Əsas Səhifə > Cəmiyyət, Manşet > Göydə uçan təyyarə biletləri
Göydə uçan təyyarə biletləri13-09-2018, 11:18 |
Azərbaycanda hava nəqliyyatının fantastik qiymətə olması heç kəsə sirr deyil. Hava nəqliyyatı o qədər baha başa gəlir ki, Azərbaycandan Avropaya uçmaq istəyən şəxslər, Tiflisə getməyə üstünlük verirlər. Qiymətlərin baha olması bir yana, sərnişinlər təyyarələrin köhnə olmasından və xidmətdən da şikayətçidirlər. Faktiki olaraq, İstanbul və Moskva ən çox səfərlərin edildiyi yerlərdir. Bu reyslerdə onsuz da müştəri olur deyə, köhnə təyyarələr uçuşa buraxılır. Qiymət uçuş kilometrinə görə, ABŞ və Avropaya uçmaqla təxminən eynidir. Təkcə AZAL deyil, “Türk Hava Yolları” da həm bahadır, həm də Avropa uçuşlarında göstərdiyi xidmətin onda birini Azərbaycan üçün etmir. Qiymətin baha olması təbii ki, turistlərin ölkəyə gəlişinə də əngəl yaradır. Hava nəqliyyatının baha qiyməti və bunun səbəbləri barədə iqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlama verib. Natiq Cəfərli bildirib ki, istər “Türk Hava Yolları”nın, istərsə də, digər xarici şirkətlərin sərnişindaşıma xidmətini baha qiymətə həyata keçirməsinin əsas günahkarı AZAL-dır: “AZAL birgə reyslərin olmasında israrlıdır. Həmin reyslərdən böyük payı və gəliri var. Bundan başqa bizim hava limanında xidmət haqqı kifayət qədər bahadır. Heydər Əliyev adına hava limanı dünyanın ən baha xidmət göstərən hava limanlarından biridir. İstər təhlükəsizlik xidməti olsun, istər təmizlik xidməti, istərsə də təyyarələrin yanacaqla doldurulması kifayət qədər bahadır. Xidmət haqqının baha olması qiymətlərə də təsir göstərir. “Türk Hava Yolları”na məxsus təyyarələr Tiflis-İstanbul reysini Bakı-İstanbul reysindən 2-3 dəfə ucuz qiymətə həyata keçirir. Bu da Tiflis hava limanı xidmətlərinin Bakıya nisbətən ucuz olmasının nəticəsidir”. AZAL-a gəldikdə isə ekspert bildirib ki, AZAL yeganə, hegemon, inhisarçı şirkətdir: “AZAL digər şirkətlərin Azərbaycana gəlməsinə imkan vermir. AZAL inhisarçılıq mövqeyindən istifadə edərək, qiymətləri diqtə edir. Qiymətlərin baha olmasının ən böyük səbəbi rəqabətsizlik mühitidir. Nə qədər ki ölkədə, əsasən də, hava daşımacılığında rəqabət mühiti yoxdur, turistlərin Azərbaycana gəlməsinə və Azərbaycan vətəndaşlarının xaricə səfər etməsinə şərait yaranmayacaq. Gürcüstanda aparılan araşdırma onu göstərdi ki, son 5 ildə Gürcüstan hava limanlarının daha ucuz şərtlərlə işləməsi və dünyaca məşhur 12 şirkətin Gürcüstan bazarında iştirakına hökumətin icazə verməsi turistlərin sayında kəskin artıma səbəb olub. 5 il öncə ildə 3 milyon turist qəbul edən Gürcüstan hazırda artıq 7 milyon turist qəbul edir. Hətta bu il turist sayının 8 milyon olacağı gözlənilir. Gürcüstan dünyada turist qəbulunun ən çox artdığı 5 ölkədən biri olub. Bu da hava limanının işləmə qaydalarından və Gürcüstan hökumətinin rəqabətli mühitin yaradılmasında maraqlı olmasından irəli gəlir. Azərbaycanda turizmin ləng inkişaf etməsinin əsas səbəblərindən biri məhz AZAL-ın inhisarçı mövqedə olmasıdır. Ona görə də, bu aviaşirkət biletləri kifayət qədər baha qiymətlərlə satır”. AZAL-ın bu qədər baha qiymətə bilet satmasına rəğmən hələ də ziyanla işləməsinə gəldikdə isə Natiq Cəfərli bunları deyib: “Şəffaflığın olmaması, xidmətlərin, satınalmaların şişirdilməsi, korrupsiya faktları ehtimalının yüksək olması maya dəyərinə təsir göstərir və şişirdilmiş maya dəyəri də şirkətin ziyanla işləməsinə səbəb olur. Əslində isə AZAL dövlətdən ən çox dəstək görən şirkətlərdən biridir. Həm təyyarələrin alışı və təmiri, həm də hava limanının tikinti və təmiri dövlət büdcəsi hesabına aparılır. AZAL-ın tez-tez vergi və kommunal borcları silinir. Bütün bunlara baxmayaraq, AZAL rəsmi rəqəmlərə görə, hələ də ziyanla işləyən şirkətlərdən biridir. Bu da AZAL-da idarəetmənin kökündən pis olduğunun bariz sübutlarından biridir”. Hazırkı durumdan çıxış yolu barədə danışan ekspert qeyd edib ki, bazara müstəqil oyunçular və sayılıb-seçilən şirkətlərin daxil olmasına, onların burada çalışmasına imkan verilməlidir: “Azərbaycana bir neçə şirkətlər gəlib, ancaq AZAL-ın inhisarçılığına və qiymətlərə görə ölkədən getməyə məcbur olublar. Bazar tam açılmalıdır. Hava limanının xidməti AZAL-dan alınmalı və tamamilə ayrı şirkətin nəzdində olmalıdır ki, rəqabət yaransın, nəticədə keyfiyət dəyişikliyi baş versin”. AZAL-ın özəlləşdirilməli olduğunu deyən Natiq Cəfərli bildirib ki, şirkət dövlətin belində ağır yük kimi qalıb: “AZAL həm dövlətdən böyük həcmdə vəsait alır, həm də qeyri-effektiv fəaliyyət göstərir. AZAL-ın özəlləşdirilməsi sadaladığım digər məsələlərlə birgə paralel aparılsa, 1-2 ildən sonra Azərbaycanda rəqabətli bir mühit yarana və Azərbaycan vətəndaşlarının Gürcüstan üzərindən xaricə uçmasının qarşısı alına bilər”. Qeyd edək ki, rəsmi rəqəmlərə görə il ərzində Gürcüstandan xaricə səfər edənlərin 15-20%-ni Azərbaycan vətəndaşları təşkil edir. Əlavə olaraq bildirək ki, prezident İlham Əliyev də AZAL-da bilet qiymətlərinin baha olmasını vurğulayaraq, bunları deyib: “Aviabiletlərin qiyməti bəzi hallarda süni şəkildə qaldırılır. Sual olunur: nəyə görə? Nə üçün? Yüksək xidmət göstərilir. Mən bunu alqışlayıram. Doğrudan da bizim AZAL şirkətimiz yüksək xidmət göstərir. Bunu mənə AZAL-ın təyyarələri ilə gələnlər deyirlər. Mən bunu alqışlayıram. Ancaq Azərbaycan yanacağı xaricdən almır, özü istehsal edir. Başqa ölkələrə nisbətən ağ neft ucuz qiymətə verilir axı! Nə üçün qiymətlər bahadır? Bütün təyyarələr dövlət büdcəsinin vəsaiti hesabına alınır, bütün aeroportlar dövlət hesabına tikilir, bütün şərait dövlət hesabına yaradılır. Nəyə görə biletlərin qiyməti başqa ölkələrə, şəhərlərə nisbətən baha olmalıdır? Nə üçün? Ona görə, mən tapşırıram hökumət, Maliyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi bu məsələ ilə məşğul olsunlar. Həm müqayisə aparın, həm də burada tənzimləmə mexanizmi, hər şey şəffaf olmalıdır və qiymətlər süni şəkildə qaldırılmamalıdır”. www.yenicag.az Geri qayıt |