Əsas Səhifə > Cəmiyyət, Manşet > Səfər Mehdiyevin işçiləri nədən bu qədər HƏYƏCANLANIBLAR
Səfər Mehdiyevin işçiləri nədən bu qədər HƏYƏCANLANIBLAR11-08-2018, 13:50 |
Ötən gün bəzi internet resurslarında gömrük orqanları, xüsusilə də Avtonəqliyyat Baş Gömrük İdarəsi haqqında Masallı rayon sakini Abıyev Cəlal Hamlet oğlunun məktubuna əsasən yalan və qərəzli məlumat yayımlanıb. Dövlət Gömrük Komitəsindən AzVision.az-a bildirilib ki, məlumatda Masallı rayon sakini Abıyev Cəlal Hamlet oğlundan xaricdən gətirdiyi nəqliyyyat vasitəsinə görə qanunvericilikdə nəzərdə tutulandan daha artıq gömrük rüsumunun alındığı iddia edilir. Dövlət Gömrük Komitəsi bildirir ki, cari ilin iyun ayının 11-də Abıyev Cəlal Hamlet oğlu xaricdən gətirdiyi nəqliyyat vasitəsinin gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün Avtonəqliyyat Baş Gömrük İdarəsinə müraciət edib. Rəsmiləşdirilmə üçün təqdim edilən sənədlərin araşdırılması prosesində risk analizlərinə əsasən avtomobilin gömrük dəyərinin aşağı göstərildiyi müəyyən edilib. Bu barədə Abıyev Cəlal Hamlet oğlu ilə qanunvericiliyə uyğun olaraq müvafiq izahat işləri aparılıb. Gömrükçülərin haqlı tələblərinə etiraz etməyən Cəlal Abıyev dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarının bank vasitəsilə ödənişini həyata keçirib. Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, Abıyev Cəlal Hamlet oğlunun yazdığı bildirilən məktubda irəli sürülən iddialar tamamilə əsassızdır və aparılan araşdırmalar nəticəsində bütün gömrük əməliyyatlarının şəffaf, asan və sürətli şəkildə həyata keçirildiyi məlum olub. Komitənin Mətbuat Xidməti olaraq bu səpkili məlumatlarla bağlı açıqlamaların sonuna adətən rəsmi mövqenin də nəzərə alınmasının ümumi işə fayda verəcəyi barədə cümlə əlavə edirdik. Ancaq bu dəfə buna ehtiyac görmürük. Çünki hər hansı fakta söykənməyən iddialar əsasında gömrük orqanlarının fəaliyyətinə kölgə düşürməyə çalışan, gömrük yığımını gömrük rüsumundan ayıra bilməyən şəxs və ya qurumların gömrük və ya digər dövlət qurumuna sual verəcək, sorğu göndərəcək səviyyəyə sahib olduğuna dair ciddi şübhələrimiz var. DİA.AZ-dan: İlk əvvəl gömrük komitəsinin reaksiyasına səbəb olan şikayət yazısının linkini təqdim edirik: http://www.dia-az.life/1/185380-gomruk-ozbashinaliqlari-tugyan-edr.html Daha sonra bildiririk ki, əslində DGK-nın bu şəkildə reaksiyası artıq bu qurumun başbilənlərinin özlərini itirmələrindən xəbər verir. Ona görə ki, hansısa mətbuat orqanı hansısa vətəndaşın başına gələnləri havadan götürmək imkanına malik deyil. Bəlkə də möhtərəm gömrükçülərimizin belə bir fitri istedadları var, amma mətbuat işçiləri belə sehrbazlığı bacarmırlar ki, kiminsə dərdindən onun xəbəri olmadan yaza bilsinlər... Yəni tam çılpaq mənzərədir ki, ortada şikayət olunası fakt da olub, şikayətçi də... Sadəcə olaraq, hər zamankı kimi DGK rəhbərliyi dərhal narazı vətəndaşı RAZI SALIBLAR və bundan sonra da özlərini ağıllı göstərərək belə bir açıqlamada bulunublar. Yəni şikayəti şübhəyə alaraq bu şikayət məktubunu yayanları da SƏVİYYƏSİZ kimi təqdim ediblər... Halbuki söylədikləri keyfiyyətsizlik daha çox bu gün vətəndaşın başına oyun açanlara daha doğma xüsusiyyətdir, nəinki vətəndaşın dərdindən yazanlara... O ki qaldı sorğu göndərməyə... Cənablar, bu bilirsiniz nəyə oxşayır... Əlinizə narazılıq haqda bir məlumat keçəndə yazmayın, bizə xəbər edin, biz də öz istədiyimiz kimi ictimailəşdirək... Çox səviyyəlisiniz VALLAH... Əslində sizləri yaxşı anlayırıq. Bu qədər özbaşınalığın fonunda ictimaiyyətdə GÖZƏLLİYİ VƏSF EDƏN AB-HAVA haqqında təəssüratlar yaratmaq olduqca çətindir. Belə bir fəaliyyət hətta insanın psixikasını belə poza bilər... P.S. Sonda onu da vurğulayaq ki, şikayət məktubunu "BakuNews.az" saytına istinadla yaymışıq. Amma yenə də cavab verməyi özümüzə borc hesab etdik. Şünki haqlı ola-ola haqsız görünmək kimi xüsusiyyətimiz yoxdur... Geri qayıt |