Əsas Səhifə > Cəmiyyət, Manşet > "Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır”

"Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır”


28-05-2018, 15:13
"Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır”
“Bu gün Azərbaycanda sözün əsl mənasında müstəqil siyasət yürüdülür. Bizim siyasətimiz milli maraqlar üzərində qurulub”.

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı xalqın maraqlarının siyasətin mənbəyi olduğunu və ölkədə qazanılan uğurların əsasında xalq, iqtidar həmrəyliyinin dayandığını, ölkənin beynəlxalq nüfuz və mövqeyinin daha da möhkəmləndirildiyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərarların əhəmiyyətini vurğulayan dövlət başçısı deyib ki, heç vaxt Azərbaycanın tarixi torpaqlarında ikinci erməni dövləti yaradılmasına imkan verilməyəcək: “Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır və biz bunu döyüş meydanında da sübut etmişik. 2016-cı ilin aprelində ordumuzun təmas xəttindəki şanlı zəfəri bir daha onu göstərir ki, güclü ordu müstəqilliyin qarantıdır”.

***

“Son illərdə ölkəmizin iqtisadi müstəqilliyi təmin olunur, iqtisadiyyatımız 3,2 dəfə artıb. Böyük valyuta ehtiyatları yaranıb. Bunu beynəlxalq reytinqlər də təsdiqləyir”.

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbulda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Davos iqtisadi forumunun hesabatına görə, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliyinə görə dünyada 35-ci yerdədir: “Bundan əlavə, sosial dövlət olan Azərbaycanda bu sahədə görülən işlər, icra olunan infrastruktur layihələr bir daha təsdiqləyir ki, ölkəmizin təbii resursları insan kapitalına çevrilib. Məhz Azərbaycanın təşəbbüsü ilə nəhəng neft kəmərlərinin istismara verilməsi sayəsində dənizlər, nəqliyyat infrastrukturunun qurulması ilə qitələr birləşib. Cənub qaz dəhlizinin icrası , Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı addımlar atılıb. Bununla da ölkəmizin uzunmüddətli inkişaf strategiyası təmin olunub”.

***

“1991-ci ildə ikinci dəfə müstəqillik qazanan Azərbaycan çətin sınaqlardan keçdi. O vaxtkı hakimiyyət ölkəni idarəedilməz vəziyyətə saldı, torpaqlarımız işğal olundu”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Dövlət başçısı bildirib ki, xalq nicat yolunu Heydər Əliyevi hakimiyyətə dəvət etməkdə gördü: “Çünki Heydər Əliyev hələ ölkəyə rəhbərliyinin birinci dövründə resprublika və xalq üçün böyük işlər görmüşdü. Heydər Əliyev 1990-cı il qanlı 20 Yanvar faciəsinə Moskvada öz etirazını bildirmişdi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkəmizin müstəqilliyinin dayaqları möhkəmləndi, ölkəmiz inkişaf yoluna qədəm qoydu. 2003-cü ildən sonra da ölkəmizin dinamik inkişafı təmin edildi”.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan düyanın idman ölkəsinə çevrilib. İdmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr göstərib: "Bu gün müstəqil Azərbaycan hər bir vətəndaş üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Əminəm ki, Xalq Cümhuriyyətinin qurucuları da bu günü görsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər. Bizim taleyimiz öz əlimizdədir. Bizim gələcəyimiz etibarlı əllərdədir. Bugünkü Azərbaycan bir daha onu göstərir ki, müstəqilliyimiz ən böyük sərvətimiz, xoşbəxtliyimizdir. Müstəqilliyimiz əbədidir”.

***


Geri qayıt