Əsas Səhifə > Cəmiyyət, Manşet > “Hökmranlıq edən” başçıların işinə son verilir
“Hökmranlıq edən” başçıların işinə son verilir31-10-2018, 11:32 |
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəzi icra başçılarını, yüksək vəzifələr tutan bir sıra digər mərmurları yarıtmaz fəaliyyətlərindən dolayı sərt tənqid edib. Onları vətəndaş-məmur münasibətlərində diqqətli olmağa çağırıb. Ölkə başçısı çıxışlarının birində qeyd edir: “İnsanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür. Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəzi icra başçıları nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək”. Ölkə başçısının oktyabrın 30-da imzaladığı sərəncamlar İcra hakimiyyətlərində yeniləşdirmənin bariz göstəricisidir. Belə ki, Prezidentin dünən imzaladığı sərəncamlarla Vüqar Teyyub oğlu Zeynalov Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin, Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin, Tahir Nadir oğlu Məmmədov isə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İctimaiyyətin də marağına səbəb olan təyinatlarla bağlı səsləndirilən əsas fikir Azərbaycanda icra başçıları ilə bağlı “harın, özbaşına, rüşvətxor, qarnı ayağına sallanan kiçik padşahlarla” bağlı stereotiplərin dağıdılmasıdır. Heç kimə sirr deyil ki, media adından istifadə edən bəzi şəxslər məhz “kiçik padşahlıqda” gedən hərc-mərcliklərin gizlədilməsindən dolayı icra başçılarına “pul tələsi” kimi baxır... Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininü üzvü Vahid Əhmədov Modern.az-a danışarkən gənclərin yüksək vəzifələrdə irəli çəkilməsini təqdir etdiyini bildirib: “Cənab prezidentin bu təyinatları həm də gənc kadrlar üçün böyük məsuliyyətdir. Çünki bir rayonun idarə olunması asan məsələ deyil. Əsas məsələ rayona investisiya cəlb edilməsinə, sosial-iqtisadi inkişafa nail olmaq, dövlət və xarici qurumlarla əlaqələri inkişaf etdirməkdir. Bu baxımdan başçılar diqqətli olmalıdırlar”. V.Əhmədov həmçinin, qeyd edib ki, böyük bir rayonun idarə olunması təcrübə tələb edir: “Səbailə başçı təyin olunan Vüqar Zeynalovu şəxsən tanımıram. Tərcümeyi-halında sonuncu iş yeri kimi Nizami Kino Mərkəzinin direktoru olduğu göstərilib. Bu baxımdan hesab edirəm ki, o, daha məsuliyyətli olmalıdır. Şamaxıya təyin olunan Tahir Məmmədovu isə İTV-dən yaxşı bir jurnalist kimi tanıyıram. Daha sonra nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müşaviri kimi fəaliyyət göstərib. Hər ikisi gənc kadrdır. Təyin olunduqları vəzifə isə böyük məsuliyyət və təcrübə tələb edir. Ümid edirəm ki, onlar bu vəzifələrinin öhdəsindən gəlməyə çalışacaqlar”. Parlamentari Azərbaycanda icra başçıları ilə bağlı illərdir davam edən mənfi rəylərin yeni təyinatlarla aradan qalxacağına ümid etdiyini vurğulayıb: “Kadrlar yenilənir, gənclərə üstünlük verilir. Mən hesab edirəm ki, bu yenilənmə davam edəcək və rayonlarda “hökmranlıq edən” bəzi başçıların fəaliyyətinə ölkə başçısı səviyyəsində qiymət veriləcək. Necə ki, bu indi də davam edir”. Geri qayıt |