Əsas Səhifə > Cəmiyyət, Manşet > Deputatın obyekti əlil qocanı necə aldadıb...

Deputatın obyekti əlil qocanı necə aldadıb...


30-05-2018, 11:03
Deputatın obyekti əlil qocanı necə aldadıb...
“88 yaşlı bir kişi Xoşqədəmin göz həkimini tərifləməsindən sonra böyük ümidlə, pulsuz əməliyyat olunmaq arzusu ilə “Xəzər” TV-yə üz tutur


Ona deyirlər ki, gərək ən azı 5 dəfə bizim verilişimizin iştirakçısı olmalısan, sonra Cahid həkimin yanına pulsuz əməliyyata göndərək”.

AzEuroNews.com xəbər verir ki, bu sözləri Rüstəm Rüstəmzadə adlı feysbuk istifadəçisi yazıb.

“Ay dayı, Xoşqədəm səhiyyə naziridir?”

Onun sözlərinə görə, gözləri görməyən kişini hər gün çox çətinliklə Xoşqədəmin verilişinə gətirirlər:

“5 verilişdən sonra kişiyə Cahid həkimin üstünə, Oksigen klinikasına göndəriş (napravleniye) verirlər. Kişi sevinə-sevinə pulsuz əməliyyata gedir.

Cahid həkimin köməkçiləri isə Xoşqədəmin göndərişinə baxıb deyirlər ki, “ay dayı, bu Xoşqədəm səhiyyə naziridir, yoxsa səhiyyə şöbəsidir?

O kimdir ki, üstümüzə “napravleniye” yazır? Bizdən bir ətək pul alıb reklam edir, pulunu ver, əməliyyatını etdir”.

R.Rüstəmzadə qeyd edir ki, həmin yaşlı adam kəfən pulunu Cahid həkimə ödəyir. Əməliyyat üçün 2750 manat alırlar, əlavə 40 manat müayinə, 50 manat da analizə gedir.

“Yarım kub” söhbəti…

Lakin bu, nə Xoşqədəm Hidayətqızının efirində ilk belə fırıldaqdır, nə də “Oksigen”də…

Bir müddət əvvəl yayılan kadrlarda “Səni axtarıram”ın hansı şou quraşdırdığı ifşa edilmişdi. Meydan tv-nin yaydığı kadrlarda Hidayətqızı müsahiblərini yönləndirir.

Hətta efirə çıxarılan itkin düşmüş şəxsin daha yazıq görkəm alması üçün həkimə “tapşırıqlar” verir, “yarım kub iynə vurun getsin” söyləyir.

Sonra ATV-də yayımlanan proqram qapadıldı, çox çəkmədi ki, X.Hidayətqızı bu layihəni “Xəzər” TV-də bərpa elədi.

Ümumiyyətlə, son illərdə klinikalarla telekanalların əlbir olaraq vətəndaşları aldatması, bunun üzərindən qurduqları biznesdən pul qazanması kütləviləşib.

Efirdə reklamı gedən həkimlərə və klinikalara müraciət edən pasientlər soğan qabığı kimi soyulurlar. Əvəzində isə reytinq və reklam qazanan verilişlər işlərini davam edirlər.

Məsələn, elə saxta dərman idxalı və bu şəbəkəyə əlbir olan ginekoloq Natiq Məhərrəmov Zaur Baxşəliyevin “Bizimləsən” verilişində hər gün reklam olunurdu.

Ancaq prokurorluq tərəfindən keçirilən əməliyyatdan sonra onun da bu qanunsuzluqlarda iştirakı təsbit edilmişdi. Bu dəfə isə “Səni axtarıram” proqramı və “Oksigen” klinikası ahıl kişini aldadıb.

Günelin və 2 yaşlı körpənin ölümü

Sözügedən klinikaya gəlincə, sahibi Munir Vəliyev olduğu deyilir. M.Vəliyev keçmiş deputat, “Odlar Yurdu” universitetinin rəhbəri Əhməd Vəliyevin oğludur.

2016-cı ildə Biləsuvar sakini Həsənov Ramil Qabil oğlunun 2 yaşlı övladı həmin klinikada əməliyyat stolunda dünyasını dəyişib. Ailə klinikanı ittiham edirdi.

Binəqədi sakini, 23 yaşlı Günel Vüqar qızı Səfərli də “Oksigen” klinikasının qurbanı olub. O, ginekologiya şöbəsində cərrahi əməliyyat olunub. Əməliyyatdan sonra xəstə komaya düşüb.

Bir aydan artıq komada olan G.Səfərli həmin klinikadan çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına, oradan isə Mərkəzi Klinik Xəstəxansına aparılıb, orada dünyasını dəyişib.

O zaman qeyd olunurdu ki, Günelin ölümünə səbəbkar “Oksigen”in ginekologiya şöbəsinin müdiri İlahə Quliyevadır.

Ləman və övladı da ölür…

Bu da azmış kimi, 2012-ci ilin mayında 25 yaşlı Ləman Əzizli və onun dünyaya gətirdiyi körpəsi həkim səhlənkarlığından tələf olurlar.

Ləman “AzərTurkMed” klinikasında doğuşaqədərki 9 ay müddətində həkim Ərsadiq Turanın nəzarətində olub.

Lakin doğuş vaxtı yetişəndə Ərsadiq Turan “AzərTurkMed” klinikasında doğuş aparmaq üçün lisenziyanın olmamasını səbəb göstərərək “Oksigen” klinikasını təklif edir.

Doğuş günü həkimlər təbii doğuşun mümkün olmamasını bildiriblər və qeysəriyyə əməliyyatı etmək istəyiblər.

Bu barədə L.Əzizlinin atasına məlumat verib, icazə alıblar. Əməliyyatda Günel Səfərlinin ölümünə səbəb olan şəxs kimi adı hallandırılan İlahə Quliyeva, Arzu Məmmədova, Ərsadiq Turan və anestezioloq Tərlan Zeynalov iştirak ediblər.

Lakin razılıq alıb, əməliyata girəndən bir qədər sonra həkimlər uşağı itirdiklərini, Ləmanın həyatını qoruya bildiklərini və reanimasiyada olduğunu deyiblər.

Lakin Ləmanın ailə üzvləri zorla reanimasiya şöbəsinə girəndə gördüklərindən şok olublar. Valideynləri qızın süni nəfəs aparatına qoşulduğunu görüblər.

Ləman elə cərrahiyyə stolunda keçinib. Bu faktlar Azərbaycanın elektron mətbuatı ictimailəşdirilib.

Rauf necə öldü?

Bundan əlavə, Rauf Nəbiyev adlı pasientin də başına müsibət gətirilib. “Oksigen”də müayinə olunduqdan sonra R.Nəbiyevə öd kisəsində problemlərin olduğu deyilərək əməliyyat olunması məsləhət görülüb.

Lakin onun xərçəng xəstəsi olması gizlədilib. Klinikanın cərrahı Mübariz Əliyev tərəfindən əməliyyat olunan xəstənin öd kisəsində daha dərin problemlər ortaya çıxıb.

Xəstənin yaxınları klinikaya 2000 manat ödəyiblər. Amma R.Nəbiyev təkrar əməliyyata cəlb olunub. Bu zaman isə mərhumun yaxınları tərəfindən 4000 manat ödəniş olunub.

Onun xərçəng xəstəsi olmasını yaxınlarından da gizlədiblər. Sonda isə o, dünyasını dəyişir.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən C.Şahbazovun qəbul şöbəsinin əməkdaşı bildirib ki, sözügedən verilişdən onlara göndərişlə gələn xəstələrin heç də hamısı pulsuz müayinə olunmur:

“Əməliyyat olunacaq şəxslər əvvəlcədən araşdırılır. Kimsəsiz körpələr, uşaqlar, tək və köməksiz yaşlılar, övladı olmayan qocalar pulsuz əməliyyat olunur. Ancaq verilişdən hər göndəriş verilən şəxsi pulsuz əməliyyat etməyə heç fiziki baxımdan da imkan yoxdur. Əvvəlcə, əməliyyata alınacaq şəxslərin maddi vəziyyəti araşdırılır. Həqiqətən də əməliyyatı vacib, amma imkanı olmayan kimsəsiz uşaq və yaşlılar var ki, onların təmənnasız əməliyyatı həyata keçirilir”.

Geri qayıt