarakterli mal mübadiləsi də olsa da, milli valyutalarımızın qarşılıqlı məzənnəsinin son anda yenə ABŞ dollarına əsasən müəyyənlik tapdığı ciddi araşdırma tələb etmir. Düzdür, bu nöqteyi-nəzərdən də Amerika valyutasının həmin ölkələrdə bahalaşması manata təzyiqləri artırır. Ancaq təkrar edirəm, bizdə manat sərbəst bazar qanunları mexanizmi şəraitində tənzimlənmədiyinə və dəyər tapmadığına görə, ucuzlaşmır. Odur ki, qeyd etdiyim təzyiqlərin nəticəsini aşkar görmürük. Ancaq müəyyən təsirləri hiss edə bilərik və edirik də... Bəllidir ki, manatın dəyəri keçən ildən sabitləşdi. Hansı ki, ilin əvvəlində manat dollara nəzərən hətta 1,92 azn-dək ucuzlaşmışdı. Lakin sonradan il ərzində tədricən sabitləşmə başlandı və 2017-ci ilin tam sonunadək manat 4%-dək möhkəmləndi. Bu, ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin yaxşılaşmağa başlanması prosesi nəticəsində əldə olundu. 2017-ci ildən başlanan bu proses 2018-ci ilin ötən dövrü ərzində də davam edib. Belə ki, yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb, qeyri-neft ixracı 37% artım nümayiş etdirib. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir. 2018-ci ilin qalan dövründə də tədiyyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir. Düzdür, ilin əvvəlindən bəri, ölkəmizdə dollara tələbat artıb. Ötən 3 ay ərzində 1,310 milyard dollar satılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 65%-dən çoxdur. Söhbət, Neft Fondunun hərraclarda satdığı puldan gedir. Hesab edirəm, bu da iqtisadi aktivliyin bərpasıyla əlaqədardır. Yəni, hazırda iqtisadiyyatımızda vəziyyət keçən ilin bu vaxtı ilə müqayisədə fərqlidir, bir az canlanma mövcuddur. Ona görə də dollara tələb yüksəlib. Ümumiyyətlə, ölkəyə dollar gətirən xam neft ixracıdır, Türkiyəyə və Rusiyaya pomidor-xiyar, tərəvəz ixracı və sair deyil... Yəni, milli valyutamızı "əldə möhkəm" saxlamağa imkan yaradan bu faktordur. O ki qaldı bəzi banklarda ABŞ valyutasının alışının bir qədər bahalaşmasına və satışının da məhdudlaşmasına, bu, heç bir ciddi amillərə söykənə bilməz. Ölkədə fəaliyyət göstərən bütün bankların xarici valyutaya tələbatları ödənilir. AMB rəhbəri də qeyd edib ki, ölkəyə kifayət qədər nağd valyuta gətirilib. “Nağd valyutaya olan istənilən tələbatı ödəməyə hazırıq”,- deyə, E. Rüstəmov bildirib. Sözün qısası, ilin sonunadək manatın dəyərində dəyişiklik gözlənilmir. Bunu ən əsası da, neftin dünya bazar qiyməti diqtə edir... Hazırda 70 dollardan yuxarı ətrafındadır. AzVision.az Geri qayıt |