Əsas Səhifə > Cəmiyyət, Manşet > "28 may" NQÇİ-dən 3 şikayət bir arada

"28 may" NQÇİ-dən 3 şikayət bir arada


4-06-2018, 12:01
"28 may" NQÇİ-dən 3 şikayət bir arada
"28 may" NQÇİ-nin Mənzil-Kommunal Təsərrüfatında çilingər-santexnik işləyən Həsən Həsənov yenidən redaksiyamıza müraciət edərək əməkdaşımıza bidirib ki, neçə illərdir onun ixtisas dərəcəsi bərpa edilmir.

H.Həsənovun sözlərinə görə, onun ixtisas dərəcəsi SOCAR tərəfindən verilsə də, "28 may" NQÇİ-nin kadrlar şöbəsinin rəisi Ənvər Əkbərov əmri icra etmir: "Dəfələrlə "28 may" Neft və Qazçıxarma İdarəsində baş verən qanunsuzluqlar barədə "Təzadlar"a, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevə və digər aidiyyəti qurumlara şikayət etsəm də, idarənin rəisi, kadrlar şöbəsinin, mənzil-kommunal təsərrüfatı şöbəsinin, həmkarlar komitəsinin rəhbərliyi barədə heç bir tədbir görülmədi. Məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etdim, ancaq Pirallahı Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanov əsassız qətnamə qəbul etdi".

2010-cu ilin iyul ayından həkim aryışı olmasına baxmayaraq, ixtisas dərəcəsinin endirildiyini və bu günə kimi bərpa olunmadığını deyən H.Həsənov Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində iddia qaldırdığını bildirib. Lakin hakim Əkrəm Qəhrəmanov iddianı qəbul etməyib, səbəb də bu olub ki, "28 may" NQÇİ hüquqi şəxs deyil. Məsələ ilə bağlı Bakı Apellyasiya Məhkəməsi isə şikayəti qəbul etməyib. Əli hər yerdən üzülən çarəsiz H.Həsənov aidiyyəti qurum rəhbərlərindən xahişi budur ki, dərəcəsi bərpa olunsun, ona qarşı edilən bu haqsızlığa son qoyulsun.

"Hüququmuzun pozulması ilə bağlı şikayət də edə bilmirik"

H.Həsənov həmçinin "28 may" NQÇİ-nin Mənzil-Kommunal Təsərrüfatında xidməti müqavilə ilə xadimə işləyən həyat yoldaşı Quliyeva Nazilə Vəli qızının aprel ayının maaşından 172 manat kəsilməsindən şikayətlənib. Sorğusuna cavab olaraq «Kapital Bank»dan əldə etdiyi ödəniş kartı üzrə çıxarışdan həmin pulun SOCAR tərəfindən tutulduğunu öyrənib. O, həyat yoldaşının mart ayının maaşından 47 manat oğurlandığını da bildirib. Onun sözlərinə görə, mühasibatlıqdan maaşın hesaba tam köçürüldüyünü bildiriblər.

Araşdırma zamanı həmin pulun hesabdan kart vasitəsilə çıxarıldığı məlum olub. H.Həsənov deyib ki, Zaur Bağırov "28 may" NQÇİ-yə rəis gələndən vəziyyətləri daha da pisləşib: "2017-ci ilin yanvar ayından idarəyə əmr gəlib ki, Çilov adasının yerli sakinlərindən 39 nəfər işə götürülsün. Adını qoydular ki, bir illik xidməti müqavilə bağlanır. Hər fəhləyə isə 2 əmək haqqı kartı verilib. Rəis Zaur Bağırovun göstərişi ilə kartın biri idarədə saxlanılıb, digəri isə fəhlələrə verilib. Demək olar ki, hər ay maaşlardan pul tutulur. Məsələ ondadır ki, idarədəki karta nə qədər pul yüklənir, bunu heç kim bilmir. Əmək müqaviləsi yox, sığorta kartı yox, hətta əmək kitabçası da yoxdur. Məzuniyyət verilmir, həkimin arayışı qəbul olunur, amma bülleten qəbul olunmur. Niyə? Səbəbi məlum deyil. Hər gün fəhlələr 8 saat işlədilir, bu, qanunsuzdur.

Həyat yoldaşım maaşından tutulan pullarla bağlı bankdan haqqını da tələb edə bilmir. Onun əvəzinə mən gedirəm, amma bankdan deyirlər ki, şikayətçi özü gəlməlidir. O da yalnız şənbə-bazar günləri evdə olur. Həmin günlərdə də bank işləmir. İş günləri icazə də vermirlər ki, haqqını tələb edəsən. İşə getməsə gün yazılmır. Ona görə hüququmuzun pozulması ilə bağlı şikayət də edə bilmirik. 2 minə yaxın sakini olan Çilov adasında nələrin baş verdiyini görmək üçün bura xüsusi komissiya göndərilməlidir. Bu ilin yanvarından isə bizdən işsizliyə görə pul tuturlar. Nə üçündür, bunun da səbəbini bilmirik".

"O, xahişimi nəzərə alacağına, oğlumu işə götürəcəyinə söz verrsə də…"

5 övlad atası H.Həsənov əməkdaşımızla söhbətində oğlu Məhəmməd Həsənovun işsiz qalmasından da narahatlığını ifadə edib. Hərbi xidmətini Tərtərdə, «N» saylı hərbi hissədə kəşfiyyatçı kimi yerinə yetirən oğlunun hal-hazırda işsiz qaldığını söyləyib: "Dəfələrlə "28 may" NQÇİ-nin rəisi Zaur Bağırovdan xahiş etmişəm ki, heç olmasa oğlumu adi fəhlə kimi işə götürsün. O, xahişimi nəzərə alacağına, oğlumu işə götürəcəyinə söz versə də, sonralar bəhanə gətirdi ki, bunun üçün "Azneft" icazə verməlidir.

Oğlumun ərizəsinə cavab olaraq idarə rəisi yazır ki, işə qəbul SOCAR-ın İnsan Resursları Departamenti tərəfindən aparılır. İşə qəbul üçün İnsan Resursları Departamentinə müraciət etməyi tövsiyə edir. İndi nə mənim ixtisas dərəcəm bərpa olunur, nə həyat yoldaşımın problemi həll olunur, nə də oğlum işlə təmin edilir. Bundan sonra nə edəcəyimi bilmirəm. Dərdimi kimə deyim ki, mənim işimə baxsınlar? Qəzetiniz vasitəsilə aidiyyəti qurumlara müraciət edirəm ki, bəlkə səsimi eşidib mənə bir kömək edən tapıldı. Üzümü Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlıya tuturam, xahiş edirəm ki, mənimlə maraqlansın".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
\\tezadlar.az\\
Geri qayıt